Samir Əliyev: «Manatı hazırkı səviyyədə saxlayıb ehtiyatları azaltmağın yeri yoxdur»
Dünya bazarında neftin qiymətinin 40 dollarlıq psixoloji baryeri keçməsi və son bir neçə gün kəskin ucuzlaşması neft ixrac edən dövlətlər üçün ciddi təhlükə yaradıb. Manatın isə məzənnəsinin daha çox neftin qiymətindən asılı olduğunu nəzərə alsaq qarşıdakı aylarda milli valyutanı heç də xoş olmayan günlər gözlədiyini demək olar. Mərkəzi Bankın hər ay rezervlərinin bir hissəsini məzənnənin qorunub saxlanmasına xərcləməsi bankı pis vəziyyətdə qoyub. Neftin qiymətinin aşağı düşməsi dolların manata olan təzyiqini artıracaq ki, bu da artıq ikinci devalvasiyanı qaçılmaz edəcək.
Amma ikinci devalvasiyanın təsadüf edəcəyi zaman da təhlükəlidir. Qış ayında ölkəyə idxal olunan malların artdığını nəzərə alsaq manatın devalvasiyası bu malların daha baha qiymətə alınmasına səbəb olacaq. Nəticədə idxaldan asılı olan ölkə bir qədər də artıq maliyyə ödəməli olacaq. Baş verənlər manata nə vəd edir? Hökumət ikinci devalvasiyaya nə qədər müqavimət göstərə biləcək? Ikinci devalvasiya zamanı manatın nə qədər ucuzlaşacağını gözləmək olar? Bu suallara iqtisadçı Samir Əliyevlə aydınlıq gətirməyə çalışdıq.
S.Əliyev bildirdi ki, əgər əvvəllər ikinci devalvasiyanın olacağını qəbul etmirdilərsə, hazırda bu addımın qaçılmaz olduğunu anlayırlar. S.Əliyevin sözlərinə görə, dövlət rəsmiləri neftin qiymətinin 40 dollara qədər enməsinin Azərbaycanın tədiyyə balansı üçün problemlər yaratmayacağını deyirdilər. Amma proseslər onu göstərir ki, vəziyyət heç də deyildiyi kimi deyil və Mərkəzi Bankın valyuta ehtiyatları hər ay azalır: “Mərkəzi Bankın rezervləri bir ildə iki dəfədən artıq, keçən ay isə altı yüz milyon azalıb. Neft Fondunda da kəsir yaranıb. Hesablamalar görə Neft Fondunda iki milyarda qədər kəsir yaranmalıdır. Ona görə manatı hazırkı səviyyədə saxlayıb ehtiyatları azaltmağın yeri yoxdur. Mərkəzi Bankın ehtiyatı altı milyarda yaxınlaşıb. Buna ”qırmızı xətt” demək olar. Ona görə hökumət yaxınlarda manatın yumuşaldılmasına gedəcəkdir. Bu gələn həftə də baş verə bilər, bir aydan sonra da”.
Üzən məzənnəyə keçidin hazırda gündəmdə olduğunu deyən S.Əliyev bildirdi ki, MB tədricən bu kursa keçəcək: “Iki yol var. Ya fevraldakı kimi kəskin devalvasiya, ya da tədricən üzən kursa keçmək. Hökumət çalışacaq ki, maksimum dərəcədə yumşaq devalvasiyaya getsin. Amma hökumət kəskin ssenarini də həyata keçirə bilər. Hazırda o da nəzərə alınmalıdır ki, vəziyyət fevralda olduğundan fərqlidir. Insanların çoxu vəsaitlərini dollara keçirib. Dollarlaşma kifayət qədər aparıldığına görə, ciddi panika görünmür. Indi məsələ üzə çıxır ki, müəyyən qruplar müəyyən dərəcədə maliyyə təxribatına yol verdilər. Biz gələn həftə manatın ucuzlaşmasını müşahidə edə bilərik. Amma yəqin ki, dolların uçot dərəcəsinəbaxılına qədər bu istiqamətdə ciddi irəliləyişin olacağını gözləməyə dəyməz. Əgər Amerikanın Mərkəzi Bankı dolların uçot dərəcəsini qaldıracaqsa biz neftin bir qədər də ucuzlaşmasını və dolların daha da möhkəmlənməsini müşahidə edəbilərik”.
Xəyal