gomruk-komitesi

Gömrük MTN adına əlilin malını mənimsəyib

gomruk-komitesiPoçt göndərişlərinin alınmasına «MTN lisenziyası» gərəkdir?

Ha çalışırıq MTN-siz işimiz keçmir. Heç demə, ölkə içinə-dışına göndərilən poçt daşımalara da MTN razılıq verməli imiş. Düzü, başlıca insan hüquq və azadlıqlarından sayılan yazışma sirrini Azərpoçtun, gömrük orqanlarının MTN-in adından pozaraq məktubları oxuduqdan sonra dövlət (??) adına ziyanlı olub-olmamasını müəyyən edərək ünvanına qadağa qoymasından soraqlı idik.

Başına gələn başmaqçı olar deyib, dədələrimiz. Elə Avropa Insan Hüquqları Məhkəməsinə göndərilən məktubları AZƏRPOÇTUN it-bata salmasından da yazmışıq. Amma poçt bağlamasının MTN-in lisenziyası ilə gömrük rəsmiləşdirilməsindən sonra verilməsi qadağası- qaydasından soraqsızdıq.

Il yarımdır əlil vətəndaş xaricdən internetlə sifariş etdiyi bir neçə bağlamalıq malın nə özünü, nə də ödədiyi pulu geri ala bilir. Poçt malın gəlişi haqqında bildiriş versə də, gömrük onun yiyəsinə verilməsinə qadağa qoyub ki, MTN-in razılığı lazımdır. Mal yiyəsi də bunun qanunsuz olduğunu və razılığı lazımdırsa, poçtun, gömrüyün özünün MTN-in razılığını almalı olmasını bildirib və MTN-ə də hər ehtimala qarşı müraciət edib. Lakin malının yenə də verilmədiyini görən vətəndaş ali dövlət hakimiyyəti və hüquq mühafizə orqanlarına, Ombudsmana Poçtdaşıma Mərkəzinin Gömrük Məntəqəsinin malını mənimsəməsindən şikayət edib.

Dövlət Gömrük Komitəsinin (DGK) Daxili Təhlükəsizlik Idarəsinin rəisi Nüsrət Qurbanov 10.12.2014 tarixli məktubla bildirib: “…poçt göndərişlərilə daxil olmuş videokamera ilə təchiz olunmuş müxtəlif əşyalar ”Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında” qanunun 12-ci maddəsində nəzərdə tutulan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr hesab olunur və …mülki dövriyyəsinə Milli Təhlükəsizlik Nazirliyinin icazəsi ilə yol verilir. Bu səbəbdən poçt bağlamaları saxlanılmış, həmin əşyaların buraxılması üçün MTN-dən müvafiq icazə alınmasının zəruriliyi bildirilmişdir. Həmin icazə sənədi gömrük orqanına təqdim edilmədiyinə görə, Ümumdünya Poçt Ittifaqı Konvensiyasına əsasən 1 ay saxlama müddəti bitdikdən sonra həmin bağlamalar göndərən ölkəyə geri qaytarılmışdır”.

Fikir verin, gömrük poçtun səlahiyyətlərinə yiyələnib və malın geri qaytarıldığını bildirir. Bəs hanı bunu təsdiqləyən hüquqi sənəd, akt, protokol və s.? Vətəndaşa 1500 ollar həcmində maddi ziyan dəyib, gömrük isə onun qaytarıldığını bildirir. Qaytarılıbsa, axı onu göndərən qurum pulunu da vətəndaşın hesabına qaytarmalıdır! Deməli, mal qaytarılmayıb, MƏNIMSƏNILIB! Bir də vətəndaşdan malını almamış onun mülki dövriyyəsinə lisenziya almasının tələb edilməsi hansı qanunda yazılıb? Gömrük onun səlahiyyətinə aid olmayan qanunu, fərmanı niyə əsas tutub? Ondansa, Nazrilər Kabinetinin 21.07.1997 tarixli 81 saylı, 31.05.2001 tarixli 105 saylı qərarlarında gömrük sərhədindən fiziki şəxslər tərəfindən gətirilən və beynəlxalq poçt vasitəsilə alınması qadağan edilən malların siyahısı barədə maddələri oxumaq olmazmı? Orada veb, videokameraların qadağan olunması barədə heç nə yazılmayıb.

Bəs Ombudsman, Baş prokurorluq, Rabitə və Yüksək texnologiyalar Nazirliyi (RYTN) vətəndaşın internetlə sifariş etdiyi, poçtla göndərilən malını gömrüyün mənimsəməsinə necə baxır? Ombudsman ənənəvi olaraq DGK-nın “donosunu” diqqətə çatdırıb, MTN-in icazəsini almamaqda vətəndaşı suçlu sayıb, RYTN-in “Azərpoçt”u gömrüyün işinə qarışmadığını bildirib. Baş prokurorluq isə ənənəvi olaraq şikayəti barəsində şikayət edilən DGK-ya göndərib. DGK-nın Hava Nəqliyyatında Baş Gömrük Idarəsinin rəisi, gömrük xidməti general mayoru Sadiq Abduyev isə həmin malın Hava Nəqliyyatında Baş Gömrük Idarəsində rəsmiləşdirilmədiyini 31.07.2015 tarixli məktubla bildirib.

Bakı şəhər prokurorluğunun müraciətlərə baxılması şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən baş ədliyyə müşaviri Namiq Həsənov vətəndaşın DGK-dan şikayətinin rayon səviyyəsində araşdırılması olması qənaətinə gələrək, Nəsimi prokurorluğuna göndərib. Bakı şəhəri, Nəsimi rayon prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Rauf Qasımov da 31.08.2015 tarixli məktubla ərizəni Baş Prokurorun 01.11.2010 tarixli 10/100 nömrəli əmrinin 35.2.4 və 52-ci bəndlərinə əsasən Baş prokurorluğa göndərilməsi üçün Namiq Həsənova qaytarıb.

Yüz gün keçsə də, hələ də Bakı Şəhər Prokurorluğunun şikayəti baş prokurora göndərib-göndərməməsi bilinmir. Baş prokurorluqdan da, malın, yaxud pulun geri qaytarılmasından da soraq yoxdur.

Məğrur Bədəlsoy