Latviya sərhəd xidmətinin nümayəndəsi Yevgeniya Poznyak BBC Rus xidmətinə deyib ki, Latviya və Rusiya arasındakı sərhəd xəttinin üçdə biri hasarlanacaq.
Onun sözlərinə görə, Latviya-Rusiya sərhədinin qurulması layihəsinə 2015-ci ildə başlanıb, bu bazar ertəsindən isə bilavasitə hasarın inşası həyata keçirilir.
“Hasar yalnız müəyyən yerlərdə lazımdır və o, 270 kilometrlik sərhədin 90 kilometrində qurulacaq. Sərhədin hasarlanmış sektorlarının uzunluğu 2-5 kilometr olacaq. Bu sərhədin qanunsuz keçilməsinin önlənməsi və onun lazımı texniki qurğularla təchizatı üçün vacibdir”, deyib Poznyak.
Onun sözlərinə görə, 2015-ci ildə sərhədin qanunsuz keçilməsi cəhdləri xeyli artıb.
“Keçən il biz 144 nəfəri saxlamışdıq, bu il isə onların sayı 500-ə yaxınlaşıb. Yəni söhbət üç dəfə artımdan gedir. Bunlar əsasən sərhədi qrup şəklində keçən vyetnamlılardır”, deyib xanım Poznyak.
Bundan əvvəl sərhədi qanunsuz keçənlərin saxlanması və onların vətənlərinə qaytarılması Latviya üçün problemlər yaradıb. İndi isə, xanım Poznyakın dediyinə görə, qanunsuz mühacirlərin gəldikləri ölkəyə qaytarılması proseduru sürətləndirilib. Lakin son zamanlar onların gəldikləri ölkənin məhz Rusiya olduğunu isbat etmək xeyli çətinləşib.
Beləliklə, indi onları Rusiyaya yox, məsələn, Vyetnama qaytarmaq lazım gəlir. Buna görə də belə mühacirlərin müvəqqəti saxlanması üçün Latviyada yerlərin ayrılmasına ehtiyac var.
Yevgeniya Poznyak deyib ki, onları bir müddət polis məntəqələrində saxlamaq lazım gəlirdi.