“Azərbaycanı 2016-cı ildə ciddi sınaq gözləyir”

vidadi-mirkamal2«SOCAR rəhbərliyi neftçilərin həlak olmasında birbaşa məsuliyyət daşıyır»

Vidadi Mirkamal: «Fuad Qəhrəmanlının həbsi ölkədə qəti mövqeyini bildirən şəxslərin gözünü qorxutmağa hesablanıb»

“Günəşli” yatağında baş verən faciə ilə bağlı hələ də xeyli suallar qalmaqdadır. Hadisə ilə bağlı cinayət işi açılıb. Amma istintaqın istiqaməti barədə ictimaiyyətə hələ də tam, ətraflı məlumat verilmir. Faciənin baş verməsində əsas günahkarların adları çəkilmir və olayın başvermə səbəbləri ört-basdır edilməyə çalışılır. Gündəmdə olan bu və başqa mühüm sualları Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamala ünvanladıq.

– Baş verən hadisə ilə bağlı elə mediada da xeyli fikirlər irəli sürülüb. Ekspertlər bununla bağlı rəylər veriblər. Hər bir dövlət öz vətəndaşının həyatına qarşı diqqətli olmalıdır. Bu istiqamətdə xeyli qanunlar, konvensiyalar qəbul edilib. Insanlar fors-major hallarında müəyyən vasitələrlə təmin edilməlidirlər. Neft-qaz ölkələrinin əksəriyyətində partlayış, yanğın təhlükəsi var. Ona görə bu cür hadisələrə hər an hazır olmaq lazımdır ki, hər hansı hadisə baş verdikdə daha az zərərləçıxsınlar. “Günəşli” yatağında baş verən hadisə göstərdi ki, Fövqəladə Hallar Nazirliyinin yalnız adı, forması var. Əslində FHN avadanlığa və digər vasitələrə xərclədiyi milyonlarla pul havaya sovrulub. “Günəşli” yatağındakı yanğın göstərdi ki, FHN bu cür hadisələrə hazır deyil. Ikinci mühüm məsələ SOCAR-la bağlıdır. Şirkət rəhbəri bu cür hallara hazır olmalı idi. Bu hadisə göstərdi ki, SOCAR öz işçilərinə qarşı çox biganədir. Orda olan texniki vasitələr işə yaramır. Bu üzdən dəçoxlu sayda itki baş verdi. Bir mühüm məsələ də ondan ibarətdir ki, xarici şirkətlər fırtına xəbərdarlığını alandan sonra öz işçilərinə dənizə çıxmağı qadağan etmişdi. Amma SOCAR rəhbərliyi bu addımı atmadı. Bu isə o deməkdir ki, SOCAR rəhbərliyi həmin şəxslərin həlak olmasında birbaşa məsuliyyət daşıyır. Çünki bunlar əmək təhlükəsizliyini pozublar. Onlar barəsində cinayət işi qaldırılmalıdır. Biz isə bunu görmürük. Binəqədidə bina yanğını zamanı da FHN-in kifayət qədər günahı var idi. Bu məsələyə də diqqət yetirilməli idi.

“Bu faciə təkcə neftçi ailələrinin deyil”

– Binəqədidə binanın üzlüyünün yanması nəticəsində baş verən faciədən dərhal sonra dövlət başçısının rəhbərliyi altında xüsusi müşavirə çağrıldı. Amma “Günəşli” yatağında baş verənlə bağlı biz bunu müşahidə etmədik. Bunun səbəbi nədir?

– Biz sovet dövrünə öyrəşmişik ki, bir hadisə baş verən kimi müşavirə çağırılmalıdır. Müşavirə çağırmadan da bu məsələni yoluna qoymaq olardı. Əslinə qalanda “Günəşli” yatağında baş verən bütün naqisliklər Binəqədidə binanın üzlüyünün yanmasından başlamışdı. Baş verənə görə FHN-in heç bir məsul işçisi həbs olunmadı. Həbs olunanlar yalnız MIS sədrləri oldu. Daha sonra bu üzlükləri istehsal edən müəssisənin rəhbərliyi məsuliyyətə cəlb olundu. O da bilinmir ki, onlarla bağlı aparılan araşdırma hansı formada olacaq. FHN onun üçündür ki, fövqəladə hallara insanları hazırlasın və təhlükəsizliyi vaxtaşırı yoxlasın. SOCAR və FHN rəhbərliyi “Günəşli” yatağında baş verən hadisəyə görə birbaşa məsuliyyət daşıyan şəxslərdir. Onlarla bağlı ciddi tədbirlər görülməlidir. Insanlar bunu gözləyir. Allah bu faciədə ölənlərin hamısına rəhmət eləsin, onların ailələrinə səbr diləyirəm. Amma bu faciə təkcə o ailələrin deyil. Çünki bu hadisə hər bir yerdə ola bilərdi. Bu o deməkdir ki, bu hakimiyyətin strukturları belə fors-major hallara hazır deyil.

