Hərb sisteminin bəzi problemləri haqqında
İsa Sadıqov
Yaxın Şərqdə, eləcə də və təbii ki, bizə birbaşa aidiyyəti olan regionda başlanan yeni siyasi-hərbi proseslər bizi öz ölkəmizdə artıq 20 ildir ki, aparıldığı deyilən hərbi islahatlar mövzusuna toxunmağa vadar edir. Əlbəttə, söz səviyyəsində, bəyanatlar müstəvisində, eləcə də, mütəxəssislərə bəlli olmayan kriteriyalar üzrə aparılan kadr yerdəyişmələri də buraya aiddir. Üstəlik, ordu məsələsinin çox həssas mövzu olduğunu nəzərə almağa çalışacağam.
Səfər Əbiyev Müdafiə naziri vəzifəsindən gedəndən sonrakı dövrdə orduda hansısa köklü dəyişikliklərin baş verdiyini təsəvvür etmək istəyərdim. Təsəvvür etmək istərdim ki, ciddi dəyişikliklər var, arzu edilən nəticələr əldə edilib, ordu quruculuğunda tərəqqiyə nail olunub.
Son on ildə ordu təyinatlı milyardlarla pul sərf edilib, yeni hərbi texnikanın, silah-sursatın alındığı barədə səsli-küylü rəsmi məlumatlar yayılıb, amma bütün bunlar hələ ki, real nəticəyə gətirib çıxarmayıb. Yəni, ölkənin ərazi bütövlüyü iləbağlı sahədə irəliyə doğru heç nə baş verməyib. Ordu quruculuğu prosesi isə Azərbaycanın hərbi potensialını bölgədə hesablaşılması zəruri olan güc faktoru kimi təqdim edə bilməyib. Işğal- fakt olaraq davam edir, biz bir qarış da torpaq azad edə bilməmişik, strateji coğrafi mövqelər- yüksəkliklərin bir çoxu işğal zonasında və bizim nəzarətimizdə deyil. Buna görə də düşmən hərbi təşəbbüs imkanlarından destruktiv qaydada yararlanmağı özünə rəva görür, biz isə nəticədə atəşkəs dövrünün itkilərinə məruz qalırıq.
Milli Təhlükəsizliyin arqumentlərinə tutulan divan
Son zamanlar bizim daxil olduğumuz regionu da qaynadan Yaxın Şərq münaqişəsi isə bizə diqtə edir ki, bu siyasi gərginlik zamanında hərbi imkanlarımız ciddi güc faktoru kimi qəbul edilsin, ən azı, çəkindirici amil kimi nəzərə alınsın. Bunsuz da, istənilən dövlətin silahlı qüvvələri dövlətin yerləşdiyi coğrafi ərazini qapsayan geosiyasi prosesləri qarşılamaq üçün güclü, müasir silahlarla silahlanan, şəxsi heyəti yüksək hərbi hazırlıq göstəriciləri olan orduya malik olmalıdır. Yalnız güclü və peşəkarlıq göstəriciləri yüksək olan dövlətin suverenliyinin əsas təminatı kimi çıxış edə bilər. Bəzən, elə proseslər başlayır ki, istənilən dövlət ordunu neytral vəziyyətdə saxlamaq lüksündən məhrum olur. Yaxın Şərq münaqişəsinin bizim regiona doğru uzantıları bu sərt perspektivə hazır olmağımızı tələb edir. Bu, eyni zamanda, ölkəni idarə edən siyasi komandadan proseslərə strateji baxış və ümumiyyətlə, strateji təfəkkür tələb edir. Indi Azərbaycanı idarəedən komandanın belə bir strateji təfəkkürü varmı? Ölkədən on milyardlarla dollar vəsaitin oğurlanaraq çıxarılması faktına əsasən mühakimə yürütsək, mən bu hökumətin təhlükəsizlik problemlərinə münasibətdə strateji yanaşmasının olduğunu görə bilmirəm. Ümumiyyətlə isə milli təhlükəsizlik konsepsiyasını hazırlayan və qorumalı olan strukturda baş verənlər də müəyyən müzakirə materialı verir. Bu strukturda üzə çıxan dəhşətli faktlar onu deməyə əsas verir ki, rejim ölkənin strateji təhlükəsiz məsələlərinə olduqca məsuliyyətsiz yanaşıb və bunun indi də davam etmədiyinə heç kim təminat verə bilməz. Burada söhbət fəaliyyətsizlikdən deyil, yarıtmaz fəaliyyətdən gedir və bu, daha pisdir. Söhbət, indiki rejimin hakimiyyətdə olduğu 22 ildən və təhlükəsizlik problemlərinin həlli üçün sərf edilən milyardlardan gedir.
