Erməni kilsəsindəki xəritədə Azərbaycan yoxdursa…

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

“…Əsirlər var. Lakin onlara canlı ölülər də demək olar. Səhərlər onları ayaqyalın qar və buz üzərinə çıxarırlar. Əvvəlcə üstlərinə soyuq su tökür, sonra isə başlarına butılka sınana qədər döyürdülər. Əsl işgəncə bundan sonra başlayırdı. Onların barmaqlarını bir-bir qırırdılar, qışqıranları rezin dəyənəklə döyürdülər. Əsirlər ağlını itirərək ölürdülər. Növbəti kəndi ələ keçirən zaman bir erməni körpə uşağı anasının gözü qabağında ikiyə böldü. Və bununla ürəyi soymadı, hər iki şaqqanı ananın sifətinə sürtməyə başladı. Üz-gözü körpəsinin qanına bulaşmış ana bir qəhqəhə çəkib gülməyə başladı. O, ağlını itirmişdi…”

“Moskovski komsomolets” qəzeti,

29 yanvar, 1994-cü il

Erməni kilsəsi və xalqı ilə heç bir problemlərin olmadığını bəyan edən ARDNŞ prezidenti Rövnəq Abdullayev Gürcüstandakı erməni kilsələrinin Azərbaycan qazı ilə pulsuz təmin edilməsində təəccüblü bir şeyin olmadığını söylədi…

Sual olunur, erməni ilə hansısa tədbirdə iştirakına görə ömrünün ən gözəl illərini həbsxanalarda keçirmiş və keçirməkdə olanların günahı nə idi görəsən? Onları bu gün az qala vətən xaini kimi təqdim edirlər. Halbuki onların heç biri, ermənilərə nəvaxtsa “təbii ehtiyatlarımızdan sizə də verə bilərik” kimi quru vəd belə verməyib. Yadınızdadırsa, “Yeni fikir” gənclər təşkilatının lideri Ruslan Bəşirli Tiflisdə ermənilərə torpaqların azad edilməsi müqabilində əməkdaşlığın mümkün ola biləcəyi mesajını vermişdi. Rejim onu vətən xaini kimi mühakimə etdi və nəticədə Ruslan bəy faktiki olaraq gəncliyini həbsxanada keçirdi. Buna bənzər hallar kifayət qədərdir.

Nə baş verdi ki, iqtidar düşmənə qarşı prinsipial mövqeyindən geri çəkildi? Nəzərinizə çatdırım ki, Azərbaycan ərazisinin 25 faizi ermənilərin işğalı altındadır. Azərbaycan vasitəsi ilə üçüncü ölkəyə sığınmaq istəyən bir-iki işbazdan başqa bütün erməni xalqı Qarabağı əzəli erməni torpaqları kimi tanıyır. Bu faktdır, inkar edənin sifəti hər iki mənada qırmızı olsun gərək.

Yazıma Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun sözləri ilə davam etmək istəyirəm: “Erməni terroristlərinin xəstə ideologiyasının kökündə erməni kilsəsi, daha doğrusu, əsrlərdir ”Dənizdən dənizə böyük Ermənistan” prinsipindən dönməyən Eçmiədzin durur…

Bu mistik iddiaların qondarma xəritəsi bütün erməni kilsələrində var. Orada Azərbaycan adlı nəinki dövlət, hətta ərazi belə yoxdur. Iddia olunur ki, xəritə əsrlər oncə Vatikanda hazırlanıb və əsli indi də ordadır”.

…Hakimiyət rəsmisi bunu bu ilin aprel ayında tanınmış rus tarixçisi Oleq Kuznetsovun “XX əsr transmilli erməni terrorunun tarixi” kitabının təqdimatı zamanı deyib…

Əslində bunu heç erməni tarixçiləri də inkar etmir. Saysız-hesabsız erməni mənbələri erməni kilsələrinin əsrlər boyu gizli dövlət rolunu oynadıqğını təsdiqləyir.

XX əsrin əvvəllərində erməni kilsəsi millətçi partiya və qruplaşmalar üçün donor rolunu oynayırdı. Məhz 1903-cü ildə kilsə torpaqlarının dövlət mülkiyyətinə verilməsinə etiraz olaraq erməni kilsəsi terror aktlarına start verdi.

Həmin il avqustun 29-u Gəncədə, sentyabrın 2-də Bakı və Qarsda, 12-də Şuşada, daha sonra isə Tiflisdə yüzlərlə azərbaycanlı məmur və dinc əhali öldürüldü…

Tarixi faktlarla sübut olunub ki, ermənilərin Qarabağı işğal planı da keçən əsrin əvvəllərində məhz erməni kilsələrində hazırlanıb. Təxminən 80 il ərzində bütün könüllü ianələr məhz kilsələrdə toplanırdı.

Fransız alimi de Banin Eçmiədzin səfərindən qeydlərində deyirdi: “Bu kilsə saxta pul kəsənlərin məskənidir. Bu monastr mənə dini mərkəzdən çox irticaçı siyasi yuva təsiri bağışlayır”.

…Ən dəhşətlisi isə, “erməni ilə işbirliyinə” həssas millət vəkillərinin, ayrı-ayrı siyasilərin, media quruluşlarının bu mənzərəni sakitcə seyr etməsi idi. Illərdir ki, millətini sevən insanlara, real müxalifətə bu mövzuda böhtanlar, yersiz ittihamlar yağdıranlar səssizcə qınlarına çəkildilər. Bir daha məlum oldu ki, onların millətçiliyi, patriotbazlığı məchul “donquli” nöqtəsindən o yana keçmir. Loru dildə desək, bir əlləri daima “zadnı”dadır.

…Hətta bir saqqallı baş redaktor bu mövzu ilə bağlı utancverici materialını “google”dan belə sildirib, öz aləmində gələcəkdə ona qarşı bu mümkün kompromatdan yaxasını qurtarıb. Obrazlı desək, “millətçi imicini” bu ləkədən təmizləyib.

…Bu gün yüzlərlə məscidimiz, onların ərazisində yaşayan yüz minlərlə soydaşımız qaza həsrətdir.

Heç olmasa bundan sonra çəkin…