Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək vəzifəli şəxslərinin cinayət əməllərinə görə 21 şəxs məsuliyyətə cəlb edilib.
Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub ki, onlardan 19 nəfər barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa cəlb olunublar. Bir nəfər isə isintaqdan yayındığı üçün haqqında həbs-qətimkan tədbiri seçilərək axtarışa verilib. Daha bir nəfər barəsində isə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib. Həbs edilənlərin adı açıqlansa da, axtarışda olan şəxsin kimliyi məlum deyildi.
“Qafqazinfo” istintaqdan yayındığı üçün axtarışa verilən şəxsin adını öyrənib. Bu Mustafayev Akif Ismayıl oğludur. Akif Mustafayev bu işdə adaşı Akif Çovdarovun qrupunda yer alıb. O, iş adamları ilə adaşı arasında vasitəçi rolu oynayıb. Həmin adamlara kəsilən “xərac”ı Akif Mustafayev toplayaraq Çovdarova çatdırıb.
MTN-in əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib. Cinayət məsuliyyətinə cəlb edilən şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, gizli qaydada telefon danışıqlarına qulaq asmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakının gizli talanması, Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində iş adamlarının izlənilərək, nazirliyin inzibati binalarına gətirilib qanunsuz azadlıqdan məhrum edilməsi, rüşvət alınması, hədə-qorxu yolu ilə onlara məxsus külli miqdarda nağd pul, daşınar və daşınmaz əmlakın tələb edilib ələ keçirilməsində ittiham olunurlar.
“Azadlıq”a daxil olan məlumatda isə deyilir ki, Eldar Mahmudovun əmisi oğlu Ilqar Mahmudov Səbailin polis rəisi vəzifəsindən azad edilməmişdən əvvəl qardaşı həbs olunub. Ilqar Mahmudovun qardaşı banklardan birinin filial müdiri vəzifəsində çalışırmış. Onun niyə tutulduğu bəlli deyil.




