Cərimə zərbəsi

saadet-cahangir-koseSəadət Cahangir

Yaşadığımız məmləkətdə yediyimiz zərbələr azmış kimi, cərimə zərbələri də bir yandan yağmağa başladı. Bir azdan dərin nəfəsalmaya, gözəl gülümsəməyə, ürəkdən sevinməyə və sevməyə cərimə dərəcələri gəlsə, gözünüz böyüməsin. Bunu da taleyin bir sınağı olaraq qəbul edin. Necə ki, on illərdir başımıza gələn bunca əzab-əziyyəti, çiyninizə yüklənən məşəqqətləri, çəkdiyimiz ağrı-acıları alın yazısı kimi həzm edib susuruq. Bizdə olan dözüm fildə, dəvədə belə yox, vallah. Bilirsiniz, durum çox pisdir, büdcə boşalıb, xəzinəni talayıb viran ediblər, ölkə qəpik-quruşsuz qalıb. Indi bu boşluğu doldurmaq üçün nələrsə etmək lazımdır, ya yox. Hələ başdakılar deyirlər ki, gələn il daha betər olacaq. Yəni hamımız toparlanmalı, tabaqlarımızın ölçüsünü kiçiltməli, yeyəcəklərimizin həcmini azaltmalı, mədəmizi pəhrizə alışdırmalı, kəmərlərimizi sıxmalıyıq. Bəçeşm, cənablar, bəs xalq, rəiyyət nə günə lazımdır. Əlbət, buna da dayanarıq, özümüzə bir az da artıq çəki-düzən verib, başımızı aşağı salıb ötüşdürərik gedər…

Xülasə, xüsusi cərimələr dönəminə qədəm qoyuruq. Amma təsəlli üçün sizə başqa ölkələrdən bir neçə nümunə vermək istəyirəm. Düşünməyin ki, bütün qadağalar və pul cərimələri ancaq bizim başımızda görünüb. Indi dünyanın ən qəribə yasaqlarından bir neçəsini sadalayım, siz də bilin. Məsələn, məşhur ada ölkəsi olan Sinqapurda saqqız çeynəmək qadağandır. Bu yasaq “Tipitip” şirkətinə aid saqqızların satışının qadağan edilməsiylə başlayıb. Sonra kampaniya genişlənib və yasaq hüququ şəkildə rəsmiləşib. 1994-cü ildə çıxarılan qanuna görə isə ölkədə saqqız almaq üçün mütləq həkim resepti lazımdır. Başqa maraqlı bir qadağa da Kanadadan… 1994-cü ildə Səhiyyə Nazirliyinin qərarı ilə körpə arabalarının(Walker) təhlükə meydana gətirdiyi ehtimalı əsas götürülərək, onların istehsalı və satışı qadağan edilib. Ölkədə hər hansı şəkildə belə araba istifadə edənlər üçün yüksək pul cəzası tətbiq olunur. Italiyada isə uzun illərdir göyərçin saxlamaq qadağandır. Bu qadağan əslində Italiyanın bütün şəhərlərində tətbiq edilir, ancaq Venesiya qanunları daha sərtdir. Bu qanun göyərçinlərin tarixi abidələri batırıb, zərər vurması səbəbindən qəbul edilib. Qaydanı pozanlar üçün də 400-500 avro arasında pul cəriməsi təyin olunub. Bir sözlə, bizim durumumuz dünya ilə müqayisədə o qədər də pis sayılmaz. Saqqız çeynəyirik, çeynəyirik. Uşaqlarımızı arabada gəzdiririk, gəzdiririk. Göyərçin saxlayırıq, saxlayırıq. Düşünürəm, daha çox dərinə getməsək, yaxşıdır…

Əslində, biz heç vaxt dərinə getmirik. Çox işləyib aza qane olmağa, ən yaxşını haqq edib ən ucuzla kifayətlənməyə alışmışıq. Biz yaşadığımız həyat şərtləri ilə çətinlikləri səbrlə yola verməyi, qənaəti, lüksdən, dəbdəbədən imtina etməyi öyrənmişik. Amma bu imtinaların çoxu özümüzə haqsızlıq etməklə baş verib. Bu imtinalar bir qrup oğru və dələduza inanılmaz komfort imtiyazları tanınaraq edilib. Bu imtinalar bir ölkədə qanunsuzluqlara, haqsızlıqlara, ölümlərə, faciələrə impuls verərək edilib. Düşünərəkdənmi edilib, düşünməyərəkdənmi, fərqi yox. Bu gün üstünə gəlib çıxdığımız acı gerçək dəyişmir. Yuxarıda ironik şəkildə müqayisə apardığım ölkələrlə bizim fərqimiz, bilirsiniz, nədir? Siyahısını xeyli uzada biləcəyim bənzər ölkələrdə o qadağalar yalnız insan naminə edilib. Həmin yasaq və cərimələrin bir məqsədi var – insan həyatını gözəlləşdirmək və sağlamlaşdırmaq. Bizdə isə əksinə, bütün bəlaları insan həyatı bahasına sağaltmağa çalışırlar. Bu gün üstümüzə gələn zərbələr də o bəlalardan qaynaqlanır və bu artıq bizim yaşam haqqımıza cərimə kəsməyə bənzəyir. Yəni bura qədər susmağa, əzilməyə, özümüzə qarşı bunca haqsızlıq etməyə dəyərdimi?