“Nardaranda pulu olmayanın işığı yanmır”

natiq-kerimov1Nardaranda vəziyyət normaldılr. Düşünürdüm ki, anlaşma olandan sonra Daxili Qoşunlar kənddən çıxarılar, hələ ki nə bir texnika, nə də qoşunlar kənddən çıxarılıb.

Bunu Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib. Onun sözlərinə görə, Daxili Qoşunlar və texnikalar hələ də İmam Hüseyn meydanındadır: “Nardaranda kommunal xidmətlərin bərpası istiqmaətində iş gedir. Mən tarixində belə sürətlə iş aparılmasını görməmişdim. İşıq verilib, amma kimin pulu varsa, işığı yandırır, olmayan yenə qaranlıqda qalır. Deyilənə görə, bir-iki yerə qaz da verilib, amma hələ biz tərəflərdə yoxdur. Yəqin tezliklə o da bərpa olunar”.

Natiq Kərimov deyib ki, əsas narahatlıqları tutulanların harada saxlanılmaları ilə bağlıdır: “Onların hansı maddələrlə həbs olunmaları, harada saxlanmaları məlum deyil. Ailələr narahatdır, onların dəqiq harada olmalarından xəbərimiz yoxdur. Qanunla evə zəng etmək imkanları olmalıdır, amma etmirlər. Ümumiyyətlə, ailələr ərlərinə, övladlarına, atalarına hansı maddə ilə cinayət işi açılmasından xəbərsizdilər. Bunlar hamısı elan olunmalıdır. Hər kəsin vəkil tutmaq imkanlı yoxdur. Kimin vəkili varsa bilir ki, ona cinayət işi açılıb, ya yox, ya da harada saxlanılır. Bu barədə qanunun aliliyi qorunmur”.

Kənd ağsaqqalı işsizlik probleminə də toxunub: “Qazdan, işıqdan da öndə işsizlik problemidir. Həll olunmasa yara qaşınacaq, arabir qan verəcək. Tam həll olunmayan məsələdir. Düzdür, bütün Azərbaycanda iş poroblemi var, amma bizdə kəskin formadadır. Kənd sakinlərinin ən azı 95 faizi işsizdir”. (Modern.az)