Rusiya ilə Türkiyə arasında hökm sürən gərginlik Qarabağ məsələsində də əks-səda verib.
Rəsmi Moskva Ankaranın Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə edən bəyanatlarını “destruktiv” adlandırıb.
Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç Rossiya 24 telekanalına müsahibəsində deyib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə dair son bəyanatı dağıdıcı məqsədlərə yönəlib.
Bundan əvvəl Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya səfəri zamanı bəyan edib ki, Ankara işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması üçün əlindən gələni edəcək.
“Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək cəhdi destruktivdir və bunun heç bir davamı ola bilməz”- deyə Aleksandr Lukaşeviç bildirib.
Türkiyənin Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən bəyanatlar verməsi yeni deyil və rəsmi Ankara hər fürsətdə belə bəyanatlar verir. Lakin ilk dəfədir ki, rəsmi Moskva açıq şəkildə Türkiyənin bu məzmunlu bəyanatlarına qarşı çıxaraq onu “destruktiv” adlandırır.
Xəbər verildiyi kimi, Suriya ilə sərhəddə Su-24 bombardmançısının vurulmasından sonra Moskva ilə Ankara arasında münasibətlər olduqca kəskinləşib.
Rusiya prezidenti Vladimir Putin Cənub hərbi dairəsinin komandanlığına əmr edib ki, Ermənistanın Türkiyə ilə sərhədində S-400 zenit-raket kompleksləri, radioelektron mübarizə vasitələri, digər hərbi texnika və canlı qüvvə yerləşdirsin.
Artıq Rusiyanın Ermənistandakı hərbi bazasına bir neçə hərbi vertolyot əlavə olunub. İlin sonuna qədər daha bir neçə hərbi vertolyotun Ermənistanda yerləşdiriləcəyi açıqlanıb. Rusiya mənbələri bunun Ankaranın Qarabağ məsələsində Azərbaycanı dəstəkləmək siyasətinə cavab olduğunu bildirir. (Virtualaz.org)



