Neftçilərin axtarışları yenə nəticəsiz qaldı

neft-yangin3

Axtarışlara desantlar cəlb olundu

Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir. ANS-in məlumatına görə, hazırda FHN-in “Vixr-5″ və ”Vixr-8″ tipli 2 gəmisi yanğının söndürülməsi, 4 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır. Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.

Dünən həmçinin saat 09:00-da “Vixr-8″ gəmisindən 4 nəfər tərkibdə qrup 10-cu özülə desant cəlb edilib.

Özüldə aparılan bütün qəza-bərpa işlərinin davam etdiyi vaxt ərzində yanğından mühafizənin desant qrupları həyata keçirilən işlərin və işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini və təxliyyə olunmasını təmin edirlər.

Ötən gün isə saat 15:35-də nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisindən 5 nəfər tərkibdə təcrübəli yanğınsöndürən xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə 10-cu özülə desant edilib. Özülə desant edilən qrup 6 saat ərzində SOCAR-ın işçiləri tərəfindən yanan quyular ətrafında aparılan qəza-bərpa işlərinin təhlükəsizliyini təmin ediblər. (ANS)

Günəşli” yatağında baş vermiş qəza nəticəsində ambulator müalicəyə buraxılan neftçilərdən 5-i yenidən Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilib. MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya deyib ki, son 3 gün ərzində Məlikov Ehtiram, Yusifov Roman, Yusifov Mahal, Mikayılov Seymur və Qarayev Coşqun səhhətlərində yaranan problemlərlə bağlı yenidən xəstəxanaya müraciət ediblər.

O bildirib ki, hazırda xəstəxanada “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan 19 nəfər müalicə olunur.

Mətbuat katibi əlavə edib ki, yenidən xəstəxanaya müraciət edənlərin əksəriyyəti psixi pozuntu, ürək bulanma, təzyiq və baş ağrılarından əziyyət çəkir: “Xəstələrin əksəriyyəti stress keçiriblər. Onlar ambulator müalicəyə buraxılanda bildirilmişdi ki, cüzi narahatlıq olan kimi dərhal xəstəxanaya müraciət etsinlər. Xəstələrin çoxu xəstəxanada qalmaq istəyir”.

Aytən Fətəliyeva qeyd edib ki, xəstələr terapiya şöbəsində müalicə olunurlar: “Psixoloqlar briqadası xəstələrlə mütəmadi olaraq işləyir”.