Əli Kərimli Elton Quliyevlə bağlı nekroloq yazdı

eltonAXCP sədri Əli Kərimli bu gün vəfat edən tanınmış vəkil Elton Quliyevlə bağlı Facebook səhifəsində nekroloq yazıb:
“Bu gün ölkənin cəsarətli və vicdanlı vəkillərindən biri Elton Quliyev uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Elton bəy siyasi sifariş əsasında quraşdırılmış saxta cinayət işlərində ittiham olunan vətəndaş cəmiyyəti fəallarını, siyasətçiləri bir çoxlarından fərqli olaraq, müdafiə etməyə heç vaxt tərəddüd etməzdi. Ölkənin bir çox tanınmış siyasi məhbusunun vəkili olmuşdu. Vəkili olduğu repressiya qurbanlarını sadəcə vəzifə borcunu yerinə yetirən bir hüquqşünas kimi yox, həm də vətəndaş mövqeyi olan bir ziyalı kimi ürəkdən, bütün imkanları ilə müdafiə edirdi. Hakimiyyətin şərinə düşmüş insanları köməksiz qoymazdı. Ağır xəstə olduğunu bilirdi. Ölümdən qorxmurdu. Təəssüf ki, çox tez itirdik onu. Onun ölümü ilə ölkənin demokratik qüvvələrinə, Azərbaycan vətəndaş cəmiyyətinə, bütövlükdə millətimizə ağır itki üz verib. Allah Elton bəyə rəhmət etsin. Ailə üzvlərinə, doğmalarına, bütövlükdə millətimizə dərin hüznlə başsağlığı verirəm”.