Aydındır ki, ordu ilə bağlı bir çox məsələlər dövlətin təhlükəsizlik problemləri ilə bağlı olduğuna görə, mən də həmin mülahizələri nəzərə alaraq fikir bildirməyə çalışacam. Amma onu da nəzərə almaq lazımdır ki, Milli Təhlükəsizlik strukturları da eyni dərəcədə, bəlkə daha artıq diqqət, məxfilik tələb edən bir sahədir, amma son aylar ortalığa çıxarılan dəhşətli faktlar onu sübut edir ki, hakimiyyət heç bir məsuliyyət hiss etmədən ölkə üçün ən əhəmiyyətli sahələrin imicini darmadağın edib.ÿ
Əsas problem budur ki, sərf edilən milyardların müqabilində qurulan hərbi təhlükəsizlik sistemi mükəmməl sayıla bilər, ya yox?
Hərdən mənə elə gəlir ki, Azərbaycanda ordu quruculuğunu ta 90-cı illərin əvvəllərindəki durumla müqayisə etmək üçün hansı arqumentlər ola bilər, hansılar yox…
Müdafiə Nazirliyi var. Onun bütün zəruri atributları da yerində görünür. Amma…
Bir zabit necə yetişir?
Bir mühüm məsələ də kadr siyasəti ilə bağlıdır. Müdafiə Nazirliyində kadr siyasəti necə təsəvvür edilir, necə qurulur, hansı prinsiplər əsas götürülür? Hərbi bioqrafiya, döyüş təcrübəsi olan zabitlər və generallar hərb mexanizminin idarəçiliyində hansı mərhələlərdə təmsil olunurlar?
Biz, artıq, 20 ildir ki, müharibə vəziyyətindəyik. (Atəşkəs, bütün hallarda, müvəqqəti mərhələ kimi nəzərdə tutulur və tutulmalıdır, çünki, bu, sülh deyil).
Mən belə hesab edirəm ki, indi Azərbaycanın hərb sistemində ən güclü kadrlar olmalıdır. Ona görə ki, bizim ordumuzun tərkibində döyüş təcrübəsi olan çoxlu sayda zabitlər və generallar var və bu adamlar, ordunun kadr bazasının qızıl fondunu təşkil etməlidirlər.
Bu adamlar dəftərxana zabitləri deyil, onlar odun-alovun içindən keçmiş, səngər həyatının nə demək olduğunu bilən kadrlardır. Biz onları tanımalı bilməli, qiymətləndirməliyik. Bu adamlar ordunun döyüş ruhunun əyani təcəssümü sayılan kadrlardır. Əlbəttə, indi ölkədə siyasi sistem elə qurulub ki, hərbi şöhrət sağa-sola paylanan “Şöhrət” ordenlərinin kölgəsində qalır, amma mən əsl hərbi şöhrətdən və zabit şərəfindən danışıram.
Əsl zabiti yetişdirmək çox çətin olur, bu, ağır bir prosesdir və əsl zabitlərin sayı hər zaman bütün hərbi elitanın 100 faizinə bərabər tutulmur. Öz təcrübəmdən deyə bilərəm ki, həta Sovet Ordusunda da hərbi məktəblərin məzunlarının yalnız 10-15 faizi sonrakı fəaliyyətlərində əsl zabit göstəricilərinin daşıyıcılarına çevrilə bilirdilər. Bütün qalanlarının həqiqi zabitə çevrilməsi, yetərli qədər təcrübə qazanması üçün uzun zaman tələb olunurdu: bəzən 10 il, bəzən daha çox.
Gerçək zabit hərbi hissələri idarə etməyin, komanda verməyin, insanlarla işləməyin elə bir mərhələsində yerləşir ki, onun şəxsi nümunəsi və şəxsi psixoloji keyfiyyətləri bütün ordunun həyat tərzinə çevrilir, ordu bir sistem olaraq bu cür kadrların üzərində dayanır.
Biz müharibə vəziyyətində olan ölkəyik və buna görə də ordumuzun nüvəsi sülh dövrünün deyil, hərb dövrünün göstəricilərini daşıyan zabitlərdən təsəvvür edilməlidir. Mən Azərbaycan ordusunun bu cür zabitlərini tanıyıram, onların göstəricilərinə bələdəm… Doğrudur, uzun illərdir ki, mən bu sistemdən kənardayam, amma hər bir halda mənim üçün önəmlidir ki, millətimizin hərbi elitasını təşkil edən çoxlu sayda insanların ordunun tərkibində olmasını pozitiv arqument hesab edirəm.
Ukrayna- Rusiya münaqişəsinin ilk mərhələsində, bir müddət orada oldum. Tam məsuliyyətimlə deyirəm ki, döyüş təcrübəsi olan zabitlərin yoxluğu üzündən Ukrayna ordusu ağır itkilər verirdi.
