“Günəşli”dəki faciənin səbəbi səhlənkarlıqdır

mirvari-qehremanli3«Hər bir qayıqda xilasedici jilet olmalı idi, amma xilas edilən fəhlələrdən heç birinin əynində jilet olmayıb»

Mirvari Qəhrəmanlı: «Bizim platformalarda təhlükəsizlik səviyyəsi çox aşağıdır»

Günəşli” yatağının 10-cu özülündə baş verən faciə hələ də ölkə gündəmindədir. Faciənin miqyasının böyük olmasının səbəbi kimi bir neçə faktor göstərilir. Amma reallıq ondan ibarətdir ki, təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticə etibarı ilə bu cür faciəvi sonluğa səbəb olub. Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı ilə müsahibəmizə hadisənin başvermə səbəblərindən başlamaq qərarına gəldik:

– Rəsmilər də, ekspertlər də bəyanatlarla çıxış edir, fikirlər açıqlayırlar. Amma mülahizələr başqa şeydir, hadisənin səbəbi başqa şeydir. Hadisənin başvermə səbəbi yaradılan komissiyanın rəyi olacaq. Ona görə də mən hadisənin səbəbi ilə bağlı konkret fikir söyləsəm, bu, çaşdırıcı hal ola bilər. Bəzən isə bu xəbərdən istifadə edə bilərlər.

– Yanğın baş verən platforma uzun müddət idi ki, istsmarda idi. Bu platforma ilə bağlı hər hansı şikayət almışdınızmı? Platformadakı qurğuların köhnəlməsi və təhlükəli həddə çatması ilə bağlı informasiyanız var idimi?

– Təşkilatımıza neftçilərdən daxil olan şikayətlər əsasən sosial problemlər, əmək daqqı böhranı, işdən çıxarılma ilə bağlı olur. Aradabir yazırlar ki, iş şəraiti yaxşı deyil. Amma platformalardan təşkilatımıza təhlükəsizlik və prblemlərlə bağlı hər hansı şikayət daxil olmayıb.

Sovet dövründə tikintidə olan korrupsiya hazırkından az idi”

– “Günəşli” yatağındakı 10-cu platforma 50 illik istifadə üçün nəzərdə tutulmuşdu. Artıq qurğu 31 ildir istifadədədir. Bu qurğuda hər hansı moderləşdirilmənin aparılması barədə informasiya almısınızmı?

– “Günəşli” yatağında platformalar sovetlər zamanında tikilmişdi. Bu platformalar o zamanın tələblərinə və standartlarına uyğun tikilmişdi. Onların tikintisinə xüsusi diqqət yetirilmişdi. 57-ci ildə dənizdə baş verən faciə nəticəsində 27 nəfər həlak olmuşdu və bu platformalar tikilərkən bütün bu məqamlar nəzərə alınmışdı. Baxır platformaları kim tikib? Əminliklə demək olar, sovet zamanı tikintidəki korrupsiya müstəqillik dövründə tikintidə olan korrupsiyadan qat-qat aşağı olub. Yəni 2000-ci ildə tikilən platformada hər hansı bir fəsad və əyilmə ola bilər. Amma sovet dövründə tikilən platformalarda bu hallar hələ müşahidə olunmayıb.

– Xəzərdə “Günəşli” yatağındakı platforma kimi neçə qurğu var? Onlar bu cür faciələrdən sığortalanıblarmı?

– Dəqiq məlumatım yoxdur. Çünki onların dəqiq hesabını aparmamışam. Bu tip platformalar yəqin ki, iyirmiyə qədər olar. Amma ən çox platforma Xəzərin “Günəşli” yatağındadır. Düşünürəm ki, yataqların təhlükəsizliyini bundan sonra artırarlar. Amma Xoşbəxt Yusifzadənin dediyi “hadisə borunun qırılmasından baş verib” tələsik mülahizəsi ilə razılaşa bilmirəm. Platformaların texniki nasazlığı ilə bağlı bizə məlumatlar daxil olmayıb. Bir müddət əvvəl dənizdə bir yataqdan digərinə gedən boruda sızmanın olduğu barədə fəhlədən müraciət daxil oldu. Mən də bu barədə şirkətə məlumat yazıb göndərdim.

