Neftdən asılı ölkələrdə, o cümlədən Azərbaycanda devalvasiya, işsizlik və başqa problemlər yarana bilər
ABŞ Konqresinin Aşağı Palatasının sədri Pol Rayan çoxdan gözlənilən bir məlumat verib. ABŞ konqresinin liderləri 40 illik neft ixracı qadağasının ləğvini nəzərdə tutan maliyyə planı ilə bağlı razılığa gəlib.
Xam neftin qiymətinin son 11 ilin ən aşağı səviyyəsinə düşməsinin ardından ABŞ-ın dolları bahalaşdırma qərarı verəcəyinin gözlənilməsi və neft ixracı qadağasının aradan qaldırılacağı xəbəri də neftin ucuzlaşmasına səbəb olan amillərdən sayılır.
Görəsən, ABŞ-ın neft ixracına qadağanı aradan qaldırması bazara necə təsir edəcək? Qiymətlərin hansı həddə qədər düşəcəyi də müzakirə mövzusudur.
Iqtisadçı-ekspert Qadir Ibrahimli də hesab edir ki, embarqonun götürülməsi neftin qiymətinin daha da ucuzlaşmasına gətirib çıxaracaq. Ekspertin sözlərinə görə, bu, çoxdan gözlənilən addımdır və artıq rəsmi qərar da var:
“Bununla da ABŞ nefti dünya bazarına çıxmağa başlayacaq. Bu isə neft ölkələri, eləcə də Azərbaycan üçün yaxşı nəticəyə gətirməyəcək. Azərbaycan neftinin satış qiymətində təbii ki, azalmalar qeydə alınacaq. Bu isə neftdən asılı olan ölkəmiz üçün yaxşı heç nə vəd etmir. Məsələ növbəti devalvasiya, işsizlik, dövlət və özəl sektorda kütləvi ixtisarların aparılmasına gətirib çıxara bilər”.
Nigar




