Fuad Qəhrəmanlının həbsinə Amerikadan ilk etiraz

fuad-qehremanli-kozlaricleKozlariç Azərbaycanda repressiyanın dayandırılmadığına görə ABŞ hökumətini ittiham edir

“Bu, pis bəyanatdır; Azərbaycandakı rejim bir tərəfdən Leyla Yunusu buraxır, o biri tərəfdən Fuad Qəhrəmanlını həbs edir”

Amerikanın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Birləşmiş Ştatlar hökumətini burada baş verənlərə münasibətinə görə tənqid edib. Xüsusən, ABŞ Dövlət Departamentinin dekabrın 9-da həbsdən buraxılan hüquq müdafiəçisi Leyla Yunusla bağlı bəyanatı Kozlariçin etirazına səbəb olub.

“Biz Bakı Apellyasiya Məhkəməsinin Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılması barədə qərarını alqışlayırıq. Leyla Yunusun həyat yoldaşı Arif Yunusun da noyabrda həbsdən buraxılmasını nəzərə alaraq, buna müsbət addım kimi baxır və bu cür addımların daha çox olmasını səbrsizliklə gözləyirik.

Biz bütün müstəvilərdə, o cümlədən təhlükəsizlik, enerji, demokratiya və insan haqları sahəsində Azərbaycan hökuməti və əhalisilə münasibətlərin inkişafı üçün imkanlar axtarışı davam etdirəcəyik”, – deyə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

Bəyanatla bağlı fikirlərini “facebook” sosial şəbəkəsindəki səhifəsində bölüşən səfir deyir ki, bu, pis bəyanatdır: “ABŞ hökuməti bütün siyasi məhbusları azad etməyə çağırmaq və ya heç nə deməmək əvəzinə, Bakıya normal münasibətlər vəd edir, Azərbaycan hökuməti ilə tərəfdaşlıq, insan haqları, demokratiya, enerji və təhlükəsizlik sahələri də daxil olmaqla, bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsinin mümkünlüyünə baxacağını deyir”.

Kozlariç qeyd edir ki, Azərbaycandakı rejim bir tərəfdən Leyla Yunusu azadlığa buraxır, o biri tərəfdən isə AXCP sədrinin müavini Fuad Qəhrəmanlını həbsə atır.

İnformasiya şöbəsi