Ötən il həlak olan 19 neftçidən 16-sı ARDNŞ-in əməkdaşı olub”

– Ekspertlərdən daha bir maraqlı açıqlama ondan ibarətdir ki, son iyirmi ildə bu miqyasda faciə baş verməyib. Buna səbəb də təhlükəsizlik qaydalarının yüksək səviyyəyə çatdırılmasıdır. Faciə baş verən yataqda təhlükəsizlik tədbirləri nə dərəcədə qorunur?

– Bu məni ən çox narahat edən sahədir. Mən yeddi-səkkiz il öncə “Statoil” şirkətinin Şimal dənizindəki platformalarında olmuşdum. Mən həmin platformalardan gələndən sonra həqiqətən də danışa bilmirdim. O zaman təəssüratlarımı sizin qəzetlə bölüşdüm. Platformada gördüklərim, təhlükəsizlik qaydalarına riayət edilməsi, insan faktorunun qabardılması mənim yadımdan çıxmayacaq. Fəhlə ilə söhbətim zamanı o bildirdi ki, onlarda təhlükəsizlikdə birinci insan faktorudur. Sovetdən qalma platformalarda platformanın aşması hadisəsi baş verməyib. Amma “Statoil” şirkəti bu cür hadisəylə üzləşmişdi. O zaman çoxlu sayda insan tələf olmuşdu. Hazırda “Azəri”, “Çıraq” yatağındakı platformalarda vəziyyət yaxşıdır. Amma 80-ci ildə tikilən platformalar o zamanın tələblərinə görə ən yaxşısından sayılıb. Lakin bu platformalarda təhlükəsizlik səviyyəsi çox aşağıdır. Məndən soruşa bilərlər ki, hansı əsasla bunu deyirəm? Mən onların qarşısına hər il verdiyim hesabatları qoyu bilərəm. Ötən il 4 qəza hadisəsi baş verib. Ötən il həlak olan 19 neftçidən 16-sı ARDNŞ-in əməkdaşı olub. Bu göstərir ki, bizdə təhlükəsizlik texnikasına nəzarət edənlər, onu yerinə yetirənlər, məsul şəxslər bu istiqamətə barmaqarası baxırlar. Eyni zamanda bu siyahıya Dövlət Əmək Müffətişliyini, Həmkarlar Ittifaqını da aid etmək olar. Azərbaycanın neft sənayesindəki işçilərin təhlükəsizliyinə cavabdeh idarələr var.

Təhlükəsizlik qaydalarına əməl olunmur”

– BP və digər xarici şirkətlərdə təhlükəsizlik qaydaları hansı səviyyədədir?

– BP və onun podratçı şirkətləri “səkkiz qızıl qayda”ya əməl edir. Əgər xarici şirkətlərdə təhlükəsizliklə məşğul olan işçi iş prosesinə “stop” verirsə, qurğuda iş dayanır. Bu qərarına görə, onu heç kim ittiham edə bilməz. Amma Azərbaycanda neft sənayesi də daxil olmaqla bütün sahələrdə hava şəraiti imkan verməyəndə də iş davam edir. Əgər təhlükəsizliyə cavabdeh mühəndis işin dayandırılması göstərişini versə, onun sözünə qulaq asacaqlarmı? Bax, qəzanın səbəblərindən biri budur. Var fasiləli iş və bir də var fasiləsiz iş. Hava şəraiti imkan vermədiyi halda iş çöldə işləyən fəhlələr üçün dayandırılmalı idi. Açıq havada yüksək ballarda, yüksək istilik dərəcəsində işləməyə qadağa qoyulur. Itkin düşənlərin siyahısında qazmaçılar, tikinti-quraşdırma işçiləri var. Onlar qəzadan əvvəl platformadan çıxarıla bilərdi. Onlar yüksək balda işləyə bilməzdilər. Onlar külək bitdikdən sonra işlərini davam etdirə bilərdilər. Axı hava şəraitinin kəskin dəyişməsi barədə bütün dövlət idarə vəəssisələrinə telefonoqrama gedir və tələb olunur ki, iş növbəliklə həyata keçirilsin. Bu xəbərdarlıq alınandan dərhal sonra hazırlıq ən yüksək səviyyəyə qaldırılmalı idi. Deyirlər qurğuda partlayış olub. Nəyə görə partlayış baş verib? Bəlkə neftçilər həmin küləkli havada platformada hələ də işləyirdilər?

