Belə «cavab atəşi» ilə AXCP-ni susdurmaq olmaz
İlham Hüseyn
Hakimiyyətin AXCP-yə qarşı müharibəsi davam edir. Bəli, bir partiyaya qarşı belə münasibəti “müharibə” kimi də qiymətləndirmək olar. Ən azı ona görəki, AXCP-nin 10 üzvü girov götürülüb, hökumətin əsirliyindədir.
Əslində dünənə qədər “şər əməliyyatı” ilə girov götürülənlərin sayı 9 idi. Amma AXCP sədrinin müavini Fuad Qəhrəmanlının gecə vaxtı əsir götürülməsiylə girovların sayı 10-a çatdı.
Fuad Qəhrəmanlını gecə vaxtı həbs edirlər, gecəylə məhkəməsi olur, evində axtarış aparılır və barəsində cinayət işi qaldırılır. Sanki, MTN-də baş verənlərin, “Günəşli” yatağındakı yanğının günahkarı Fuad Qəhrəmanlı imiş. Çünki, normal bir hökumətin bugünlərdə görməli olduğu iş 32 adamın ölümünə səbəb olan hadisənin günahkarlarını axtarmaq olmalıydı. Amma bir daha təsdiqlənir ki, insan həyatı bu hakimiyyət üçün qətiyyən önəmli deyil.
Guya, Fuad Qəhrəmanlı dövlət əleyhinə çağırışlar edirmiş. Hansıki, Fuad Qəhrəmanlının bütün çağırışları dövlət əleyhinə olanların əleyhinə yönəlmişdi.
Fuad Qəhrəmanlı deyirdi ki, faciədə həlak olanların qanı batmamalıdır, Nardaranda ölənlərin meyidləri qaytarılmalıdır, MTN-də baş verənlərə görə bu hakimiyyət məsuliyyət daşıyır. Və həmişə də “biz dinc mübarizənin tərəfdarıyıq” söyləyirdi. Deməli, Fuad Qəhrəmanlının yazdığı statuslar, söylədiyi fikirlər qətiyyən dövlət əleyhinə ola bilməzdi. Onun fikirləri hakimiyyətin məsuliyyətini ortaya çıxarırdı və buna görə də həbs olundu.
Əslində, baş verənlər qətiyyən təəccüblü deyil. Cəbhəçilər uzun illərdi ki, zindan sakininə çevriliblər. Bu ölkədə vicdanlı olmaq, ədalətsizliyə etiraz etmək, haqqı demək təhlükəlidir. Ona görə də bir cəbhəçinin həbsi qədər təbii heç nə yoxdur. Cəbhəçilər rejimin ən ağır sınaqlarından çıxmış adamlardı. Və hər bir cəbhəçi bilir ki, bu hakimiyət üçün əsas düşmən hər gün atəşkəsi pozub, əsgərimizi öldürənlər yox, bu millətin haqqı uğrunda savşanlardı. Yəni, cəbhəçilər mübarizə yolunu kor-təbii seçməyiblər ki, hansısa həbsin təsirinə düşüb “stop” eləsinlər.
Əslində, Fuad Qəhrəmanlı ikinci dəfə rejim üzərində qələbə qazandı. Bundan əvvəl də o siyasi məhbus həyatı yaşamışdı və həbsdən sonra da prinsiplərinəsədaqət nümayiş etdirdi. Bu gün yenə də həbsdədir və azadlığa çıxıb yenə də mübarizəni davam etdirəcək.
Bu hökumətin yəqin ki, yaddaşı zəifləyib. Əks halda keçmişə boylanmaqla, çox məqama aydınlıq gətirə bilərlər. Bu həbslər AXCP-nin mübarizəsini dayandırmaq qüdrətində deyil. Cəbhəçilər son nəfərinə və son nəfəsinə qədər mübarizə aparacaqlar. Ona görə ki, cəbhəçilər başqa formada yaşamağı bacarmırlar. Cəbhəçi haqqı tapdananın yanından sakit keçə bilməz, yalanın meydan sulamasına seyrçi qalmaz, həqiqəti mütləq dilə gətirər.
Guya, Seymur Həzini, Məmməd Ibrahimi, Elvin Abdullayevi, Asif Yusiflini və digərlərini həbs edib nəyə nail oldular ki? Onlar həbsdən də sözlərini demirləmi?
Onsuz da ölkə ictimaiyyəti və beynəlxalq aləm Fuad Qəhrəmanlını “vicdan məhbusu” kimi tanıyacaq. Bəli, bu şəxslər azadlıqda olanda da, həbs həyatı yaşayanda da hakimiyyətə başağrısı olurlar. Haqq uğrunda mübarizə aparanlar üçün sərhəd yoxdur.
Sadəcə olaraq Fuad Qəhrəmanlının həbsi bir daha təsdiqlədi ki, bu ölkədə qanun şah deyil, şah qanundur. Ölkədə normal məhkmə sistemi olmadığı üçün, qanunlar kağız parçasına çevrildiyinə görə istənilən şəxsi şərləyib həbs etmək asan məsələdir.
Ispan diktatoru Franko “dostlarıma hər şey, düşmənlərimə qanun” deyirdi. Bu hökumət də qanunun sərt üzünü yalnız tənqidçiərinə göstərir. MTN-də uzun illər cinayət əməlləri törədilib və hökumət də bunu etiraf edir. Amma Eldar Mahmudov evində istirahət edir. Yaxud, “Günəşli” yatağındakı faciədə 32 nəfər həyatını itirib və bugünə qədər heç kim istintaqa cəlb olunmayıb. Binəqədidəki yanğında 15 insan həlak oldu və JEK müdirini həbs etməkləkifayətləndilər.
Gördüyünüz kimi dövlətin, millətin əleyhinə fəaliyyət göstərənlərə “yaşıl işıq” yandırılıb, dövləti, milləti sevənlər isə qatı cinayətkar kimi həbs olunur. Çünki, əsl cinayətkarlar hakimiyyətə təhlükə deyil, dövlətə və millətə təhlükədir.
Bir sözlə, hakimiyyət düşmən cəbhəsini çoxdan unudub. Bunlar üçün əsas düşmən Xalq Cəbhəsidir. Ona görə də “Lazım” Qarabağa tərəf getmir. Hansısa rayonu işğaldan azad etməkdənsə, Fuad Qəhrəmanlını azadlıqdan məhrum etmək önəmlidir.
Amma belə “cavab atəşləri” ilə AXCP-ni susdurmaq olmaz. Birdə ki, onun soyadı Qəhrəmanlıdır. Adını tarixə qorxaq kimi yazdıranların vay halına.



