«Büdcə cərimələrlə dolmayacaq, ölkədə talanın qarşısını almaq lazımdır»
Elçin Şıxlı: «Köhnə sovet havası hakimiyyətdəki bəzi qrupların başından çıxmayıb»
Hakimiyyətin repressiv siyasəti davam etməkdədir. Eyni gündə hüquq müdafiəçisi Leyla Yunusunu azadlığa buraxılması və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbs olunması da bunu bir daha sübut edir. Baş verənlər həm dəhakimiyyətin siyasi məhbus probleminin həlli istiqamətində real addımlar niyyətində olmadığının da göstəricisidir. Məsələn, dünən dövlət ittihamçısı həbsdə olan jurnalist Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istəyib. Mirqədirovun əməkdaşı olduğu “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı ilə müsahibəyə bu məsələdən başlasaq da, bir sıra başqa mövzular ətrafında da söhbətimiz oldu:
– Hüquqi məqamları kənara qoysaq, ümumiyyətlə, Rauf Mirqədirov həbs olunmamalı idi. Ona yeddi il həbs cəzası istənilməsinə gəlincə, sözün düzü, mən daha çox cəza veriləcəyini gözləyirdim. Hətta həmkarlarımızdan biri məndən soruşdu ki, nə baş verib, Rauf Mirqədirovun ittiham olunduğu maddəni dəyişiblər? Cinayət Məcəlləsinin 62-ci maddəsini rəhbər tutaraq, Rauf Mirqədirova ittiham verilən maddədəki minimum cəzadan da az cəza istəyiblər. Bu, ona kəsilməli cəzanın yumşaldılması istiqamətində addımdır. Hətta dövlət ittihamçısı da müəyyən mənada, cəzanın yumşaldılmasına gedirsə, deməli, nəsə işıq ucu var. Ayın 23-də növbəti məhkəmə iclası olacaq və Rauf Mirqədirovun özünə söz verəcəklər. Hər halda, mənim ümidim var ki, cəza bir qədər də yumşaldılacaq. Indidən danışmaq istəmirəm. Iyirmi ay gözləmişik, bir həftə də gözləyək.
“Mütləq şəkildə Azərbaycanın başına çətin günlər gələcək”
– Bu yaxınlarda Leyla Yunus azadlığa buraxıldı, siyasi məhbus siyahısındakı yeri boş qalmadı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbs olundu. Səbəb kimi isə “facebook” səhifəsində yazdığı status oldu…
– Bu hərəkətlərdə heç bir məntiq yoxdur. Adamları yalnız fikirlərinə görə tutmaq, hədə-qorxu gəlmək qanuna ziddir. Azərbaycan qanunlarında fikir azadlığı haqda bəndlər var. Istənilən şəxs fikirlərini azad şəkildə ifadə edə bilər. Belə təqdim olunur ki, guya, hakimiyyəti qanunsuz yolla devirməyə cəhd olub. Əvvəla, bunu sübut etmək lazımdır.
Ümumiyyətlə, dünyada gedən prosesləri nəzərə alsaq, 2016-cı ildə Azərbaycanda vəziyyət heç də asan olmayacaq, gərgin olacaq. Neftin qiymətinin düşməsi, beynəlxalq aləmin iki hissəyə bölünməsi, proqressiv dünyanın Rusiyaya qarşı mübarizə aparması və digər iqtisadi proseslər Azərbaycanın başında çatlaya bilər. Mütləq şəkildə Azərbaycanın başına çətin günlər gələcək. Belə bir məqamda biz özümüzü içəridən yeməməliyik. Haqlı yerə narazılığını ifadə edən şəxsləri həbs etməklə məsələ həll olunmur. Görünür, hələ də köhnə sovet havası hakimiyyətdəki bəzi qrupların başından çıxmayıb. Məntiqli deyil axı, bir tərəfdən bir siyasi məhbusu azad edirsən, digər tərəfdən isə başqasını siyasi baxışlarına görəhəbs edirsən. Bunlar olmamalıdır. Hamımız gözəl bilirik ki, üzümüzə gələn il dəhşətli olacaq.
“Neft milyonları sağa-sola xərcləndi, dağıdıldı”
– Hakimiyyətin islahatlar aparacağı ilə bağlı gözləntilər vardı. Amma iqtisadi islahatlar, o cümlədən monopoliyanın aradan qaldırılması, korrupsiyaya qarşı real mübarizə əvəzinə, vətəndaşlara tətbiq olunacaq cərimələr artırıldı. Sizcə məqsəd nədir? Cəmiyyətin gözünü qorxutmaq, yoxsa bu yolla büdcəni doldurmaq?
