1952-ci ilin 4 iyul tarixində belə bir hadisə baş vermişdi. 34 yaşlı bir qadın Sakit okeana çıxaraq Katalina adasından 21 mil qərbdə qalan Kaliforniyaya doğru üzməyə başladı. Əgər uğur qazansa, bunu bacaran ilk qadın olacaqdı. Florance Çadvick adlı bu üzgüçü Manş dənizini hər iki istiqamətdə keçən ilk qadın idi. O səhər su bədəni keyidəcək qədər soyuq və sis dumanı o qədər sıx idi ki, üzgüçü onu müşayiət edən gəmiləri çətinliklə seçə bilirdi. Milyonlarca insan televiziyadan onu izləyirdi. Florance köpək balıqlarının təhlükəsini və dondurucu soyuğun təsirini heçə sayaraq 15 saat üzdü. Sonra yaxındakı gəmidə olan anasına və məşqçisinə onu sudan çıxarmağı işarə etdi. Onlar quruya çox yaxınlaşdığını söyləsələr də, razılaşmadı. Sonra cəsur üzgüçü Kaliforniya sahilinə yarım mil qalmış sudan çıxmasının səbəbini belə açıqladı: “Sahili görə bilsəydim, bacaracaqdım!”. Çünki onun dayanmasının səbəbi yorğunluq və soyuq deyildi. Tək səbəb duman və sis üzündən çox yaxınlaşdığı sahili görə bilməməsi idi…
Bəzən insan həqiqətən bulanıq mühitin toz-duman içində böyük əzab-əziyyətlə gəlib lap yaxınlaşdığı hədəfi görməyə bilər. Uca aşırımlardan, yoxuşlardan keçib anidən bir yerdə dayana bilər. Yorulmadan, tükənmədən belə, bir nöqtədədayanmaq qərarı verər öz-özünə. Hansı ki, arzusunda olduğu hədəf lap yaxındadır. Bəlkə də, son gücünü toplayıb bir daha irəli atılsa, düz o nöqtəyə çatacaq. Bir az da inad göstərsə, finiş xəttinə yetişdiyini görəcək. Lap azacıq da dirənsə, həyatının ən böyük uğuruna imza atmış olacaq. Əslində, qazanmaq fiziki enerjidən daha artıq inam və ruh yüksəkliyinə bağlı məsələdir. Bir mübarizədə və ya savaşda qazanan tərəf sözsüz ki, psixoloji baxımdan daha hazırlıqlı olandır. Məhz o psixoloji hazırlıq, əzm tərəddüd etmədən irəli getməyə, “sahili” görmədən əzmlə hədəfə doğru üzməyə ruhlandırır. Bu, bəlkə də, insanı yorulmağa, dayanmağa, vaz keçməyə qoymayan başlıca səbəbdir elə.
Özünə qapanan, yenilikləri qəbul etməyən, dəyişməyən və müasirləşməyən cəmiyyət şəksiz ki, insan həyatına mane olmağa başlayır. Çevrəmizdə hədəf seçdiyi xəyallarına, gələcəyə “üzməkdən” imtina edən yüz minlərlə insanın dərdi nədir, sizcə? Insanlar niyə yolun yarısında əlini yelləyib bir kənara çəkilir? Niyə insanlar on illərini verdiyi arzularından bir anın içindəcə əlini üzüb dönüb gedir? Yoxsa yaxşı yaşamaq istəmir bu insanlar, həyatını dəyişmək, gözəlləşdirmək, rəngləndirmək istəmir? Belə deyil, şübhəsiz. Yaxşı yaşamağı, bəlkə də, hamıdan çox onlar arzu edir. Bəlkə də, hamıdan çox onlar acısını çəkir yarımçıq qalan xəyallarının. Bəlkə də, hər kəsdən daha artıq onların canı yanır. Amma bütün bunlar çarə deyil. Bəzən 20-30 il əzm göstərib yol gələrsiniz, sonra hədəfi görmədiyiniz üçün geri dönərək həyatınızın ən böyük yanlışını etmiş olarsınız. 15 saat dayanmadan üzən Florance kimi bir daha düzəldə bilməzsiniz o səhvinizi. O üzdən, heç bir halda dumana-sisə qapılıb hədəfinizin əlçatmaz olduğunu düşünərək, yolu yarıda buraxmayın. Uzun məsafələri gəlib, bəlli bir məqamda “bacarmadım” deyib durmayın. Mümkün olanı imkansız sanıb əl-qolunuzu boşaltmayın. Hələ bir az da qolunuzda güc, canınızda təpər varsa, özünüzə haqsızlıq edib xəyallarınızdan vaz keçməyin. Kim deyə bilər ki, vaz keçdiyi an həyatının uzun illərini verdiyi o arzunun bir barmaq məsafəsində imiş elə?