Aydınlaşdırılmalıdır ki, həmin gün külək neçə bal olub? Burada müxtəlif rəqəmlər səslənir. Amma əsas rəqəmlər budur ki, həmin gün külək səkkiz və ya on bal gücündə olub. Eyni zamanda aydınlaşdırılmalıdır ki, həmin güclü külək zamanı açıq platformada hansı işlər görülüb? Yoxsa, həqiqətən də Xoşbəxt Yusifzadənin dediyi kimi, nəsə qığılcım olub və partlayış baş verib. Bəlkə iş görən fəhlə hansısa işi görəndə nəyisə düz etməyib.

– Qurğudakı xilasedici qayıqlarla bağlı müxtəlif fərziyələr səslənir. Onlar standartlara uyğun idimi? Nəyə görə onlardan istifadə etmək mümkün olmayıb?

– Qurğudakı qayıqların uzunluğu beş metrə yaxın idi. Onlar 42 nəfərə hesablanmışdı. Hər bir qayıqda 42 nəfər üçün xilasedici jiletlər olmalı idi. Eyni zamanda platformada yaşayış blokunda hər otaqda da xilasedici jiletlər olmalıdır. Bu qayıqların ikisi şimal tərəfdən, ikisi isə cənub tərəfdən platformaya bağlanmışdı. Külək şimal tərəfdən əsdiyi üçün neftçilər hamısı cənubdakı iki qayığın içərisinə giriblər. Üç nəfər də yaşayış blokunda qalıb. Yaşayış bloku da şimal tərəfdə idi. Neftçilər cənub tərəfdə olan qayığı aşağı salmağa cəhd ediblər. Qayığın biri svayların arasına girib, digəri isə parçalanıb. Mənəəmmalı qalan odur ki, xilas edilən adamların əynində niyə xilasedici jiletlər yox idi? Hava şəraitinin kəskin olacağı bilindiyi andan işçilər artıq jiletlərdə olmalı idi. Iş prosesi yalnız jiletlərdə aparılmalı idi. Necə olur ki, xəstəxanaya gətirilən insanların heç birinin əynində xilasedici jiletlər olmayıb. Bu da artıq insanların məsuliyyətsizliyinin nəticəsidir.

Nəyə görə hazırda ARDNŞ BP-nin gəmilərinə möhtacdır?”

– Bəs işçilər bu cür havalarda xüsusi hidrokostyumlarla təmin edilə bilməzdilərmi?

– Yay və qış üçün xüsusi kostyumlar olur. Ən yüksək keyfiyyətli kostyumlar xarici şirkətlərin işçilərində olur. Xarici şirkətlərdə işçilərə nəzarət, təhlükəsizliyin qorunması bizdən qat-qat güclüdür. Məsələ ondadır ki, yanğın baş verən zaman təxliyə birinci platformanın özündən başlamalı idi. Mən onları da qınamıram. Yanğın baş verən zaman özlərini itiriblər. Mən bilmirəm yanğının söndürülməsi üçün xüsusi avadanlıqlardan istifadə olunubmu? Niyə ARDNŞ-in gəmiləri yoxdur? Hanı ARDNŞ-in iri gəmiləri? Nəyə görə hazırda ARDNŞ BP-nin gəmilərinə möhtacdır? Komissiya bu suallara cavab verməlidir. Bu zaman məsuliyyətin kimdə olduğu aydınlaşacaq. Bəziləri deyir ki, Rövnəq Abdullayev istefa verməlidir, bəziləri deyir ki, onun barəsində cinayət işi açılmalı və Xoşbəxt Yusifzadə də cavab verməlidir. Amma platforma rəisindən tutmuş, baş idarənin rəisi və təhlükəsizlik məsələləri üzrə xidmət, “Azneft” Istehsalat Birliyinin baş direktoru və baş mühəndisi də hadisəyə görə cavab verməlidir.

Xəyal