– Cərimə ilə büdcəni doldurmaq olmaz. Ilk növbədə büdcənin talan olunmasının qarşısını almaq lazımdır. Cərimələr dəryada bir zərrədir. Azərbaycan neftin qiymətinin yüksək olduğu vaxtlarda külli miqdarda dollar əldə edirdi. Bizə elə gəldi ki, ömür boyu belə olacaq, göydən başımıza milyonlar yağacaq. Bu milyonlar isə sağa-sola xərcləndi, dağıdıldı. Indi birdən-birə bu pullar kəsildi. Puşkinin “Qızıl balıq” poeması var. Balıqçı qızıl balığın sayəsində ən zəngin adamlardan birinəçevrilir. Sonda o, qızıl balığın padşahı olmaq istəyəndə qızıl balıq hər şeyi dağıdır və hər şey əldən çıxır. Biz özümüzü bu vəziyyətə salmamalıyıq. Böyük bir nazirlik ləğv edildi. Məlum oldu ki, onlar quldurluqla, şantajla, talanla məşğul olublar, dünyada ən ağır cinayətlərin hamısına əl atıblar. MTN-in səlahiyyətləri iri idi. Amma digər nazirliklər də “zəif işlərlə” məşğul olmurlar. Özü də o adamlar ki, deyirlər, “gəlin cəriməni artıraq, büdcəni dolduraq”. Xeyr, büdcə cərimələrlədolmayacaq. Əgər məsələ cərimə ilə həll olunacaqsa, o zaman gəlin, hərəmiz ayda büdcəyə heç olmasa, 10 manat ödəyək ki, büdcə dolsun. Büdcə talandı. Rüşvəti kənara qoysaq, kölgə iqtisadiyyatını aşkar etsək, heç bir cəriməyə ehtiyac qalmayacaq.
Bizim zəif yerimiz odur ki, vaxtımızı itirdik. Biz gərək vaxtında – neftin qiyməti yüksək olanda gələn pulları düzgün istiqamətdə xərcləyərdik. Qeyri-neft sektorunun inkişafı, orta və kiçik biznesin kreditləşdirilməsi əsas yol olmalı idi. Beləolsaydı, indi cərimələri artırmaq zərurəti qarşısında qalmazdıq.
“Rusiyanı SSRI-nin aqibəti gözləyir”
Təxminən 12 il Irana qarşı embarqo vardı, bu ölkə neft-qaz ixrac edə bilmirdi. Buna baxmayaraq, Iran iqtisadi cəhətdən müəyyən sıxıntılar keçirsə də, çökmədi. Çünki Iranda neft-qaz sektoru ilə yanaşı, digər sahələr də inkişaf edib. Orada dövlət müəssisələrilə yanaşı özəl, kiçik və orta biznes də var. Yəni Iranda Qərb modeli olmasa da, ölkə iqtisadiyyatının ölməməsi üçün zəmin idi. Amma Sovet Ittifaqındakı iqtisadiyyat ekspensiv iqtisadiyyat idi. Həmin iqtisadiyyatda xammal və neft-qazdan asılılıq yüz faiz idi. Rusiya iqtisadiyyatında da heç nə dəyişməyib. Sovet dövründəki iqtisadi mexanizmlər, iqtisadi amirlik sistemi əvvəlki kimi qalıb. Ona görə də neftin qiymətinin aşağı düşməsi Rusiyanın “belinin sınması” deməkdir. Təsəvvür edin, Iran da öz qoşunlarını Suriyadan çəkir. Nəticədə Iranın üzərindən bütün sanksiyalar götürülür. Beynəlxalq Atom Agentliyi məlumat yayıb ki, Iranda nüvə silahını yaratmaq üçün heç bir hərəkət olmayıb. Bütün bunlardan sonra embarqo götürüləcək, Iranın neft-qazı bazara çıxacaq. Bundan başqa, ABŞ da öz neft-qazının bazara çıxmasını təmin edir. Təsəvvür edin bu iki böyük mənbədən bazara neft çıxacaq. Bundan sonra neftin qiyməti daha da enəcək. Bunun nəticəsində bəs kim uduzacaq? Əlbəttə ki, Rusiya. Çünki Səudiyyə Ərəbistanında, ərəb ölkələrində neftin barrelinin dəyəri on dollardan bir qədər artıqdır. Amma Rusiyada bu rəqəm həddindən artıq çoxdur. Rusiya yeni texnologiyalara sahib deyil. Rusiyada neft torpağın daha dərin qatlarındadır. Burada neftin bir barrelinin əldə olunması üçün 40-50 dolları aşan texnologiya tətbiq edilməlidir. Rusiya iqtisadiyyatı tamamilə xammaldan asılı olduğuna görəvəziyyəti daha da ağır olacaq. Rusiya iqtisadiyyatını SSRI-nin aqibəti gözləyir.