Yaxud da, türk xalqının qürur duyduğu Türkiyə ordusunu da misal gətirə bilərəm. Bu orduda döyüş təcrübəsi olan çoxlu sayda şərəfli zabitlər var və buna görə də Türk ordusu dünyanın ən güclü hərbi sistemlərindən biri hesab edilir. Bu günlərdə hamımızın müşahidə etdiyimiz məlum münaqişənin gedişində də Türk ordusu əzmlə göstərməkdədir ki, o, ölkənin üzərinə hərb niyyətilə gələn istənilən düşmənin qarşısında durmağa, onun cavabını verməyə qüdrəti çatacaq bir ordudur.
Bu misalları ona görə çəkirəm ki, döyüş təcrübəsi olan zabitlərin hər hansı bir ordu və təbii ki, həm də xalq üçün nə demək olduğunu aydın təsəvvür edək.
Müdafiə Nazirliyi neft satış mərkəzi deyil
Müdafiə Nazirliyi hər hansı başqa nazirlik demək deyil. Bu, neft satmaqla məşğul olan SOCAR da deyil. Pis idarəçilik sisteminin məntiqi ilə istənilən Nazirliyi nazirin 80 nəfərdən artıq qohum- əqrabası ilə doldurmaq olar. Bütün başqa nazirliklərdə kadr siyasətinin hansı təsəvvürlərlə və məntiqsizliklə aparıldığının ağır nəticələrini hər gün görürük. Yarıtmaz idarəçiliyin fəsadlarını Azərbaycan əhalisi hər gün öz həyatında daşıyır. Orduda isə təsadüfi və ya səriştəsiz anlayışlarla kadr siyasəti tərtib etmək olmaz, çünki həlledici zamanda bunun fəsadlarını daşımaq mümkün olmaz, millət, sadəcə olaraq, bu fəsadların qurbanı ola bilər, vəssəlam. SOCAR-a kefin istəyən bir adamı rəhbər qoyarsan, günün birindəGünəşli yatağında olduğu kimi, 30 nəfər, lap deyək ki, 40-50 nəfər qurban verərsən. Amma ordu belə ərköyün kadr siyasətini daşıya bilməz və ərköyün kadr siyasəti ilə qurulan ordu millətin təhlükəsizliyinin qarantı sayıla bilməz.
Səfərdən sonra yerdə qalanlar
Bir zamanlar Səfər Əbiyevin Müdafiə naziri vəzifəsinə təyin edilməsi hərbi islahatlara və doğru kadr siyasətinə olan ümidləri uzun müddət üçün məhv etdi. Səfər Əbiyev bir hərbçinin başa düşə biləcəyi tərzdə zabit deyildi, o, hərbçi zabit deyildi, döyüş komandiri deyildi. O, sadəcə olaraq, intriqan idi, özünə görə korrupsiya məmuru idi və bu faktlar indi heç kimə gizli deyil. 18 il davam edən bu intriqa idarəetməsinin nəticəsində nələrin miras qaldığını ordu adamları yaxşı bilirlər. Onun nazir olduğu uzun müddət hərbi islahatlar üçün itirilmiş vaxt, döyüş təcrübəsi olan çoxlu sayda zabitlərin məhv edilməsi ilə səciyyələnə bilər, yalnız o qədər. Çoxlu sayda zabitlərin rütbəsi aşağı endirildi, heç bir səbəbsiz təqib edildilər… Kadr təyinatları və yerdəyişmələri Hərbi Nizamnamənin açıq-aşkar pozulması tendensiyası üzərində həyata keçirilirdi. Orduda peşəkar zabitlərə qarşı repressiyalar təşkil edilirdi. Və bütün bunların bircə səbəbi vardı: onlar Əbiyevəmane olurdular. Bəzən öz mövcudluqları ilə mane olurdular. Onlar Əbiyevdən daha nüfuzlu və daha peşəkar idilər. Onlar öz işlərini yüksək səviyyədə bilən insanlar idi və orduya yad olan birisinin, hətta nazir olsa belə, – hoqqalarına dözməyəcək qədər mərd idilər. Əbiyev isə ram edilən, onun qarşısında əyilən adamları qabağa çəkməkdə mahir idi.ÿ
Nəticə ortalıqdadır! Ölkəyə hər zaman, xüsusilə də, məhz, indiki zamanlarda hava və su kimi gərək olan Talıb Məmmədov, Qalib Məmmədov kimi generallar ordudan uzaqlaşdırıldı…
Bu generallar təkcə ordunun qızıl fondunu deyil, millətin genofondunu təşkil edən mərd və peşəkar hərbçilərdir.
“General siyasəti”nin anlaşılmazlıqları
Təəssüf ki, indi ordumuzda əsl döyüş yolu keçmiş generalların sayı azdır. Çox azdır. Amma hər halda, çox az sayda qalsalar da, onlar ordunun tərkibində qalır və öz borclarını çətinliklə də olsa, yerinə yetirirlər.
