Avropa Məhkəməsindən Azərbaycana 135 min avroluq cəza

esabeli_1Dekabrın 17-də Avropa İnsan Haqları Məhkəməsi 2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkilərilə bağlı 14 şikayət üzrə qərarını açıqlayıb. Bu barədə vəkil Əsabəli Mustafayev məlumat yayıb. O bildirib ki, Avropa Məhkəməsi açıqlanan qərarda ərizəçilərin seçki hüququnun pozulduğunu təsdiqləyib.

Qeyd edək ki, Əsabəli Mustafayev ərizəçilərdən ikisinin hüquqlarını müdafiə edib. Vəkilin sözlərinə görə, görə Azərbaycan hakimiyyəti 12 işin hər biri üzrə dəymiş mənəvi zərərə görə 10 min, 2 iş üzrə isə 7500 avro məbləğində kompensasiya ödəməlidir.

Vəkil deyir ki, məhkəmə bu işləri siyahıdan çıxartmaqdan imtina edib və bu o deməkdir ki, Nazirlər Komitəsi işlərin icrasını nəzarətə götürəcək.

Avropa Məhkəməsinə şikayət edənlər bunlardır: Xalid Bağırov, Tural Abbaslı, Yeganə Hacıyeva, Əlayif Həsənov, Xəyyam Məmmədov, Əli Qasımlı, Təzəxan Mirələmli, Pərviz Həşimov, Natiq Cəfərov, Eyyub Ümidov, Vüqar Əliyev, Möhübbət Cabbarov, Vahid Cəfərov və Razi Abbasov.

Yeganə Hacıyeva və Xəyyam Məmmədova 7500, qalanlarına isə 10000 avro məbləğində təzminat ödənilməlidir.

Bundan başqa, hökumət vəkil xərclərinə görə də təzminat ödəyəcək.

Əsabəli Mustafayev qeyd edib ki, qərar gecikdiyinə və pozuntular eyni olduğuna görə məhkəmə onları birləşdirmək qərarına gəlib.