Süpürgəçi zəhməti, Yapon mentaliteti və Qandi kredosu

mehemmed-talibliMəhəmməd Talıblı

Heç kim öz qulunun gözündə qəhrəman deyil

Hegel

Azərbaycanda mürtəce qanun və əcaib qaydalar mövcuddur. Onlar haqqında bir məqalə yazmaq azdır. Onlar haqqında silsilə kitablar yazmaq olar. Müşahidə etdiyim qədər bunlar yazılır və yazılacaq. Bu yazımda həmin mövzulardan biri haqqında fikirlərimi sizinlə bölüşəcəm.

Məlumatı olmayanlar üçün kiçik giriş. Hadisə belə olub. Kinodramaturq Eldəniz Quliyev ağac dibində durub radar funksiyasını həyata keçirən bəzi yol polislərini tənqid edən bir mövzu paylaşıb. Buna bənzər hadisəni  ölkədə bir milyondan çox avtomobil sahibinin hər biri dəfələrlə öz gözü ilə görüb. Burada qeyri-adi heç nə yoxdur. Həmin vəziyyəti tənqidinə görə Eldəniz bəy məhkəməyə verilərək 1000 manat cərimələnərək əlavə olaraq isə 480 saatlıq icbari işə cəlb edilib. Eldəniz bəy isə həmin işləri yerinə yetirib. Deməli, sıradan bir yol patrul xidmətini yerinə yetirən serjantın xəfif davranışını ictimailəşdirən tanınmış bir ziyalıya inzibati cəza verilib. Həmin inzibati cəzanı yerinə yetirən Eldəniz bəy İranda kino konfransa qatılmaq istəyərkən sərhəddən geri qaytarılaraq polis bölməsinə aparılıb ki, sizin üzərinizdə məhkəmə hökmü var. Yəni, təxminən belə… Şəhəri tər-təmiz süpürüb qurtarmamış ölkəni tərk edə bilməzsiniz. Halbuki, Ədliyyə Nazirliyi Eldəniz bəyin məhkum olunduğu işin yerinə yetirilməsi ilə bağlı məhkəmə qərarını ləğv edib. İşin mahiyyəti də bunda deyil. Məsələnin məğzi ölkədə tanınmış ziyalını aşağılamaq cəhdi ilə bağlıdır. Eldəniz müəllim də bu addımın doğracağı presedenti yaxşı bildiyi üçün onu çox doğru dəyərləndirib: “Yeganə adamam ki, bu cəzanı ilk dəfə mənim üzərimdə sınayıb başqalarına dərs keçmək istəyirlər.” Deməli, ziyalımız bütün bunlara heç bir kompleks hiss etmədən inzibati cəzanı çəkməyə öncədən hazır olub. Halbuki, onu əvəzindən bu zəhməti çəkməyə çoxlu sayda gənclər müraciət etmişdi. Eldəniz bəy, bunların heç birinin ona bu işdə yardımını qəbul etməyib özünün bunu sonacan özünün icra edəcəyini israr edib. Görünür, insanın özünün müəyyənləşdirdiyi bir yolda bütün çətinliklərin məmnunluğunu heç bir kənar müdaxiləyə dəyişmir. Ona ətrafın necə baxmasından asılı olmayaraq özünün müəyyənləşdirdiyi yolda bütün çətinlikləri təkbaşına dəf etməyə öncədən hazır olub. Məşhur türk mahnısının sözlərində deyildiyi kimi;

Sevdim seni bir kere, başkasını sevəməm,

Deli deyirlor bana, desinler deyişemem.

İnsanın özünü dəyişməsi çətin məsələdir. Dəyişilmək ya ürək işi olmalıdır, ya ağıl və ya qarın. Bunlar ya daxili dünyanın(ağıl və ürəyin birgə) tələbatı olmaldır, yaxud qarnının hökmü. Atalar yaxşı deyib: “Könülsüz yeyilən aş ya qarın ağrıdar, ya da baş!” Könüllə girişilən iş yolunda həm baş, həm də qarın ağrısa da, yenə bütün zəhərə çevrilmiş kiçik zaman kəsiyindəki maye insana şərbət kimi gələcək. Yetər ki, sənin özün onu şüurlu və tərəddüdsüz seçəsən!