Zakir Həsənov yeni müdafiə naziri təyin ediləndə orduda islahatlarla bağlı Səfər Əbiyevin dəfn etdiyi ümidlər yenidən cücərməyə başladı. Onun ilk addımları və bəyanatları diqqəti cəlb etməkdəydi. Get-gedə situasiya aydınlaşmaqdadır vəadama elə gəlir ki, bu bəyanat yağışları, nəsə bir PR kampaniyasına bənzəyir.ÿ
Indi isə orada yeni, maraqlı proseslər gedir. Yeni Müdafiə naziri də, deyəsən, öz kadr siyasətini, məhz, döyüş təcrübəsinə sahib olan və Səfər Əbiyevin repressiyalarından qurtula bilən generallardan başlamaq niyyətində görünür. Açığı, mən gözləyirdim ki, Z. Həsənov Səfər Əbiyevin vurub kənara atdığı həmin zabitləri, generalları geriyə qaytarıb orduda islahatları onlarla birgə aparacaq. Amma əvəzində başqa proseslər müşahidə olunur.
Mən anlayıram ki, vəziyyət gərgindir, rejimin işləri yaxşı getmir və ona bütün sahələrdə daha sədaqətli qulluqçular lazımdır. Amma axı, ordunu siyasi rejimin şıltaq arzularının müstəvisinə endirmək dəhşətli nəticələr verə bilər.
Kimlərsə fərqli düşünə bilər, insanlara münasibət heç zaman birmənalı olmur. Amma mənim üçün zabitin, generalın döyüş təcrübəsi və peşəkarlıq keyfiyyətləri əsas göstəricidir. Məsələn, yüksək döyüş təcrübəsi, ordu zabitləri arasında məhz, peşəkarlığına görə yüksək hörmət və nüfuz sahibi olan general Rövşən Əkbərovu kiminlə əvəz etmək olar ki? Ümumiyyətlə, bir korpusun komandirini başqa korpusa keçirməkdən əvvəl ona daha yüksək vəzifə təklif edilməlidir. Necə olur ki, Nəcməddin Sadıqov 22 il ərzində heç kimə bəlli olmayan hansısa mülahizələrə görə Baş Qərargah rəisi vəzifəsini daşıyır, 22 ildir kabinetdə yuva qurub, amma hərb təcrübə olan generallar sağa-sola xərclənir? General Əkbərovdan kiminsəxoşu gələ bilər, kiminsə zəhləsi gedə bilər, bu, başqa məsələdir. Amma axı, o, peşəkardır və bilavasitə döyüş zonasında, təmas xəttində yerləşən minlərlə əsgər və hərbi qulluqçu onun tabeliyində olub.ÿ
Eləcə də, Fəxrəddin Cəbrayılov. O, döyüşüb, həm də şərəflə döyüşüb. Mən az qala 20 ildir onu görmürəm, amma mətbuatda onun haqqında informasiyalara rast gəlirəm, hər halda. Bu cür kadrları heç nə olmamış kimi ordudan kənarlaşdırmaq olmaz. Ola bilər ki, onun tabeçiliyində olan birisi, biriləri hansısa cinayətləri edib. Məgər, Ilham Əliyev deyək ki, Eldar Mahmudovun və ya Cahangir Hacıyevin əməllərinə görə məsuliyyət daşıdığını elan edib?ÿ
Eləcə də Qorxmaz Qarayev, Mirzə Amaşov, Rafiq Hüseynov kimi generallar.
Axı, sadəcə, “kiminsə kefi belə istəyir” məntiqi ilə ordunun kadr siyasətini qurmaq olmaz! Orda, ölkədə nəyin, necə baş verməsindən asılı olmayaraq orduya münasibətdə ilk növbədə bir arqument əsas götürülməlidir: ölkənin, bizim hamımızın, iqtidarlı- müxalifətli yalnız təhlükəsizliyi deyil, əslində mövcudluğu arqumenti.
Buna görə də, yeni nazir Zakir Həsənov, həqiqətən də, orduya nəsə vermək, nəsə qazandırmaq, ordunu indiki və perspektivdə görünən gərgin hərbi-siyasi vəziyyətə tam hazır vəziyyətə gətirmək istəyirsə, nəinki indi bu sistemdə qalan, hətta Səfər Əbiyevin də dolaşıq məqsədlər naminə uzaqlaşdırdığı zabit və generalları orduya qaytarmalı, onlarla birlikdə ordunu yenidən qurmalıdır.
Bu, ən effektiv və ən ağıllı yoldur. Ordu kimlərinsə qohumu və ya dostu olduğu üçün yüksək titullar paylamaq yeri deyil, Vətənin varlığının təminatıdır!