Nardaranın axundu tutuldu, Ağsaqqallar Şurasının sədri istintaqa cəlb olundu

natiq-kerimov1

Nardaran ağsaqqalı Natiq Kərimov sərbəst buraxılıb.

Bu barədə APA-ya N.Kərimov özü məlumat verib. O, qeyd edib ki, 6 saatdan çox Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsində ifadə verib. İfadəsi Nardaranda baş verən hadisələrlə bağlı olub.

İstintaq sirri olduğu üçün o, ifadəsinin detallarını açıqlamayıb.

***

Daha bir Nardaran sakini tutulub. Saxlanılan şəxs qəsəbə sakini Nadir Qədirovdur. Polis əməkdaşları bu gün onun yaşadığı evdə axtarış aparıb. APA-ya verilən məlumata görə, axtarış nəticəsində evdən bir ədəd əl qumbarası aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir

***

Nardaranda hüquq-mühafizə orqanları daha bir nəfəri saxlayıb. Bu barədə Trend-ə Nardaran sakinləri məlumat verib. Məlumatda bildirilir ki, Nardarandakı Rəhimə xanım Ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov da polis tərəfindən saxlanılıb. Bildirilir ki, N.Rəhimov ziyarətgahda saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq həbs qətimkan tədbiri seçilib.

Sakinlər bildiriblər ki, axund da Nardaran hadisələrinə görə saxlanılıb.

***

Nardaran qəsəbəsində yeni polis bölməsi üçün inzibati bina tikilir. “Report” xəbər verir ki, bu, Bakının 42-ci polis bölməsi olacaq.

Polis bölməsi Nardaran və qonşu qəsəbələrdə təhlükəsizliyi təmin etmək məqsədilə yaradılır.

İndiyədək qəsəbədə polis bölməsi olmayıb. Nardarana ən yaxın polis bölməsi Maştağa qəsəbəsindəki Sabunçu Rayonu Polis İdarəsinin 14-cü Polis Bölməsidir.

***

Natiq Kərimov Nardaran hadisələri ilə bağlı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair işlər üzrə istintaq idarəsində hazırda şahid qismində dindirilir.

Bu barədə Amerikanın Səsinə Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

***

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov saxlanılıb.

Bu barədə məlumatı musavat.com-un Nardaranda olan reportyoruna kənd sakinləri veriblər.

N.Kərimov saat 12 radələrində saxlanılıb. O, kənddən çıxarkən polis postunda saxlanılıb. Onun hara aparılması ilə bağlı dəqiq məlumat yoxdur.

Polis postundan da məlumatı təsdiqləyiblər.

Onun Sabunçu Rayon Polis İdarəsinə aparıldığı bildirilir.