Süpürgəçi ananın öldürülən övladı  və “femida”

Yol polisini yüngülcə tənqidə görə ziyalısını cəzalandıran hökumət, gərək övladını süpürgəçiliklə böyüdüb hərbi xidmətə yola salaraq zabit zorakılığına görə öldürülən onlarla  əsgər anasının da hüquq və ləyaqətini eyni cana yanarlıqla  qorusun. Ədalətli dövlətin hamıya münasibətdə universal düsturu olmalıdır. Açıq cəmiyyətlərdə insanın ləyaqəti ona görə yüksəklərə  qaldırılır ki, onun dövlət tərəfindən “udulması” mümkünsüz olur. Şəxsiyyətlərin dövlət tərəfindən “udulduğu” dövlət ən yaramaz dövlətdir. Qəhrəmanlıq nümunələrini sındıran dövlət ən naqis dövlətdir. Dövlət elə xalq yaratmalı və sonradan onun şəklin elə çəkməlidir ki. ondan həmin cəmiyyət utanmasın. Cəmiyyəti cəmiyyət edən şəxsiyyətlərin olması ilə yanaşı onları qoruyan sistemin ədalətinin varlığıdır. Şəxsiyyət defisiti yaşayan cəmiyyətin öyünəsi nümunələri ola bilməz. Şəxsiyyətlərini sındırmağa çalışan sistem qorxulu sistemdir. Şəxsiyyətləri az olan və ya onları “doğmayan” sistem “qısır” sistemdir. Şəxsiyyətləri qorumayan və onları artırmağı təşviq etməyən sistem sivil sistemlər deyil. Şəxsiyyəti olan insanlar ədalətsiz insanlar ola bilmir. Özlərinə qoyduqları hörmət qədər qarşıdakılarına da hörmət qoymağın vacibliyini dəqiq anlayırlar. Qarşılıqlı münasibətlərdə dəqiq olmayan qürura toxunacaq kiçik bir hadisə nəinki insanlar arası münasibətlərin korlanması üçün kifayətdir, hətta ölkələr arası müharibələrin yaranması üçün də əsas olur. Tarixdə belə nümunələr çoxdur. 1827-ci ildə Əlcəzair hökmdarı fransalı diplomatın üzündən milçək öldürənlə vurduğu üçün Fransa Əlcəzairi işğal etmişdi. Bir sözlə bəşər tarixi ağlagəlməz paradokslarla zəngindir.

Tarixdə “süpürgəçilər” və ictimai bəraətin gücü

Sovet dövrü və ondan öncəki illərdə də süpürgədən istifadə ilə elitar dairələrdə maraqlı hadisələr olub. Bu haqda Nikita Xuruşova özünün xatirələrində yazırdı: ”Bir deleqasiya SSRİ qurultayın Rəyasət Heyətinə polad süpürgə verir. Sədrlik edən Rıkov çıxışında həmin  süpürgəni götürüb elan edir: bu süpürgəni yoldaş Stalinə verirəm, qoy bizim düşmənimizi onunla süpürüb atsın. Camaat gülür. Sonralar Rıkov da həmin süpürgənin qurbanı olur.” Başqa tarixi hadisələr bizim cumhuriyyət dönəmimizə təsadüf edir. Əsrin əvvəllərində bolşeviklər hakimiyyətə gələndən sonra ADR-in Müdafiə Naziri işləmiş genaral Səmədağa Mehmandarovu küçə süpürməklə cəzalandırmışdılar. (Bu haqda ölkə mediasında ilk dəfə Qənimət Zahidov  yazmışdı) Çar Rusiyası cumhuriyyət sevərləri və qurucularına beləcə “dərs” vermişdilər. Onu Bakının küçələrini nümayişkanə formada  süpürtmüşdülər. Onu tanıyanlar bunu  çox əzabla qaşılamış və buna görə gəlib evlərində xısın-xısın ağlayanlar da olmuşdu. Əgər sən, sevdiyim bir iş üçün bütün cəfalara dözmək iradəni özündə görürsənsə, o yolda bütün olan maneələr sənə müvəqqəti və növbəti bir dayanacaq kimi gələcək. Ən çətin işi çox böyük şövqlə və həvəslə edəcəksən. Bu mənada Martin Lüter Kinqin gözəl ifadəsi süpürgə ilə iş görmənin mükəmməlliyinə sanballı obrazla təsvir edir: “Əgər sizdən küçələri süpürmək tələb olunarsa, Mikelancelonun rəsm çəkməsi, Bethovenin musiqi bəstələməsi və ya Şekspirin şer yazması kimi süpürün. O qədər gözəl süpürün ki, hər kəs dayanıb “Burada işini çox gözəl yerinə yetirən bir süpürgəçi yaşayır” desinlər.”

Süpürgəçinin zəhməti və rüşvətxorların quda ənənəsi

Yaponiyada ağır zəhmətlə məşğul olanlara fərqli münasibət var. Xüsusilə küçələrin təmizlənməsində əməyi olan insanlar digərlərindən tamam fərqləndirilir. Bu düşüncənin kökündə duran amil budur: “Bizim özümüz üçün hətta layiq bilib etmədiyimizi onlar bizim üçün edirlər.” Orada “Toyoto” şirkətinin rəhbəri olan zəngin insanın davranışı ilə orta statistik yaponun də mütəvazi davranışı eynidir. Rüşvətxor məmurun və saxta mandat sahibi olan azərbaycanlının bu işləri yerinə yetirən insana təkəbbürlü münasibəti isə tamam fərqli. Qapısının zibilliyini təmizləyən ağbirçək süpürgəçiyə da salam verməyi özünə sığışdırmaz. Amma oğlu yaşda olan vəzifəsi olan bir rüşvətxorun qarşısında fərağat duruşunu özünə sığışdırar. Süpürgəçinin ağır zəhmətini layiqincə qiymətləndirib mənzilindən çıxarkən ona quruca “sabahın xeyir” deməz və ona gülərüzlüklə minnətdarlığını bildirməz, amma asan yolla böyük pullar qazanan fırıldaqçının həyat yolunu özünə kredo seçər. Süpürgəçinin övladına

