Rasim Əliyevin ölümü ilə bağlı istintaq yekunlaşdı

rasim-eliyevProkurorluq jurnalistin valideynlərinin həkimlərlə üzləşdirilməsi barədə vəsatəti təmin etməyib

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işinin istintaqı başa çatıb. Yaxın günlərdə tərəflər iş materialları ilə tanış olacaq. Bu barədə “Azadlıq”a zərərçəkmiş tərəfin vəkili Əsabəli Mustafayev məlumat verib.

Vəkilin sözlərinə görə, istintaqın başa çatması barədə qərar dekabrın 7-də Bakı Şəhər Prokurorluğunda ona, eləcə də mərhumun valideynlərinə elan olunub.

Əsabəli Mustafayev iş materialları ilə tanışlıqdan sonra prokurorluq qarşısında yeni vəsatətlər, o cümlədən istintaqın təzələnməsi barədə vəsatət qaldıra biləcəklərini deyir: “İş materiallarındakı ifadələri, ekspert rəylərini, qarşı tərəfin istintaqdakı vəsatətlərini oxuyandan sonra fikirlərimizi, iradlarımızı yazılı şəkildə bildirəcəyik”.

İstintaq başa çatmamışdan əvvəl vəkil Rasim Əliyevin valideynlərinin həkimlərlə üzləşdirilməsi barədə vəsatət qaldırıb: “Lakin vəsatət təmin olunmayıb. Müstəntiq qərarı belə əsaslandırıb ki, “işin nəticəsinə təsir göstərən ziddiyyətlər yoxdur”. Halbuki, birbaşa təsir göstərən ziddiyyətlər var. Həkimlərin vaxt, Rasim Əliyevə göstərilən tibbi xidmətlər barədə onun valideynlərinə dediklərilə, mətbuata söylədikləri arasında kəskin fərqlər var. Valideynlərə gecə saat 1-in yarısında zəng olunub ki, Rasimin vəziyyəti pisləşib, gəlin, əməliyyat olunur. Amma mətbuata açıqlamada deyiblər ki, Rasim Əliyev axşam saat 20.00 radələrində əməliyyat olunub. O vaxt isə Rasim Əliyev jurnalistlərə müsahibə verib”.

Vəkilin sözlərinə görə, cinayət işi gələn il yanvarın sonu və ya fevralın əvvəlində məhkəməyə göndərilə bilər.

Xatırladaq ki, jurnalist Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyülərək, ağır bədən xəsarətlərilə xəstəxanaya çatdırılıb. Bu, onun “facebook”da “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovu tənqid edən status paylaşmasından sonra baş verib. Avqustun 9-u səhərə yaxın jurnalist 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. Bu cinayət işi üzrə 6 nəfər həbs olunub ki, onların arasında Cavid Hüseynov da var. Lakin o, cinayəti bilib xəbər verməməkdə ittiham olunur.

Jurnalistin yaxınları isə futbolçuya verilən ittihamdan narazıdır. Rasim Əliyevin atası Məmmədəli Əliyev hesab edir ki, ona qarşı irəli sürülən ittiham yüngüldür, hadisənin təşkilində də futbolçunun rolu var. Amma qarşı tərəf bu fikirlə razılaşmır.

Məmmədəli Əliyev həmçinin oğlunun ölümündə həkimlərin də günahı olduğunu deyir. Bu səbəbdən də o, istintaq qarşısında həkimlərin də məsuliyyətə cəlb olunması məsələsini qaldırıb. Lakin bu barədə vəsatətlər təmin olunmayıb.

Aytən