İran mətbuatı ölkəsinin təhqir olunduğunu iddia edir

Iran-turkiyeTürkiyə prezidenti Ərdoğanın Türkmənistan səfəri zamanı İran prezidentinin birinci müavini İsak Cahangiri ilə görüşü qalmaqala səbəb olub. Belə ki, tərəflər arasında 20 dəqiqə davam edən görüşdən yayılan görüntülər, İran mətbuatında ciddi müzakirələrə səbəb olub. Buna səbəb, görüş zamanı İran bayrağının olmaması və stollar arasındakı fərqdir. İranın bəzi media qurumları görüşdə yalnız Türk bayrağının görünməsinə, Ərdoğan və Cahangirinin oturduğu stolların fərqliliyinə və Ərdoğanın oturuş formasına diqqət çəkərək, İranın aşağılandığını iddia edib.

Adı açıqlanmayan İran rəsmisi  isə İSNA agentliyinə mətbuatın bayraqla bağlı iddialarını qəbul etmədiyini bildirib. Açıqlamada, Ərdoğan və Cahangirinin fərqli statusuna diqqət çəkilir və bu səbəbdən görüşdə İran bayrağının yer almamasının diplomatik qaydalara zidd olmadığı ifadə olunur. Buna baxmayaraq, səlahiyyətli şəxs, tərəflərin əyləşdiyi stollar arasındakı fərqi hörmətsizlik kimi dəyərləndirdiyini, mətbuatın bu məsələdə haqlı olduğunu bildirib.

 

Aydın Taş