“a uşaq” deyər, amma varlının balasına “əmi balası”. Süpürgəçiyə arxa durmağı özünə sığışdırmaz, amma rüşvətxora yamaq olmağı yaraşdırar. Başqa sözlə, məsələyə qeyri-adekvatlıq həm də vəzifənin “podnusda” verilməsi ilə bağlıdır. Bu mənada zəhmətdən başlamayan karyera hər mənada qorxuludur.

Rüşvətin istismarçı məzmunu aydındır. İki zəngin rüşvətxorun saxta zövqü cəmiyyətdə tirajlanır. Onun qəbahətindən daha çox, güc faktoru olduğu cəmiyyətə aşılanır. Ona görə belə qohumluq əlaqələri artıq adət halın alıb. Çox zaman iki böyük büdcə oğrusunun eyni taleyi bölüşdüyü üçün quda olmağın ənənəsini cəmiyyətə sırıyırlar. Amma zəhməti ilə süpürgəçilik edən ananın qızını hətta özlərinin yaxınları ilə ailə qurmasını özlərinə sığışdırmırlar. Saxta mentalitet və orta əsr düşüncəli ənənə formalaşdırılır. Bəhanə reseptləri də əllərində: “Çörəyimizi başqası yeməsin.” Gülməlidir, deyilmi? “Çörəkləri” də qara rəngə bürünəndə də bütün tayfa qara günlü olur. Saxta zövqə, gerilikçi davranışa və traybalist düşüncəyə həmişə gülün! Onlara həsəd aparılası səhnə kimi baxmayın.

İnsanın itəatkarlığı və iradə gücü

Helvey. L .Robert özünün “Strateji dinc mübarizə: Əsas prinsiplər” adlı əsərində itəatkarlığın səbəbləri doğru olaraq qeyd edir: “İnsan itaətkarlığının digər bir səbəbi də itaətsizliyə görə də veriləcək cəza qorxusudur. Qanunları pozduqda dövlətin gücü ilə qarşılaşa bilərik. Böyük məbləğdə pul ilə cərimə olunan əmlakımız dövlət tərəfindən müsadirə edilə bilər. Dövlət bizi həbsxanaya ata, qanunlarına tabe olmadığımız üçün edam belə edə bilər. Sanksiyaların məqsədi qanunu pozanı cəzalandırmaq və başqalarını bu və ya buna oxşar qanunlara tabe olmamaq fikrindən daşındırmaqdır. Belə ki, tiranın ictimai dəstək istəyən idarəçilərə nisbətən, itaətkarlıq yaradan cəza qorxusundan idarəçilikdə istifadə etməyə daha çox ehtiyacı var.” Yəni, insanın çoxsaylı prinsplərindən yan keçməyinin səbəbləri çox çeşidlidir. Çətini onu itaətə alışdırmaqdır. Amma içində insan ləyaqətinə sayğı hissi olan insan onunla heç kimi test etməyi planlarına daxil etmir. Şəxsiyyətin deformasiyası gedən cəmiyyətdə insanın qüruru və şəxsiyyət kimliyi arxa plan keçir. Mazoxizmlə yüklənmiş insan tipi müqəddəs dəyərlərin kimdəsə qalmasını istəməz. İnsan xarakterinin ümumiləşmiş obrazına görə sınmış və ya sındırılmış insan hamını sınıq və sındırılmış görmək istər. Qüruru olan və ona vazkeçilməz dəyər hesab edən isə onu heç vəclə heç kimə güzəşt etməz. Bir çox mənalarda isə şəxsiyyətin özünə olan gücü onun fiziki mənada imkanlarından yox, daxili dünyasından və ona güc verən mənəvi qaynaqlarından irəli gəlir. Dünyanın mübarizə simvollarından hesab edilən Hindistanın mübarizə tarixini yaratmış Mahatma Qandi inandığı bu kredo olduqca ibrətamizdir: “Güc, fiziki dözümlülükdən deyil, boyun əyməyən iradədən gələr.” Daxili iradə gücünü itiləyən və ona hər fürsətdə imkanlar açan  cəmiyyət mutlu cəmiyyətdir. Bütün mənalarda biz ləyaqətli cəmiyyət qurmaq istəyiriksə, əsas olaraq qürurlu və şəxsiyyətinə kölgə düşməyən insanlarımızı qorumalıyıq. Onlar ölkəmizin neftdən daha vacib resurslarıdır. Hətta iqtisadçı kimi də mən nefti yox, insanı seçirəm!