“Nardaran piri”ndəki “Hüseyniyyə”nin bağlanması klassik mənada başa düşdüyümüz qərar deyil, sadəcə, noyabrın 26-da Nardaranda baş verən hadisələrdən sonra sakinlərin mərasimlər keçirməsinə qadağa davam edir”, – kənd ağsaqqalı Natiq Kərimov Turan-a bildirib.
O, dekabrın 11-12-nin İmam Rzanın (ə.s) vəfatı günlərinə təsadüf etdiyini, amma sakinlərin əza saxlamaq üçün bir yerə toplaşmasına imkan verilmədiyi üçün keçirilmədiyini nəzərə çatdırıb.
N.Kərimov deyib ki, kənddə hansı vəziyyətin hökm sürməsi sakinlərə aydın deyil. “Bilmirsən ki, kənddə fövqəladə vəziyyətdir, hərbi vəziyyətdir, ya hansı bir başqa durumdur. Hər şey qanuna əsaslanar, sakinlərə deyərlər ki, hansı vəziyyətdir və bu vəziyyətdə nə etmək olar, nə olmaz, bax, bunu deyən yoxdur”,- o, kənddəki duruma aydınlıq gətirib.