“Heydər Əliyev Nardarana çox ehtiyatla yanaşırdı”

– Nardaranda baş verənlərdə də bir sıra maraqlı məqamlar var. Bütöv bir kənd sınağa çəkildi. Insanların qazı, işığı kəsildi, çörək verilmədi. Bu addımları necə dəyərləndirmək olar? Dövlət vətəndaşına qarşı belə davranmalıdırmı?

– Nardaran olayları özü ciddi araşdırma obyekti olmalıdır. Nardaranda uzun müddətdir ki, müəyyən proseslər gedir və biz bu prosesləri tam formada bilmirik. Amma görünən budur ki, Nardaranda Azərbaycan qanunlarından fərqli və şəriət qanunlarına uyğun sistem formalaşmışdı. Hələ Heydər Əliyevin dövründə bu məsələlər gündəmdə idi. Hələ o zaman Heydər Əliyev Naradarana çox ehtiyatla yanaşırdı. Bilirdi ki, Nardaran çox heysiyyatlı yerdir və orada çox kobud hərəkətlər etmək olmaz. Orada insanlarla danışıqlar aparılmalıdır. Naradaranda Ağsaqqalar Şurası mövcuddur. Nardaran olayları təkcə bu kəndlə bağlı deyildi. Tale Bağırzadə həbsdən çıxandan sonra hakimiyyətin, korrupsiya sisteminin əleyhinə xeyli çıxışlar edirdi. Bu çıxışlar da hakimiyyəti qıcıqlandırırdı. Amma ona baxmayaraq Tale Bağırzadə Nardaran olaylarından əvvəl MTN-ə çağırılmışdı, o da gedib ifadə vermişdi. Hadisələrdən əvvəl Tale Bağırzadənin müavinini həbs etmişdilər. Yəni proses əvvəlcədən başlamışdı. Amma zibil maşını ilə kəndə girmək və xüsusi əməliyyat hazırlamaq yanlış idi. Bu məsələ öz ölkəndə vətəndaşına qarşı atılan addım deyil. Həmin əməliyyatı sərhəd bölgəsində ermənilərin hər hansı birləşməsinə qarşı aparmaq olardı. Indiyə qədər hakimiyyət bu şəxslərin xaricə, terror təşkilatlarına bağlı olması ilə əlaqədar bir material belə təqdim etməyib. Milli Şura olaraq biz tələb etdik ki, Nardaranda operativ çəkilişlər olub. Həmin çəkilişlər təqdim olunsun. O çəkilişlər ortaya çıxsa insanlar baş verənin məğzini anlayar. Belə çıxır ki, prezidentə yarınmaq üçün bəzi şəxslər bu əməliyyatı hazırladılar və guya ciddi bir təxribatçı qrupu həbs etdilər. Əslində isə burada çox səbatsız əməliyyat keçirildi. Bu əməliyyata heç bir ehtiyac yox idi. Tale Bağırzadəni doğrudan da həbs etmək lazım idisə, onu MTN və ya başqa struktura çağırıb, orada həbs etmək olardı. Amma xüsusilə o ərəfədə kənddə belə bir addım atmaq yanlış idi. Allah bu atışmada ölənlərə – polislər də içərisində olmaqla hamısına rəhmət eləsin. Amma bu qaydada əməliyyatın keçirilməsi dövlətə yaraşan hadisə deyildi. Ona görə düşünürəm ki, Nardaranda baş verənlərin fonunda bu da araşdırma predmeti olmalıdır.

“Fuad Qəhrəmanlının həbsi cəmiyyətdə xof yaratmağa hesablanıb”

– Hakimiyyət apardığı təbliğatda Naradaranı terror yuvası kimi qələmə verməyə çalışır. Eyni zamanda Milli Şura, AXCP də bu qanunsuz fəaliyyəti dəstəkləməkdə ittiham olunur. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsi də məhz Nardaran olayları ilə əlaqələndirilməyə çalışılır. Hakimiyyət bununla nə etməyə çalışır?

