Fuad Qəhrəmanlı ilə bağlı yeni kampaniya

fuadinevezindenAXCP sədrinin həbs edilmiş müavini Fuad Qəhrəmanlının müdafiəsi ilə bağlı yeni kampaniya başlayıb. Kampaniya feysbuk və tvitter sosial şəbəkələrində ‪#‎fuadinevezinden hashtag-ı ilə statusların yazılmasını nəzərdə tutur. Sosial şəbəkə istifadəçilərinə belə bir kampaniyaya başlamaq çağırışını “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının müəllifi Qənimət Zahid edib. O feysbuk səhifəsində yazıb:

– Dostlar, bu hakimiyyət özü də etiraf edib ki, Fuad Qəhrəmanlı facebookdakı statuslarına görə həbs edilib. Etiraf ediblər ki, ölkədə söz azadlığının, hətta, sosial media səviyyəsində də sonuna çıxmaq planları var. Təbii, Fuad bəy də çox fəal facebook istifadəçisi idi və hakimiyyəti sosial mediada davamlı şəkildə ifşa edirdi. Necə düşünürsünüz, biz imkan verməliyikmi ki, avtoritar rejim Fuad bəyi həbs etməklə fəal vətəndaş mövqeyi olan bir dostumuzun məcburi sükutundan ləzzət alsın? Məncə, biz onlara imkan verməməliyik. Əmin olun, rejim nə qədər sərt, nə qədər avtoritar olsa da, Fuad bəyi, məhz facebook statuslarına görə həbs etdiyini bildirməklə, həm də onu etiraf edir ki, ictimai rəydən qorxur. İctimai rəy isə Fuad kimi, bizim hamımız kimi insanların azadlıqlar, o cümlədən söz azadlığı uğrunda mübarizəmizlə formalaşır. Hakimiyyət ölkədə ictimai rəy institutunu tamamilə sıradan çıxarmaq istəyirsə, onun qarşısına bu ictimai rəyi formalaşdırmaq və böyük bir qınaq mexanizminə çevirmək əzmi olan on minlərlə insanımız da var. Biz bu rejimi Fuad bəyin həbsinə görə peşiman etməyi bacararıq və bunu bacarmalıyıq. Yetər ki, israrlı və ardıcıl olaq.

Bunu edə bilərik. Biz davamlı olaraq Fuad bəyin əvəzinə də rejimin daha çox ifşa edilməsi kampaniyasına qoşulmalıyıq. Bütün dostlarımı, o cümlədən də facebook dostlarımı bu statusu paylaşmağa və hər gün #fuadinevezinden hashtag-ı ilə statuslar yazmağa dəvət edirəm.

Q.Zahidin çağırışı dərhal əks-səda doğurub. Onlarla feysbuk istifadəçisi, əsasən AXCP fəallarından ibarət olmaqla, göstərilən hashtag-la statuslar yazmağa başlayıblar. Statusların əksəriyyəti Fuad Qəhrəmanlının özü, və onun həbsi barədə olub.

Kampaniyanın neçə müddət davam edəcəyi bəlli deyil. Lakin onun ilk saatlardan uğurlu başladığını demək mümkündür. Artıq feysbuk və paralel olaraq tvitter #fuadinevezinden yazıları ilə dolub.