Bununla yanaşı, Rusiya bir hərbi kampaniyaya girişib. Fəal hərbi əməliyyatlar milyonlarla pul deməkdir. Rusiya embarqo, neftin kəskin ucuzlaşması fonunda hərbi xərclərini ödəyə bilməyəcək. Bunun üçün Rusiyanın mənbəyi yoxdur. Azərbaycanda da oxşar vəziyyətdir. Düzdür biz, Rusiya kimi dövlət deyilik. Amma biz iri dövlətlərin qarşıdurmasının altında qalmamalıyıq.
“MTN-dəki adamlara inam qalmamışdı”
– MTN ətrafındakı son hadisələr, o cümlədən bu qurumun ləğv edilərək, onun bazasında iki strukturun yaradılması sizcə, hansı zərurətdən irəli gəldi?
– Görünür, vəziyyət elə yerə gəlib çatdı ki, bu addım atılmalı idi. O strukturda olan insanlara inam qalmamışdı. Ona görə yeni iki struktur yaradıldı. Bir struktur kəşfiyyat, digəri isə əks-kəşfiyyatla məşğul olacaq. Bu əslində, çoxdan belə olmalı idi. Ümumiyyətlə, güc strukturları ilə bağlı bir tendensiya var. Gücün uzun müddət bir əldə cəmləşməsi belə nəticələnir. Bu baxımdan, atılan addım doğrudur. Təki işin məğzi dəyişsin.
Amma maraqlı məqam ondan ibarətdir ki, xarici kəşfiyyatın başında duran adam cavandır. Onun otuz səkkiz yaşı var. Daha bir maraqlı məqam budur ki, onu geniş ictimaiyyət də çoxu tanımır.
“Günəşli”dəki faciənin miqyasının böyüklüyü səhlənkarlıq üzündən olub
– Bəs “Günəşli” neft yatağında baş verənlər barədə nə düşünürsünüz? Sizcə, bu hadisəyə görə məsuliyyət kimin üzərindədir?
– Mən bu sahədə mütəxəsis olmadığım üçün qəti fikir söyləməkdən çəkinirəm. Azərbaycanda estakadalar 12 metrlik dalğalar üçün nəzərdə tutulub. Amma təbiətin işidir, müxtəlif hadisələr ola bilir. O başqa məsələ ki, fəlakətin miqyasının bu dərəcədə olması səhlənkarlıq üzündən olub. Xaricdə heç kim təhlükəsizlik kəməri taxmadan avtomobili idarə etməz. Amma bizdə buna yol verilir. Istintaq gedəcək, günahkarlar üzə çıxarılmalıdır. “Günəşli” yatağında yanğın hələ də söndürülməyib. Bəzi məlumatlara görə, neftin yayıldığı ərazi 300 kvadrat kilometr ərazisini əhatə edib. Bu, Meksika körfəzindəki fəlakətə bənzəyir. Bu ekoloji fəlakətə səbəb ola bilər. Ümumiyyətlə, ekoloji baxımdan neftin ofşor çıxarılmasına qadağa qoyulması məsələsi çoxdan müzakirə predmetidir. Bu isə Azərbaycana ciddi zərbə vuracaq. Çünki bizim əsas yataqlar məhz dənizdədir.
Azərbaycan hökuməti neftin dağılmasını demir. Bunu Rusiya və digər ölkələrin mətbu orqanları yayır, ortaya şəkillər qoyur. Biz isə bunu gizlədirik. Nəzərə almaq lazımdır ki, biz Xəzərin digər təbii nemətlərindən də pul qazanırıq. Ekologiyanın məhv olması qara kürünün əldə olunmasına da təsir göstərəcək.
“Nardaranlılar bu ölkənin vətəndaşı deyildi?!”
– Nardaran hadisələrilə bağlı da fikirlərinizi bilmək maraqlıdır…
– Nardaran bu günün problemi deyildi. Müstəqillik əldə olunandan Nardaran var və bəzi məqamlar sirr olaraq qalır. Niyə bu addımlar atıldı? Burada Iranın təsiri də var idi. Nardaran özü-özünə qapanmışdı. Niyə bu kənddə qanlı hadisətörədildi. Bu addım niyə məhz indi, bu cür şərtlər daxilində atıldı? Bütün bu suallara cavab verilməlidir. Nardarana bu şəkildə müdaxilə edilməməli idi. Insan itkilərindən qaçmaq lazım idi. Rəsmi məlumata görə, Nardaranın qaz və işığa görə43 milyon borcu var idi. Mən anlamadım, oradakılar bu ölkənin vətəndaşları deyildi?! Işığa görə bir manat borcu olanın dərhal elektrik enerjisi dayandırılır. Bu problemi vaxtında həll etmək lazım idi ki, sonu bu cür qanlı hadisələrlə bitməsin.
Xəyal Şahinoğlu