Cərimələrlə büdcəni doldurmaq mümkün olacaqmı?

DSCN2188«Bu yolla büdcə doldurmağı nəzərdə tutan siyasət iflasa uğrayacaq»

Məhəmməd Talıblı: «Biz xərcləyəndən sonra qənaət etməli deyildik, qənaət edəndən sonra xərcləməli idik»

Samir Şərifov: «Israfçılığa qarşı sərt tədbirlər həyata keçiriləcək»

Ölkənin ciddi maliyyə çətinliyi keçirdiyi bir zamanda vətəndaşlara qarşı tətbiq edilən müxtəlif cərimələrin artırılması diqqət çəkir. Həmin cərimələr sırasında qonşuları narahat etdiyinə, adam döyüdüyünə, içkili halda avtomobili darə etdiyinəgörə tətbiq edilən cərimələr kəskin artırılıb. Eyni zamanda sahibkarlara, taksi sürücülərinə qarşı da cəza tədbirləri sərtləşdirilib. Bütün bunlar isə onu deməyə əsas verir ki, hökumət büdcəyə əlavə maliyyəni məhz bu yolla cəlb etməyə çalışır. Hökumət heç də islahatlar aparmaq və inhisarı aradan götürmək barədə düşünmür.

Bu arada maliyyə naziri Samir Şərifovun da açıqlaması maraq doğurur.

“2016-cı ildə büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlər həyata keçiriləcək”. Bunu S.Şərifovÿnazirlikdə 2016-cı ilin dövlət büdcəsi ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib.

Dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılmasının vacibliyini qeyd edən Kollegiyanın sədri nazirliyin aidiyyəti struktur bölmələri, rayon və şəhər üzrə maliyyə orqanları üçün 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli gəlirləri üzrə nəzərdə tutulmuş daxilolmaların artırılması, büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Nazir qeyd edib ki, bu il də müdafiə olunan xərclər üzrə, o sıradan əməkhaqqı, sosial müavinətlər, pensiya, təqaüd, və digər sosial ödənişlərin vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin ediləcəkdir.

Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, adətən fiskal siyasətimizdə müsbət dəyişiklər etməyi düşünürüksə, əsasən 2 istiqamətdə korreksiya etməyi nəzərdə tutmalıyıq. Birincisi, büdcə daxilolmalarını artırmaq və yığım kanallarını genişləndirmək. Ikincisi, xərcləri azaltmaqla onların optimallığına nail olmaq: “Gəlir mənbələri kimi ənənəvi olaraq Neft Fondundan transferti artırmaq çətindir. Çünki, Neft Fondunun özünün daxilolmaları azalır. Ona görə, qeyri-neft sektorundan daxilolmaları necəsə artırmaq haqqında hökumət düşünür. Bu zaman vergi bazasının genişlənməsi hesabına daxilolmaları artırmağı hökumət əsas istiqamət olaraq seçir. Söhbət Vergilər Məcəlləsinə edilən dəyişiklilərdən gedir. Daşınmaz əmlakın alğı-satqısından vergi ödəmə, mərc oyunlarının əldə olunan vəsaitlərin vergiyə cəlbi və s. istiqamətlərdən gedir”.

M.Talıblının sözlərinə görə, bütün mənalarda söhbət vergilər hesabına büdcənin gəlir mənbələrini formalaşdırmaqdan gedir. “Ümumiyyyətlə, təkcə büdcə vəsaitləri azalanda yox, elə lap artanda da səmərəsiz xərcləmələrə getməli deyildik. Müəyyən zaman kəsiyi üçün orta müddətli xərclərin optimallığına nail olmaq lazımdır. Inkişaf etmiş ölkələrdə də bu siyasət yürüdülür. ABŞ başda olmaqla çoxsaylı ölkələrdə Orta Müddətli Xərclər Strategiyası(OMXS) hazırlanmalıdır. Beləsənəd imkan verir ki, istənilən ölkə yaxın və uzaq dövr üçün xərclər koridorunu müəyyənləşdirir və xərclərin orta nisbəti əsasında istiqamətlər formalaşdırır. Həmin ölkənin büdcə xərcləri dünyadakı konyunkturanın büdcəyə ötürdüyü impulsdan təsirlənmir. Müvazinətli büdcə siyasəti xərclərin dalğalanmasını mümkünsüz edir”, deyə M.Talıblı vurğuladı.

Iqtisadçının fikrincə, biz uzun müddət xərcləri birdən artırıb, birdən azaltmaqla radikal addımlar atmalı deyildik. Iri infrastruktur layihələri həyata keçirib oraya milyardlarla büdcə vəsaitləri xərcləyirik: “Məsələn, Evrovision musiqi yarışmasına, Avropa Oyunları kimi bahalı layihələrə milyardlarla büdcə vəsaitləri yönəldirik, sonra neftin qiyməti aşağı düşəndə xərcləri necəsə yerində saxlamaq üçün qeyri-neft sektorunu ağlasığmaz mənbələrdən təmin etmək istəyirik. Ona görə hər bir addım haqqında problem qapını döyməmiş düşünmək ən müdrik addım olardı. Rasional olaraq, xərcləyəndən sonra qənaət etməli yox, qənaət edəndən sonra xərcləməli idik”.

Cərimələrə gəlincə, M.Talıblı hesab edir ki, bu yolla büdcə doldurmağı nəzərdə tutan siyasət iflasa uğrayacaq: “Çünki, maliyyə sanksiyalarını proqnozlaşdırmaq mümkün deyil. Bəlkə heç həmin sahədə hüquqpozma halları olmadı? Bütün fors-major hallar vergi mənbələri üçün normativ ola bilməz. Ona görə də, təsadüfi gəlirlə büdcə doldurmaq yolu yanlışdır”.

Xəyal