Obamadan mühüm İŞİD açıqlaması

obama-pentagonABŞ prezidenti Barack Obama bazar ertəsi etdiyi çıxışda İŞİD-ə qarşı mübarizədə tərəqqiyə ehtiyac olduğunu deyib və müttəfiqləri bu təşkilatın İraq və Suriyada darmadağın edilməsi üçün koalisiyaya verdikləri hərbi töhfəni artırmağa çağrıb.

Reuters agentliyinin məlumatına görə, Pentaqonda Milli Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlər qarşısında çıxış edən prezident bidlirib ki, müdafiə naziri Ashton Carter-i müttəfiq ölkələrdən daha çox dəstək cəlb etmək üçün Yaxın Şərqə göndərir.

“Bu, çətin bir döyüş olaraq qalmaqda davam edir, – deyib Obama, – Biz dərk edirik ki, bu işdə tərəqqiyə tez bir zamanda nail olmaq lazımdır”.

Bundan sonra Obama Birləşmiş Ştatların və onun müttəfiqlərinin qrupa qarşı mübarizədə uğurlarını sadalayıb. O deyib ki, İŞİD bir vaxtlar İraq və Suriyada nəzarət etdiyi ərazilərin əhəmiyyətli hissəsini itirib.

Prezident bəyan edib ki, ABŞ strategiyasına silahlı liderlərin yaxalanması, başqa ölkələrdəki təhlükəsizlik qüvvələrinə təlim verilməsi və İŞİD-in maliyyə və təbliğat kanallarının kəsilməsi daxildir.

“İŞİD liderləri gizlənə bilməyəcəklər və bizim onlara növbəti mesajımız budur: “növbə sizə çatıb” – deyib ABŞ prezidenti.

Barack Obama deyib ki, indi koalisiya İslam Dövləti qruplaşmasının avtosisternlərini, neft quyularını və neftayırma zavodlarını vurur. “Biz indi İŞİD-i həmişəkindən möhkəm vururuq”.

Obama deyib ki, İŞİD Suriya-Türkiyə sərhədindən də vurulub çıxarılır. Suriyada türkmənlərin, kürdlərin, ərəb və xristianların İŞİD-lə mübarizədə başarılı olduqlarını qeyd edən ABŞ prezidenti onlara havadan dəstək verməyə və təchizat yardımı göstərməyə davam edəcəklərini bildirib. Obama həmin qüvvələrin yardımı ilə İŞİD silahlılarının Türkiyə ilə sərhədin böyük bir hissəsindən sıxışdırılıb çıxarıldığını, qalan sərhəd zonasının da azad edilməsi üçün Türkiyə ilə birlikdə çalışdıqlarını deyib.