Fuad Qəhrəmanlının həbsi, sentimentallığı bir yana qoysaq, qışın gəlməsi, gecənin düşməsi kimi təbii bir hadisədir. Buna görə, facebookda onun həbsi ilə bağlı yaranan ajiotaja bir az qəribə baxdım.
Əlbəttə, Fuad Qəhrəmanlı cinayətkar deyil, qanun-qaydanı gözəl bilən xalqa can yandıran siyasətçidir. Belə birinin həbsi vicdanlı adamları hiddətləndirməliydi. Hiddətləndirdi də.
Ancaq, bu məkrli addım hiddət doğursa da, təəccüb yaratmamalıdır. Fuad Qəhrəmanlı bizim ölkədə bir insan həbsə düşmək üçün nələr etməlidirsə, hamısını artıqlaması ilə edib. Bəlkə, razı deyilsiz? Axı, bizim ölkədə lap çoxdandır ki, adamları cinayətə görə tutumurlar. Əksinə, caniyə cani, oğruya oğru demək, bizdə təhlükəli əməldi. Bizim bəyimiz də yaşı şəxsiyyət vəsiqəsi almağa heç çatmamışdan belə işlərə girişmişdi, bu da sonu. Binəva hökumət onu islah eləməkdən ötrü qabaq iki dəfə prokurorlarına, hakimlərinə əziyyət verib ona cinayət işi açdırmışdı. Bunun nəticəsi olaraq o bəyimiz bir dəfə dədə-baba qaydasında türmədə yatmışdı, o birisində isə şərti azadlıqdan məhrum olmamışdı. Fəqət bunlar səmərəsiz qalmışdı. Hətta, “icazəsiz aksiyalarda” polisin onun kəlləsi, qol-qıçı ilə öz ədəblərinə uyğun formada dəyənəklə təmas qurması da Fuad Qəhrəmanlıya kar etməmişdi. Bu yazıq hökuməti qınamayın! Siz elə bilirsiniz ki, Fuad Qəhrəmanlını susdurmaq, tərk-silah etmək üçün onların beş-altı kadrı oldu, istifadə etməyib, polisə-məhkəməyə, şərə-böhtana əl atdılar? Yox, belə deyil. Kasıbın olanından. Bu hökumət aqrument, siyasi fəhm, kadr baxımdan lüt-üryandır. Neyləsinlər? İndi zəifdilər deyə, Fuad Qəhrəmanlı və onun kimilər onları canavar kimi basıb yeməlidir? Əsəbləri dözməyib, onu indiki formada zərərsizləşdiriblər. Həm də atalar üçdən deyib, bu dəfə də Fuad Qəhrəmanlıya tətbiq olunan “islah paketi” özünü doğrultmasa, gərək onlar da tərslikdən əl çəkələr. Bəzən, alınmayanda alınmır, çox da ürəyə salmaq lazım deyil.
Bu arada Fuad Qəhrəmanlıya verilən maddələrə görə də prokurorluq orqanlarına, eləcə də bu şərləmə işində hər növ mərdimzarlıq edənlərə də təşəkkür borcum var. Fuad bəyi nə üstə tutduqlarını dedilər? Sözünə görə, elədirmi.
Söz də ortadadır və bütün dünya onları indi oxuyur, hakimiyyətin dəcəlliyinə gülümsəyir. Daha vəkillərə, hüquq müdafiəçilərinə də xüsusi bir əzablı iş gəlmir ki, proses boyunca Fuad Qəhrəmanlının söz azadlığı probleminin qurbanı olduğunu sübut eləsinlər. Hamımızın əvəzindən cənab prokurorlar, müstəntiqlər, üzəduranlar, hakimlər işi görüblər. Inşallah, onlar da zəhmətlərini bizə halal edərlər.
Başqa bir yandan da bəyimizə verilən maddələrə şükr etməliyik. Çünki, son günlər hökumət çox ecazkar cərimələr, cəzalar tapıb qanunlara salır. Onlardan biri qonşuları səs-küylə narahat edənlər üçün nəzərdə tutulub. Çox asanlıqla Fuad Qəhrəmanlının iki qonşusunu tapıb bu cür şikayətlərə sövq etmək olardı. Sizi inandırım ki, bir ay boyunca həftədə 2-3 dəfə şikayət kifayət edəcəkdi ki, cənab Qəhrəmanlı öz xoşu ilə gedib Kürdəxanıda, hətta Qobustan türməsində otursun.
İnşallah, şeytan bu təklifi hökumətin qulağına çatdırıb növbəti əqidədaşımıza tətbiq eləməz, amma razılaşın ki, bu çox optimal yoldur.
Nəhayət, dəyərli bəyimizlə bağlı baş prokurorluğun açıqlamasını zəka süzgəcindən keçirsək, görərik ki, bu yoldaşlar Fuad Qəhrəmanlıya yox, özlərinə zülm ediblər, özlərini elin, dünyanın gözündə xar ediblər. Bu açıqlama Fuad Qəhrəmanlı üçün böyük bir lütfdür, inanmayan aşağıdakı iki sual üzərində düşünsün. Açıqlamada deyilir ki, Fuad Qəhrəmanlı bu ilin sentyabrından facebook səhifəsində əhalini dövlət çevrilişinə səsləyirmiş, milli, dini ədavəti qızışdırırmış.
Prokurorluq öz yazdığına özü inanırsa, onda razılaşmalıdır ki…
Bir: Üç aydır, fil qulağında yatırmışlar. Bu adam saxta profillə yazmır, yazdıqları hamı üçün açıqdır, Ezop dilində istifadə eləmir. Prokurorlarımız üzdə olan, qabaqcıl bir siyasi xadimin yazdıqlarından 3 ay sonra xəbər tutursa, onların operativliyinə Salyanın icra başçısı gül düzsün!
İki: Yox, sentyabrdan cənab Qəhrəmanlının qızışdırıcı mövqeyini müşahidə edə-edə prokurorluq bu əməlin qarışısını almayıbsa, çağırıb adama quru xəbərdarlıq belə etməyiblərsə, o zaman cinayətkarcasına səhlənkarlıq etdiklərini, cinayətə bilə-bilə şərait yaratdıqlarını iqrar etmiş kimidilər.