2016 seçkiləri hakimiyyətə nə vəd edir?

gurcustan1Gürcüstan hakimiyyəti növbəti Parlament seçkisinə problemlər, həm də verdiyi, amma yerinə yetirmədiyi vədlər fonunda gedir

Gürcüstanda 2016-cı il Parlament seçkilərinə qədər iqtidar iqtisadi şəraiti yaxşılaşdırmaq, media azadlığını təmin etmək imkanlarını özündə saxlayır, müxalifət isə hazırkı durumdan yararlanaraq yerli və beynəlxalq aləmin diqqətini ölkəyəcəlb etmək uğrunda çalışır.

Amma bütün bunların fonunda Gürcüstan təkcə Cənubi Qafqazın deyil, keçmiş SSRI-nin “azadlıq adası” titulunu qoruyub saxlayır. Buna görə də orada baş verən proseslərə maraq böyükdür.

“Rustavi 2″ TV kanalı

Müxalif Milli Hərəkat Partiyasına yaxınlığı ilə seçilən “Rustavi 2″ ətrafında xeyli müddətdir qızğın proseslər gedir. TV rəhbərliyi hakimiyyəti media qurumunun fəaliyyətinə müdaxilədə günahlandırır. Rəsmi məlumatlara görə, TV ətrafındakı qalmaqal biznes fəaliyyəti ilə əlaqədardır.

Belə ki, TV-nin keçmiş rəhbəri “Rustavi 2″ni geri almaq üçün iddia qaldırıb. Hakimiyyət isə bütün ittihamları rədd edir. ”Rustavi 2″ ilə bərabər “Maestro TV”yə də təzyiqlər edilir, “Ictimai” TV və “Imedi” TV-də iki siyasi tok-şou verilişi dayandırılıb.

Baxmayaraq ki, “Rustavi 2″yə rəhbərlik səlahiyyəti hazırkı sahiblərinə qaytarılıb, amma TV-nin sonrakı taleyi müəmmalı olaraq qalır. Son söz Konstitusiya Məhkəməsinindir.

2008-ci ilin avqustundan sonra Rusiya və Gürcüstan arasındakı münasibətlər kəskinləşdi, sərhədlər bağlandı. Əlaqələr yeni iqtidarın dövründə qismən bərpa olunmağa başlandı. Bundan əlavə, Rusiya əleyhinə sərt bəyanatlar səslənmir, Ukrayna məsələsində rəsmi Tbilisi ehtiyatlı davranır. Bir sözlə, Saakaşvili hakimiyyəti zamanı Rusiyaya olan münasibət 180 dərəcə dəyişib.

Verilmiş və yerinə yetirilməmiş vədlər

“Gürcü arzusu” blokunun seçkidə qalib gəlməsi ilk baxışdan sürpriz görünsə də, mümkünsüz deyildi. Birincisi, bu seçki blokuna rəhbərlik edən şəxsin siyasi keçmişi yox idi, onu yalnız milyarder kimi tanıyırdılar, ikincisi, bloka bir neçə siyasi partiya qoşulmuşdu, ən nəhayət vədlər.

Təbii ki, səslənmiş vədlər arasında ən diqqət çəkəni iqtisadi sahədə idi. Belə ki, yeni hökumət xalqa söz vermişdi ki, əhaliyə faizsiz kreditlər, bütün sahələr üzrə dotasiya veriləcək və 100 zavod tikiləcək.

Sosial sferada 500 lari pensiya, ipoteka kreditlerinin bağışlanması… bunlar baş vermədi. Əksinə, 40 faizlik devalvasiya, elə bir o qədər faizlik inflyasiya da vəziyyəti gərginləşdirdi. Bunlar sıravi Gürcüstan vətəndaşını maraqlandıran məsələlərdir.

Siyasi elita isə həm bu, həm də digər narahatlıqlarını bildirir. Çünki, blok 2012-də yalnız Parlament seçkilərini udmuşdu, bələdiyyələr və Tbilisi şəhərində isə müxalifət hakimiyyətdəydi. Əvvəlki qanunvericiliyə görə, yalnız Tbilisidə meri xalq seçirdi, regionlarda isə sədri bələdiyyə üzvləri öz aralarından seçirdilər. Belə ki, yeni hökumət regionlarda daha çox özünə loyal adamları yerləşdirməyə başladı, amma eyni metodu paytaxtda tətbiq edə bilmədilər, çünki meri xalq seçirdi. Hətta, hökumətin iclaslarının birində keçmiş baş nazir Bidzina Ivanişvili ilə keçmiş mer Gigi Uqulava arasında polemika da yaşanmışdı. Uqulava baş nazirə, “səni Parlament təsdiq edib, məni isə xalq seçib” demişdi. Onun hakimiyyəti isə2014-cü ilədək davam etdi. Hazırda “işində buraxdığı nöqsanlara görə” həbsdədir.

2015-ci ildə Ali Məhkəmə və onun kollegiyasının əksəriyyəti “Gürcü arzusu” blokuna yaxınlığı ilə seçilənlərdən təşkil olundu. Bundan sonra “Rustavi 2″ TV kanalına təzyiqlər başlandı.

