İlham İsmayıl: «Buradakı ideoloji mərkəzi dağıtmaq məsələsi hüquqi və maarifləndirmə yoluyla həll edilməlidir»
Türkiyə Silahlı Qüvvələri bu il ərzində 913 nəfər IŞID üzvünü ələ keçirib ki, onların arasında 17 azərbaycanlı da var. Tutulanlar arasında ən çox çinlilərdir – 324 nəfər. Sıralamada sonrakı yerlərdə Rusiya, Fələstin, Türkmənistan, Əfqanıstan vəIndoneziya vətəndaşları gəlir.
Türkiyə Silahlı Qüvvələri IŞID üzvlərini Türkiyəyə keçmək istəyərkən saxlayıb. Onlardan bəzilərinin IŞID düşərgələrində bomba təlimi keçdikləri və Türkiyədə terror aktları törətmək üçün ölkəyə gəldikləri məlum olub. Sərhədi keçənlər içərisində qadın və uşaqların çoxluq təşkil etdiyi də müşahidə edilib.
Qeyd edək ki, həmin şəxslərin sonradan öz ölkələrinə qayıdışı tam mümkündür. Saxlanılanlar arasında azərbaycanlıların da olduğunu nəzərə alaraq, ölkənin təhlükəsizliyinə hansı problemlərin yaranacağını təsəvvür etmək çətin deyil. Görəsən, hökumət terror qruplaşmasına qarşı, onların sıralarının genişlənməməsi üçün hansı tədbirlər görməlidir? Onların ölkədə ideoloji mərkəzləri, təşkilatları barədə də məlumatların yayılması məsələnin aktuallığını daha da artırır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl deyir ki, ölkədə sözügedən istiqamətdə ideoloji mərkəzin olması bir faktdır. Ekspertin sözlərinə görə, bu təşkilat yeni yaranmayıb və radikal vəhhabilərin illərlə burada bir məktəb keçməsi, onlara maliyyə ayrılması, çox işlər görülməsi indiyədək baş verən prosesin tərkib hissəsi olub: “Suriyada məlum hadisələr başlayanda da onlar gedib bu prosesə qoşuldular. Onların bir çoxu geri qayıdanda MTN tərəfindən həbslər baş versə də, görülən tədbirlər yetərli olmadı. Burdakı ideoloji mərkəzi dağıtmaq, məhv etmək məsələsi hüquqi və maarifləndirmə yoluyla həll edilməlidir. Təəssüf ki, bu məsələnin üzərinə əsasən, Milli Təhlükəsizlik Nazirliyi getməli olsa da, sözügedən qurumun bu illərdə hansı vəziyyətə düşdüyü haqda geniş danışmağa ehtiyac yoxdur”.
Ilham Ismayıl xatırladır ki, IŞID-ə qoşulanların əsas giriş yolu Türkiyədən keçir. Ona görə də Türkiyənin xüsusi xidmət orqanlarıyla daim informasiya mübadiləsi olmalıdır ki, ora keçib-gələn hər bir vətəndaşımız barədə məlumat verilsin. Ekspertin fikrincə, terror qruplaşmasının mərkəzi həm daxildə dağıdılmalı, həm də xaricdə, türk xüsusi xidmət orqanlarıyla informasiya mübadiləsi şəklində həll olunmalıdır.
Nigar