Ağacın bir budağını kəsəndə, kəsilən yerdən 2-3 pöhrə çıxır. Hökümət Fuad Qəhrəmanlını həbs etməklə, tənqidi fikir səsləndirənləri 1 nəfər azaltmaq niyyəti güdürdü.Amma həmişəki kimi yenə də alınmadı. Fuad bəyin mübarizə yoldaşları höküməti yanıltdı.Sosial şəbəkələrdə onun yazdığı tənqidi statuslar, artıq yüzlərlə adamın ünvanından #Fuadınəvəzindən haştağıyla səsləndirilir.Nə qazandınız? Bu həbs fəaliyyəti biraz azalmış cəbhəçiləri də aktivləşdirdi. Hökümət ümumiyyətlə anlamır ki,cəbhəçini həbslə qorxutmaq mümkün deyil. Belə olsaydı AXCP sıralarından ən çox siyası məhbus çıxmış təşkilat olmazdı. Bu gün ölkədə siyasi fəaliyyətlə məşğul olmaq, cəsarət tələb edir. Bütün təzyiqlərə,məhrumiyyətlərə,həbslərə baxmayaraq tutduğun yolda inamla irəlilləmək özü bir qəhrəmanlıqdı. Bəli, Fuad bəy də öz yolunda heç bir əngələ məhəl qoymadan, əmin addımlarla irəlilləyirdi. Onun tənqidləri həmişə hədəfə dəyirdi. Bu ölkədə siyasi həbs varsa,deməli o şəxs höküməti narahat edir. Nə xoş bizə ki, öz fəaliyyətimizlə yarıtmazları narahat etməyi bacarırıq. Həbslər isə bizi əsla qorxutmur. Şairin söylədiyi kimi:
Millət yoludur,haqq yoludur,tutduğumuz yol,
Ey haqq yaşa,ey sevgili millət yaşa,var ol.
Bizlər bu yola çıxarkən,hər ehtimalı gözə almışıq. Onsuz da ölkə özü boyda bir həbsxanadı.Kameralarımızı dəyişməklə, bizləri bu yoldan döndərəcəyinizi düşünməyin.Bu işlərə ayıracağınız vaxtı, ölkənin problemlərinin həllinə ayırın. Qarşıdan təlatümlü bir il gəlir. Bunu düşünün.Öz vəzifənizi icra edin. Necə ki, biz edirik.Tənqid inkişafın təməl prinsipidi. Biz bunun üçün çalışırıq. Dövlətimizə sevgimizdəndir ki, onun inkişafını istəyirik. Qanunlarla idarə olunmasını tələb edirik və bu bizim ilk öncə vətəndaş kimi haqqımızdı.
Sizlərdən fərqli olaraq dövlətimizin gələcəyin düsünürük. Vətəndaşların ona sahib çıxacaq, güclü dövlətinin olmasını istəyirik. Bu ölkədə demokratiya bizim mübarizəmiz hesabına bərqərar olacaq. Bunun üçün nə bədəl ödəmək lazımdırsa, buna hər zaman hazırıq. Ancaq unutmayın, hələki ölkədə həqiqətləri müxalifət, vətəndaş cəmiyyəti fəalları dilə gətirir. Ancaq bir gün bu həqiqətlər əzdiyiniz xalq tərəfindən dilə gətiriləcək.Ehtiyatlı olun ki, mərhəmət etmədiyiniz xalqdan, mərhəmət diləyəməyəsiniz..