– Hakimiyyət indiyə kimi bu terror qruplaşması barədə məlumat verməyib. Bu qruplaşmanın hansı silahları var idi, onlar nə etmək istəyirdilər? Bunların heç biri ictimaiyyətə təqdim olunmayıb. Ona görə bu versiyalar hamısı havadan asılı vəziyyətdə qalacaq. Bu məlumatların əksəriyyəti MTN-ə bağlı olan saytlarda dərc edilirdi. Bunların heç bir əsası yoxdur. Milli Şuranın bu hadisəylə bağlı bəyanatı var. Həmin bəyanatda biz məsələləri çox açıq şəkildə qoymuşuq. Biz bəyan etmişik ki, Milli Şura dövlətə qarşı olan hər bir təşkilatın qarşısında olacaq. Milli Şura harada insan hüquqları pozulursa, orada olacaq. Fuad Qəhrəmanlının həbsinə gəldikdə isə, o, AXCP-nin rəhbərliyinə daxildir və Əli Kərimliyə yaxın şəxslərdəndir. Fuad Qəhrəmanlı qəti, tənqidi mövqeyi ilə seçilən şəxsdir. O, ölkədə baş verən bütün hadisələrə orijinal münasibətini bildirib. Bu münasibət də heç zaman Milli Şuranın mövqeyindən fərqlənməyib. Düşünürəm ki, Fuad Qəhrəmanlının həbsi cəmiyyətdə xof yaratmaq məqsədi daşıyır. Bu addım ölkədə qəti mövqeyini bildirən şəxslərin gözünü qorxutmağa hesablanıb. Bu həbsin daha bir səbəbi Əli Kərimliyə qarşı yönəlib. Hakimiyyət güman edir ki, bu yolla Milli Şuranı, AXCP-ni zəiflədə biləcək. Onların bu gümanı yanlışdır və öz məqsədinə çatmayacaq.

“Əliyev hakimiyyətdaxili prosesləri idarə edə bilmir”

– Belə düşünülür ki, hakimiyyətin bu repressiyası gələcək sosial gərginliyin qarşısını almaq məqsədi daşıyır. Yəni bu baxımdan repressiya dalğasının yenidən vüsət alması təsadüfi deyil. Bu addımlar sosial narazılığın təşkilatlanmış formaya keçə bilməməsinə hesablanıb?

– Birincisi onu qeyd edək ki, hakimiyyət 2013-cü ildən başlatdığı repressiya dalğasını daha da gücləndirməkdədir. Ilham Əliyevin hakimiyyəti dövründə bu repressiyaların sayı günü-gündən artmaqdadır. Fikir verin, dünya birliyinin təzyiqi ilə Arif və Leyla Yunusu həbsdən azad edən hakimiyyət daha sonra Fuad Qəhrəmanlını tutur. Bu proses indi yox, xeyli müddətdir başlayıb. Amma artıq bu addımların bir effekt verəcəyini gözləmək əbəsdir. Insanlar bu qorxu mərhələsini çoxdan adlayıb. Digər tərəfdən, bu addımların atılmasının da öz xüsusi səbəbləri var. Hakimiyyət daxilində ciddi proseslər gedir. Biz dəfələrlə demişik ki, Azərbaycanda siyasi, hüquqi, sosial islahatlar keçirilməzsə, cəmiyyət çürüməistiqamətində gedəcək. Hakimiyyət artıq daxilində baş verənləri gizlədə bilmir. Bunu MTN-lə bağlı baş vermişlər də sübut edir. Hakimiyyət daxilində şəxslər o qədər harınlayıb ki, dövlət başçısı onları idarə edə bilmir.

– Məlum olub ki, 2004-cü ildən 2013-cı ilə qədər ölkədən 95 milyard pul çıxarılıb. Azərbaycanın hazırda maliyyə sıxıntısı çəkdiyi bir zamanda belə halın yaranmasına kim məsuliyyət daşıyır?

