Sualtı axtarışlar dayandırılıb, yanğın söndürülməyib
SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən “Neft Daşları”nın 3 əməkdaşının axtarışları davam edir. APA-nın məlumatına görə, bunu SOCAR-ın “Azneft” Istehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
“Saat 16:00-a olan məlumata görə, itkin düşən neftçilərin axtarışları nəticəsiz olaraq qalır. Axtarışlar Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus, o cümlədən SOCAR-ın AZAL-dan götürdüyü helikopterlər, o cümlədən ”Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus gəmilər vasitəsilə aparılır. Əlverişsiz hava şəraiti ilə əlaqədar sualtı axtarışlar dayandırılıb”, – deyə Balamirzə Ağarəhimov bildirib.
Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib:
Report-un məlumatına görə isə Balamirzə Ağarəhimov xarici mütəxəssislərə görüş keçiriləcəyini, müzakirələrdən sonra tədbirlər planı hazırlanacağını qeyd edib.
“Hazırda yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur”.
“Xəzərdə itkin neftçilərin axtarışlarını həyata keçirən helikopterlərindən 3-ü hava şəraiti ilə əlaqədar işi dayandırıb. Hazırda bir helikopter vasitəsi ilə havadan axtarışlar həyata keçirilir”. Bu barədə isə ANS PRESS-ə “Günəşli” platformasında baş verən yanğınla əlaqədar yaradılmış qərragahdan məlumat verilib.
“Axtarışı dayandıran helikopterlər hazır vəziyyətdə gözlədilir. Hava şəraiti normallaşan kimi, axtarışlar yenidən bərpa ediləcək.
Həmçinin dənizkənarı ərazilərdə də dalğıclar hava şəraitinin əlverişsiz olduğunu nəzərə alaraq dayaz ərazilərdə axtarış aparırlar.
Ancaq onu deyə bilərik ki, gəmilərin işində fasilə yaranmayıb. Onlar axtarışı həyata keçirirlər. Axtarış tədbirlərinə bir təyyarənin də cəlb edilməsi nəzərdə tutulub. Onun da havanın şəraitindən asılı olaraq yaxın vaxtlarda işə başlayacağı bildirilir”.
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza xeyli sayda insan itkisi ilə yanaşı, bir sıra başqa problemlərə də yol açıb. Bu problemlərdən biri də ekoloji tarazlığın pozulması ilə bağlıdır. Yanğın hələ də söndürülməməsi bu problemi daha da aktuallaşdırır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a daxil olan məlumata görə, dənizdə çirklənmə, platformanın ətrafında neft ləkələri yoxdur:
“Xəzər dənizindəki ”Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın hadisəsindən sonra ətraf mühitə mümkün təsirlərin öyrənilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirinin göstərişi əsasında nazirliyin mütəxəssislərindən ibarət Ekspedisiya Qrupu yaradılıb. Qrupun tərkibinə Xəzər Kompleks Ekoloci Monitorinq Idarəsinin, Milli Hidrometeorologiya və Ətraf Mühit üzrə Milli Monitorinq departamentlərinin mütəxəssisləri daxil edilib.
Qeyd edək ki, “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə istismara verilən 30 quyudan 28-i qəza baş verənə qədər işlək vəziyyətdə olub, 1 neft və 1 qaz quyusu işləməyib. Istismar edilən 28 quyudan 21-i qaz-lift üsulu ilə işləyən neft, 7-si isə qaz quyusudur. Neft quyuları qaz-lift üsulu ilə işlədiyindən qəza zamanı quyulara qazın vurulması dayandırılıb. Bu səbəbdən neftin su mühitinə düşmək ehtimalı yoxdur. Hazırda yanğının davam etdiyi digər 7 quyudan 4-ü qaz, 3-ü isə qaz-kondensat quyularıdır ki, 4 qaz quyusundan çıxan təbii qaz tam yandığı üçün atmosfer havasına zərərli təsiri nisbətən azdır. Yəni bu, ölkədəki istilik elektrik stansiyalarında yandırılan qazın atmosferə atdığı karbon birləşmələrindən ibarətdir. Yalnız 3 qaz-kondensat quyusundan müəyyən qədər kondensat sızması ehtimalı dəyərləndirilir. Lakin bu quyulardan çıxan karbohidrogenlərin yanması dənizə neft sızması ehtimalını sıfıra endirir və yuxarıda qeyd edildiyi kimi karbohidrogenlər yandıqda daha az zərərli maddələrə çevrilir.
Ekspedisiya Qrupu ilkin müşahidələr aparır, sudan və atmosfer havasından nümunələr götürülməkdə davam edir. Vizual müşahidələr göstərir ki, dənizdə çirklənmə, platformanın ətrafında neft ləkələri yoxdur. Bununla belə, təhlillər üçün sudan və atmosferdən nümunələrin mütəmadi olaraq götürülməsi üçün tədbirlər görülür və nazirliyin laboratoriyalarında araşdırılması, ekspedisiya tərəfindən hadisə yerində digər tədbirlərin həyata keçirilməsi, Xəzərin canlı mühitinə təsirin müəyyən olunması təmin edilir. Təhlillərin nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.