Cahangir Hacıyevin vəkili Maliyyə Nazirliyini ittiham etdi

cahangir_haciyev-bank

Aqil Layıcov: «Cahangir Hacıyev 400 milyonluq kreditdən 200 milyonunu qaytarıb»

Beynəlxalq Bankın keçmiş sədri, hazırda DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlanılan Cahangir Hacıyevin vəkili Aqil Layıcov Azadlıq Radiosunun suallarını cavablandırıb. Vəkil bankirin qanunsuz olaraq DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlanıldığını bildirib: “Onu qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlayırlar.

Halbuki çoxdan Hacıyevi Bakı Istintaq Idarəsinə köçürməli idilər. Cahangir Hacıyevlə görüşməkdə bizə hər hansı problem yaradılmır. Düzdür, dərmanlarını da qəbul etdilər, amma yemək, sovqat götürmürlər. Bununla da Hacıyevin hüquqları pozulur. Onun gündəlik, qanunla müəyyən olunmuş sovqat götürmək hüququ var. Amma Bakı Istintaq Idarəsində saxlanılan şəxsin hüquqları qorunur, ona yemək çatdırmaq olur. Cahangir Hacıyev səhhəti ilə bağlı yeməyinə diqqət yetirməlidir və hər yeməyi yeyə bilmir”.

Vəkil bildirib ki, Cahangir Hacıyevin Bakı Istintaq Təcridxanasına köçürülməməsini heç nə ilə izah etmir: “Heç nə ilə izah edə bilmirlər. Cahangir Hacıyev dekabrın 4-də saxlanılıb və ayın 5-də qanuna müvafiq olaraq artıq Bakı Istintaq Təcridxanasına köçürülməli idi”.

Aqil Layıcovun sözlərinə görə, bununla bağlı məhkəməyə müraciət edilib: “Dekabrın 17-də məhkəmə olacaq. Bundan başqa, yeməyin qəbul edilməməsi, vəkillə yazışmada konfidensiallığın pozulması ilə bağlı da vəsatətimiz var.

Həmçinin hazırda Cahangir Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətin üzərində işləyirəm”.

Vəkil “Cahangir Hacıyev ona verilən ittihamları qəbul edirmi?” sualına belə cavab verib: “Ona verilən ittihamlar mənimsəmə ilə bağlıdır, burda kredit borcudur. Verilən kreditlər layihələr üzrə xərclənib. Əlbəttə ki, Hacıyev ona verilən ittihamları qəbul etmir. Kredit verilibsə, qaytarılmayıbsa, onluq məsələ deyil. Əslində, qaytarılmaqdan da getmir söhbət, kreditin qaytarılmasında ləngimələr var. Bu isə öz həllini tapa bilən məsələdir. Cahangir Hacıyevin içəridə olması bu məsələnin həllinə maneə yaradacaq. O, azadlıqda ikən 400 milyonluq vəsaitin 200 milyondan artığının banka qaytarılmasına nail olub. Öz əlaqələri, kanalları vasitəsilə bunu edib, bəzi sübutlar xaricdədir. Indi istintaq təcridxanasında saxlanması onun bu işi başa çatdırmasına imkan vermir. O, həbs ediləndən sonra bir manat da olsun geri qayıtmayıb”.

Vəkil “kredit qalmaqalı”na görə Maliyyə Nazirliyini ittiham edib: “Əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Bu qurumda isə əsas söz sahibi Maliyyə Nazirliyidir”.

Aqil Layıcov APA-ya açıqlamasında isə deyib ki, Cahangir Hacıyevin Eldar Mahmudovun əleyhinə ifadə verməsi iddiaları əsassızdır. O, bildirib ki, Cahangir Hacıyevin barəsində olan cinayət işi yalnız kreditlərlə bağlıdır: “Cinayət işi Beynəlxalq Bank və qaytarılmayan kreditlərlə bağlıdır. Cinayət işi üzrə istintaq hərəkətləri çox ləng aparılır və onun Eldar Mahmudova qarşı ifadə verməsi yalandır. Belə bir ifadə olmayıb”.

Dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə Cahangir Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.