Bu gün Beynəlxalq Insan Haqları Günüdür. Sayğı ilə yanaşılası gündür. Dünyanın bir çox ölkələrində bu günlə bağlı xüsusi tədbirlər keçirilir, avtoritar rejimlərin hələ də hökm verdiyi dövlətlərdə min bir zillətlə, hüquqsuzcasına yaşayan, hüquqları addımbaşı pozulan adamlar xatırlanır, onlara dəstək mesajları ünvanlanır, rejim başçılarını ölkələrindəki repressiyaya son qoymağa, dünyada söz sahibi olan dövlət başçılarısa belələrinə qarşı qəti mövqe göstərməyə çağırılır.
Ölkəmizin durumu hər kəsə bəlli. Insan haqlarından danışmaq yersizdir. “Günəşli” platformasında baş verənlər, 30 neftçinin həlakı, qasırğada işçilərin açıq dənizə çıxarılması, darda qalanlara vaxtında kömək olunmaması Azərbaycanda insan haqlarının necə olmasının elə bu gün ərəfəsinə təsadüf edən son göstəricilərindəndir. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının srağagün saxta ittihamlarla həbsi, saxta ittihamlarla bir ildən artıqdır həbsdə saxlanılan Leyla Yunusun ev dustaqlığına buraxılması da bu gün ərəfəsində baş verib. Bütün bunların bu günlə bağlı olmasına da qəti şübhə etməyin, “Inzibati Xətalar Məcəlləsi”nə təklif olunan dəyişikliyin bu günlərə təsadüf etməsinə də.
Lap elə dəyişiklik təklifinin prezidentdən gəlməsinə də. “Azərbaycanda qanunsuz toplantıların, mitinqlərin, yürüşlərin və s. təşkili ilə bağlı məsuliyyət nəzərdə tutan maddənin adı və şərtləri dəyişdirilir, cəzalar ağırlaşdırılır. …Fiziki şəxslər 1500 manatdan 3000 manata qədər cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlər və ya 2 aya qədər inzibati həbs tətbiq olunur”. Bu xəbər Milli Məclisdən verilib.Əllərindən başqa nə gəlir ki?!
Hakimiyyətin siyahısı ilə mandat alanların xalqın xeyrinə hər hansı qərara, qanuna, məcəlləyə imza atmasına onsuz da kimsə inanmır. Fikir verirsinizsə, son illər “Inzibati Xətalar Məcəlləsi” ən çox zorlanan məcəllələrdəndir. Dəyişikliklər sayına görə bəlkə də bu məcəllə Ginessin “Rekordlar” Kitabına adını yazdırmağa iddia edə bilər.
Onsuz da biz bu hakimiyyətin “məqsədyönlü siyasəti” sayəsində adımızı antirekordlara yazdırmağa alışmışıq…
Ən azı bu günü unutmayın, sizin və bizim azadlığımız uğrunda dustaq həyatı yaşayanları – Xədicə Ismayılı, Intiqam Əliyevi, Seymur Həzini, Rəşadət Axundovu, Ilkin Rüstəmzadəni, Tofiq Yaqublunu, Ilqar Məmmədovu və adını çəkəbilmədiyim neçə-neçə azadlıq aşiqini bir anlıq da olsa yada salın, imkanınız və həvəsiniz olsa, onlara açıqca, məktub göndərin, onlara tək olmadıqlarını deyin…
Indisə onlardan birini daha yaxından tanıyın:
Anar Asəf oğlu Məmmədli. 1995-2002-ci illərdə Azərbaycan Dillər Universitetində german dillərinin filologiyasi üzrə bakalavr və magistr təhsili alıb. 1998-2002-ci illərdə müxtəlif qəzetlərdə müxbir, şərhçi və redaktor vəzifələrində çalışıb. 1997-ci ildən ictimai fəaliyyətlə, xüsusən də gənclərin hüquqlarının müdafiəsi ilə məşğul olmağa başlayıb və 2001-ci ilədək Dünyəvi Yüksəliş Gənclər Birliyinə rəhbərlik edib. 2001-2008-ci illərdə Seçki Monitorinq Mərkəzinin Icraçı katibi və direktoru olub. 2008-ci ildə isə SMM-in qeydiyyatı məhkəmənin qərarı ilə ləğv edildikdən sonra Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həmtəsisçisi olub. Həmin qurumun sədridir. A.Məmmədli indiyədək ölkədəkeçirilən seçkilərin monitorinqi, həmin seçkilər dövründə seçici fəallığı və seçicilərin məlumatlandırılması yönündə proqram və tədbirlərin, habelə material və hesabatların yazılmasında iştirak edib.
Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. 2014-cü il mayın 26-da ona 5 il yarım iş verilib. Hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
“Amnesty International” təşkilatı Anar Məmmədlini vicdan məhbusu elan edib. O, Vatslav Havel mükafatına layiq görülüb.