“Günəşli” yatağında baş verən faciədən artıq 6 gün keçir. 23 neftçidən hələ də xəbər yoxdur. İtkin düşmüş neftçilərin ailələri isə hələ də ümidlə gözləyirlər. Onlar arasında yolunu gözlədikləri şəxsin sağ qayıdacağına inananlar da var, heç olmasa cansız bədənini belə olsa Xəzər sularından tapılacağına ümid edənlər də.
İtkin düşən 23 neftçidən biri də Əbdüləziz Əbdüləzizovdur. Onun da ailəsi ümidlə gözləyənlərdəndir. Onlar ailə başçısının nə zamansa evə qayıdacağına inanır. Onları ümidləndirən 61 yaşlı dənizçinin təcrübəli xilasedici olmasıdır.
Ə.Əbdüləzizovun oğlu Zaur Əbdüləzizov söhbətində atasının 40 ildən çoxdur dənizdə işlədiyini, qəza baş verən platformanın əsas xilasedicisi olduğunu və Xəzər sularına asanlıqla təslim olacağına inanmadığını deyir: “Atamın necə təcrübəli xilasedici olduğunu iş yoldaşları, onu tanıyanlar da yaxşı bilir. Elə mən də bu işdə atama çox güvənirəm. İnana bilmirəm ki, o dalğalara təslim olsun. Bəlkə də o platformadadır. Sağ olduğuna inamımı itirməmişəm. Acı xəbərə də hazırıq, amma atamın qayıqdan düşdüyünə, suda boğulduğuna inanmıram”.
Söhbətimizi davam etdirməmişdən əvvəl diqqətimizi süfrədə olan nemətlər çəkir. Elə ev sahibləri də süfrəyə baxdığımızı görür. Sualımızın onları incidəcəyini düşündüyümüz üçün əvvəlcə tərəddüd etdik. Ancaq biz sual verməzdən əvvəl cavabımızı alırıq: “Gördüyünüz bu yeri də qonaqları qəbul etmək üçün düzəltmişik. Dünən yağış yağırdı. Tend çəkib bağlamışıq. Gələnləri qəbul edirik, çay veririk. Ölüyə də, diriyə də rəhmət var. Gəlib başsağlığı verən də var. Amma buranı düzəltmişik, atam sağ qayıtsın qonaqlıq verəcəm. Mən hələ də inanıram. Başa düşürəm ya yarlıdır, ya da yanıb. Amma yenə də sağdır”.
Söhbətimizin davamında hadisə baş verən günü xatırlayırıq. Həmin gün Zaur atası ilə danışıb. Elə hadisədən 4 saat sonra. Lakin Ə.Əbdüləzizov oğluna və daha əvvəl danışdığı qızına partlayış olması haqda heç nə deməyib. İşinin olduğunu deyən Ə.Əbdüləzizov “daha sonra danışarıq”, deyərək övladları ilə sağollaşıb.
Ailə üzvləri qəzanın baş verməsindən xəbər tutandan sonra Ə.Əbdüləzizovla təkrar əlaqə saxlamağa çalışıblar. Lakin onun nömrələrindən birinə zəng çatsa da, danışa bilməyiblər.
Zaur deyir ki, hadisədən 21 saat sonra da atasının telefonuna zəng çatırdı. Elə onları da ümidləndirən də bu faktdır. Onların fikrincə suya düşən adamın telefonunun 21 saat işləməsi mümkünsüzdür: “Atamın iki telefonu var idi. Birini gizli işlədirdi. Həmişə yanında olurdu. O nömrəsinə zəng çatırdı. Hadisədən sonra da telefonuna zəng çatırdı. Orada baş verənlərin necə olduğunu bilmirik. Amma inanmıram ki, telefon suda bu qədər işləsin. Bizə də qaranlıq qalan budur. Atam harada olub? Onlar fikirləşirlər ki, mən atamdan pis xəbər eşitmək istəmirəm. Ona görə də belə deyirəm. Atamın işlədiyi idarədən gələnlər olmuşdu. Deyirlər ki, son ana qədər atamla əlaqə saxlayıblar. Bütün məlumatları atam verib. Qayığa oturmaq, qayığın qırılması xəbərini də guya onlara atam deyib. Bu danışıqların saat 23 radələrində olduğunu deyirlər. Amma o saatda atamın həmin nömrəsinə zəng çatmırdı. Yanında olan telefonu isə bizdən başqa heç kim bilmirdi. Mən də hansı nömrəsinə zəng vurduqlarını soruşdum. Məlum oldu ki, zəng çatan nömrəni bilmirlər”.
Ə.Əbdüləzizovu sonuncu dəfə qayıqda görən olmayıb. Bu qənaətə də Zaur xəstəxanada olan neftçilərlə danışığından sonra gəlib: “Xəstəxanada görüşdüyüm xilasedilmiş neftçilər dedilər ki, evakuasiya işinə baxan əsas adamlardan biri də atam olub. Fuad adlı başqa xilasedici də olub. Platformada iki xilasedici olub. Atam və Fuad. Atam ona körpə uşaqları olduğunu deyib və qayığa mindirib. Fuad qırılan qayıqda olub. O rəhmətə gedib. Bu gün onun 3 mərasiminə getmişdik. Mənə xəstəxanada olan neftçilərdən biri dedi ki, atamı sonuncu dəfə qayığa adam mindirəndə görüblər. Amma dəqiq bilinmir ki, qayıqda olub ya yox”- deyə Zaur onları düşündürən məqam haqda danışarkən deyir.
Neftçilər arasında “spasatel Abdul” kimi tanınan Ə.Əbdüləzizov peşəsinin gərəyi olaraq bir neçə dəfə Xəzərin soyuq sularından iş yoldaşlarını xilas edib. Ömrünün 40 ilini dənizdə keçirən Ə.Əbdüləzizov işdə qarşılaşdıqları çətinlikləri ailə üzvlərinin yanında danışmazmış.
Zaurun xatırladığı: “Atam işdə olanları evdə danışmazdı. Bilirdik ki, çətinliyi çox olur. İşi də təhlükəli idi. Sonuncu dəfə qış aylarından birində dənizə düşən neftçini xilas etmək üçün suya düşmüşdü. Uzun müddət xəstə yatdı. Bir onda bildik ki, başına belə işlər də gəlirmiş. Narahat olmayaq deyə, işlə bağlı danışmırdı”.
Əslində Zaurun dediklərində hansısa səhvlər axtarmaq olar. Məsələn, Zaurun telefon məsələsi ilə bağlı dediklərinin qüvvəsini itirməsi üçün demək olar ki, bəlkə telefon haradasa platformada düşüb. Suya düşməyib və.s Ancaq bu bir ailənin ümididir. Bir oğlunun atasını ümidlə gözləyişidir. Elə anlar olur ki, insanlar əlində olan hər şeyi itirir, ancaq ümiddən başqa… (musavat.com)