Yalnız Konstitusiya Məhkəməsi və Mərkəzi Bank rəhbərliyi köhnə hakimiyyətin vaxtından qalandır, çünki səlahiyyət müddətləri hələ bitməyib.

Korrupsiya, polis, tender, səhiyyə

Hələ də Saakaşvilinin qurduğu sxem işləyir. Hökumətin ciddi müdaxiləsi hiss olunmur, çünki bundan yaxşısı hələ ki, mövcud deyil. Əksi isə, Sovet dönəmində olduğu kimi, “kontora”lara qayıtmaqla nəticələnə bilərdi. Daxili Işlər Nazirliyi sistemində orta və kiçik zabit heyəti də Saakaşvili vaxtından qalmadır.

Amma tender məsələsində vəziyyət bir qədər fərqlidir. Belə ki, qanunvericiliyə görə, tenderdə hansısa təcrübəsi olmayan, yeni yaranan şirkətlər də iştirak edə bilər. Hətta müsabiqəsiz də tenderləri udmaq mümkündür, təbii ki, bu zaman şirkətin bütün tenderləri hökumətə yaxınlığı ilə seçilən şəxslərə müsabiqəsiz verilir. Yerli ekspertlərə görə, bu da ölkədə tikinti sektorunun zəifləməsinə, biznesin inkişafdan qalmasına səbəb olur.

Gürcüstanda icbari səhiyyə sığortasının tətbiqini uğurlu, eyni zamanda da uğursuz islahat kimi səciyyələndirmək olar. Birincisi, əhali bunda udur, sığorta şirkətləri uduzur, müştəri itirir və alternativ təkliflər olmadığı üçün işsizlik yaranır. Səhiyyə islahatı da əhalini sonadək sevindirmədi, zaman keçdikdə, ödənişsiz dərmanların sayında azalma müşahidə olundu.

2012-ci ildə demokratik seçki nəticəsində Mixail Saakaşvilinin partiyası – Milli Hərəkat məğlub oldu və müxalifətə keçdi. 2013-cü ilədək ölkəni yeni hökumət və Saakaşvili idarə etdi. Bir il ərzində prezident və hökumət başçısı arasında nəinki ciddi fikir ayrılığının, hətta böyük bir uçurumun olduğu aydın nəzərə çarpdı.

Saakaşvilinin prezidentlik müddəti başa çatdı və o getdi.

Gürcüstanın ona qədər iki prezidenti olmuşdu – Şevarnadze və Qamsaxurdiya. Onların hər ikisini xalq seçsə də, nəticədə xalq da devirdi. Saakaşvili isə səlahiyyət müddətini sonadək başa vurdu. Bəlkə də o, 2012-ci il parlament seçkilərini saxtalaşdırsaydı, sələfləri kimi eyni aqibəti yaşaya bilərdi, çünki toplum arasında onun şəxsiyyətinə diqqət çox böyük idi. Belə ki, Saakaşvilinin prezidentliyinin ilk 2-3 ilində kifayət qədər yaxşı işlədiyi deyilir. Ən ciddi islahatları da məhz bu illərdə reallaşdırıb, 2007-ci ilin 7 noyabrınadək. Etiraz edən əhalini polislərə vəhşicəsinə döydürməsinədək….

Daha sonra Rusiya ilə münasibətlərin kəskinləşməsi, Cənubi Osetiya və Abxaziyanı rəsmən itirməsi, işsizliyin artması… ən nəhayət, həbsxanalarda məhbusların zorlanması ona olan rəğbəti ikinci plana keçirmişdi. 2012-ci ildə isə ölkəsindəki bütün problemlərə baxmayaraq seçkidə məğlubiyyətini qəbul etməsi, onun məhz demokrat kimi hakimiyyətdən getməsi ilə nəticələndi.

2016 seçkiləri

2014-cü ildə yerli idarətemə orqanlarına keçirilən seçkilərdə “Gürcü arzusu” çox çətinliklə qələbə qazanmışdı. Tbilisi də daxil olmaqla, bir sıra regionlarda iqtidar qələbəni yalnız ikinci turda əldə edə bilmişdi. Iqtidarın əsas məqsədi Saakaşvilinin partiyasını siyasi arenadan silmək idisə, əksinə, müxalifət səs faizlərini artıraraq hakimiyyət üçün əsas rəqib olduğunu bir daha təsdiqləmiş oldu. Nəzər alsaq ki, o zaman nə devalvasiya, nə inflyasiya, nə də “Rustavi 2″ söhbəti vardı. Hakimiyyət növbəti Parlament seçkisinə bu problemlər, həm də verdiyi, amma yerinə yetirmədiyi vədlər fonunda gedir. Hakimiyyət öz siyasətini Saakaşvili və onun müxalifət partiyası üzərində qurur, hələ də onları tənqid edir, hələ dəölkədəki çatışmazlıqlara görə onları qınayır. Özü də fərqinə varmadan müxalifətin siyasi reklamı ilə məşğul olur və onu gündəmdə saxlayır.

Seymur Kazımov,

Bakıdan “BBC Azərbaycanca” üçün