– Bütün bu olaylar əlaqəlidir. Bu onu göstərir ki, hakimiyyət Azərbaycanda birbaşa korrupsiya, rüşvət mexanizmini işə salıb. Hakimiyyət Azərbaycan vətəndaşını talamaqla məşğuldur. Ya MTN olaylarına baxın. Hazırda məlum olur ki, MTN-in rəhbəri tək nazir deyildi. O, həm də bir biznesmen, quldur, banda rəhbəri idi. Ölkənin təhlükəsizliyi qalmışdı qıraqda, ölkə üçün təhlükəli fəaliyyətlə məşğul idi. Bütün bunlar hamısı ona gətirib çıxarır ki, ölkəyə rəhbərlik edən elita içəridən çürüməyə başlayıb. Hakimiyyətin bu dərəcədə korrupsiya və rüşvətə qurşanması, mafiya qaydaları ilə idarə olunması başqa strukturlara da təsir edir. Bu isə ölkənin həyatında ciddi fəsadlara səbəb olur. Indi məlum olur ki, dövlət məmurları dövlətin təhlükəsizliyinə əməl etmirlər. Onlar daha çox öz şəxsi bizneslərini, tayfa üzvlərinin postlara yerləşdirilməsi ilə məşğul olublar. Ona görə həqiqətən də Azərbaycanı 2016-cı ildə ciddi sınaq gözləyir. Neftin qiymətinin düşməsi, ölkədaxilində olan qüvvələrin bir-birilə mübarizəsi son nəticədə iqtisadiyyatın xeyli zəifləməsinə, sosial partlayış halına gəlməsinə səbəb ola bilər. Biz bunu arzulamırdıq. Amma hökumət bunlara qarşı hər hansı əsaslı tədbir görmür. Tədbir ondan idarət ola bilər ki, böyük siyasi iradə göstərib Azərbaycanda demokratik islahatlara başlansın. Bəlkə bundan sonra cəmiyyət xeyir götürər.

“Büdcəni cərimələrlə doldurmaq mümkün deyil”

– Hər ötən gün vətəndaşlara qarşı tətbiq edilən cərimələr daha da sərtləşdirilir. Bunun səbəbi nədir? Yoxsa, hakimiyyət maliyyə böhranından çıxmaq üçün büdcəni belə doldurmaq istəyir?

– Bu hakimiyyət odu söndürüb, küli ilə oynayır. Büdcəni doldurmağın çox sivil metod və vasitələri var. Azərbaycanda normal demokratik, iqtisadi, hüquqi, sosial islahatlar keçirilirsə, büdcənin dolması problem deyil. Dövlət insanlara imkan verməlidir ki, onlar qazansın və vergi versin. Həmin insanlar da oliqarxlar və onların ətrafı deyil, sadə vətəndaşlar olmalıdır. Bax, bu şərait yaradılandan sonra qanunları sərtləşdirmək, cərimələri artırmaq olar. Qanuna edilən dəyişiklər baş aldatmaqdır. Onun heç bir nəticəsi olmayacaq. Büdcəni bu formada doldurmaq mümkün deyil. Əksinə, bu, sosial vəziyyəti daha da ağırlaşdıracaq və cəmiyyətdə birmənalı dəyərləndirilməyəcək.

– Məlum olub ki, Azərbaycanda il ərzində cəmi 20 bəraət hökmü çıxarılıb. Bu isə 37-ci ilin göstəricisinə bərabərdir. Bu fakt necə qiymətləndirilməlidir?

– Əslinə qalsa, bəraət hökmü çıxarılan işlər araşdırılsa, məlum olacaq ki, onlar hakimiyyətin marağında olmadığından belə olub. Azərbaycanda məhkəmə sistemini elə hala qoyublar ki, o, müstəqil hər hansı qərar çıxara bilməz. Nəticədəməhkəmə sistemi də ciddi islahatlara ehtiyac duyur. Hakimlərin çoxu rüşvətsiz, mənfəətsiz hökm çıxarmır. Həbsdə yatanların 40 faizi əslində bəraətdə olan insanlardır. Siyasi həbslərə diqqət yetirin. Onların hamısı günahları olmadan yatan şəxslərdir. Bunların qarşısı alınmalıdır.

– Eldar Mahmudovun hələ də azadlıqda olması nəyin təzahürüdür? Ortada olan faktlar onun həbsinə kifayət etmirmi?

– Bu iki səbəbdən ola bilər. Əslində belə şəxslərin həbsi üçün xeyli əsaslar var. Sadəcə olaraq MTN rəhbəri sıradan bir şəxs deyil. O, təhlükəsizliklə bağlı xeyli məlumatı özündə daşıyır. Ola bilər ki, hakimiyyət həmin şəxsin istintaqlaəməkdaşlığını gözləyir. Faktlar öyrənildikdən sonra o həbs oluna bilər. Eyni zamanda o da nəzərə alınmalıdır ki, Eldar Mahmudov sıradan bir şəxs deyil. O, hakimiyyətin qoluna mənsub şəxsdir. Ona görə bəzi mətləblərin ortaya çıxması hakimiyyətdaxili məsələləri qızışdıra bilər.

Xəyal Şahinoğlu