elnurastanbeyli@gmail.com
“Günəşli” yatağında baş verən faciə ilə bağlı nə demək olar? Bəli, rejim yandaşları öz ənənəvi arqumentilərində haqlıdırlar: “Belə hadisələr dünyanın hər yerində olur”.
Amma unutduqları bir neçə məqam var. Bir: dünyanın heç bir normal, gəlişmiş ölkəsində belə dəhşətli olaydan insanlar xarici KIV-dən xəbər tutmurlar. Bu yalnız qapalı, avtoritar rejimlərin hökm sürdüyü ölkələrə xasdır. Vaxtilə – Sovet hakimiyyəti illərində də beləydi. Adamlar öz ölkələrində nələrin olub-bitdiyini “Azadlıq” radiiosundan, BBC-dən-zaddan öyrənirdilər. Biz də Günəşli yatağındakı faciənin miqyasından ilk olaraq “Röyters” agentliyi vasitəsilə xəbər tutduq.
Iki: heç bir normal, gəlişmiş ölkədə bir faciənin üzərindən az qala bir gün keçdikdən sonra da onun miqyasını kiçiltməyə çalışan adamı vəzifədə saxlamazdılar. ARDNŞ prezidenti Rövnəq Abdullayev son anadək itkinin olmamasından danışır, hadisəni adiləşdirməyə çalışırdı. Mən hələ onun ən pis halda mənəvi məsuliyyət daşımasından və istefa verməli olmasından danışmıram. Başa düşürəm, problem Sistem özüdür, onun hər hansı vintciyinin və təkərciyinin dəyişməsi heç bir anlam ifadə etmir. Amma ən azı ictimai toxdaqlıq yarada bilər. Cəmi bir ay əvvəl Buxarestdə bir gecə klubunda baş verən yanğında 32 nəfər ölmüşdü deyə Rumıniyanın baş naziri istefaya getdi. Bizdə isə hökumət saytları Rövnəq Abdullayevin qəza yerindən fotosessiyalarını yayır, ondan az qala “Rembo” obrazı düzəldirlər, guya bir o qalıbmış, özünü helikopterdən dənizə, yanan platformaya atıb neftçiləri xilas etsin. Axı bu nəyə lazımdır? Ayıbdan başqa nə adı var bunun?
Üç: dünən internetdə son illərdə açıq dənizdəki neft fəlakətləri barədə bir material yayıldı, yenə hökumət mediası onu həvəslə tirajadı, yazı belə bir təsəvvürü gücləndirməyə xidmət edirdi ki, bu cür faciə yalnız bizim başımıza gəlmir. Əslində hansısa faciə, fəlakət zamanı onun tarixdəki analoqlarını xatırlatmaq təcrübəsi başqa ölkələrin mətbuatına da xasdır. Amma hiss olunur ki, bizdə həm bunun məqsədi ayrıdır, həm də cinlə şeytanı əməllicə qarışdırırlar. Bu haqda hörmətli iqtisadçı dostumuz Rövşən Ağayev sosial şəbəkədə çox dəqiq qeydlər paylaşmışdı, mən də onları bölüşməklə kifayətlənmək istəyirəm. Birincisi, həmin materialdakı faktlardan aydın olur ki, son 20-25 ildə dənizdə bu cür fəaləkətlər, demək olar, yoxa çıxıb. Məsələn, məlum yazıda təkcə ötən yüzilliyin 80-ci illərində müxtəlif ölkələrdə dənizdə neftçıxarma ilə bağlı 7 qəza haqda fakt göstərilib. Halbuki 1990-2015-ci illərdə cəmi 3 qəza olduğu görünür. Bu ona işarədir ki, qəzalardan sığortalanmaq imkanları texnoloji imkanların sürətli inkişafına adekvat olub.
Ikincisi, yenə həmin yazıdan məlum olur ki, 1960-80-ci illərdə baş verən qəzalarda insan tələfatı genişmiqyaslı idi. Məsələn, sözügedən statistikada əks olunan və 80-ci illərdə baş verən ümumilikdə 7 qəzada qəza anında orada olan 797 nəfərdən cəmi 20 faiz və ya 164 nəfərinin sağ xilas edildiyi məlum olur. Halbuki 2000-ci illərdə baş verən 3 qəzada fəlakət anında orada olan təxminən 450 nəfərə yaxın insandan 90 faizə qədəri xilas edilib, itki cəmi 10 faiz ətrafında olub. Bunun da səbəbi, heç şübhəsiz, texnoloji imkanların təhlükəsiz əmək şəratinin yaradılmasına uğurlu tətbiqidir. Xəzərdə son baş verən faciəli hadisədə isə nə yazıq ki, insanlarımızın düz yarısını (50 faiz) xilas etmək mümkün olmayıb.
Rövşən bəy haqlı olaraq düşünür ki, “belə yazılarda müqayisə zamanı vaxt amili, texnologiyaların inkişafının təsiri kimi vacib faktoru nəzərə almaq gərəkdi. 1980-ci illərdən bizi 30 il ayırır. O zaman indiki səviyyədə dəqiqliklə və vaxtında hava şəraitini proqnozlaşdırmaq imkanı yoxdu, adicə mobil rabitə imkanı yoxdu, dəniz altında qasırğa və tufandan qorunmaq üçün qapalı platformalar belə yox idi…”
Bir sözlə, “bu cür fəlakətlər dünyanın hər yerində olur” deməklə kimisə, kimlərisə ən azı mənəvi məsuliyyətdən azad etməyə çalışmaq yersizdir, məhz qapalı, avtoritar ölkə olmağın görsənişidir. Hansı ki, belə ölkələrdə istənilən ürək dağlayan hadisədə korrupsiyadan tutmuş məmur özbaşınalığına, hüququn işləməməsindən tutmuş ictimai nəzarətin yoxluğuna, azad mətbuatın dəfn edilməsindən tutmuş məhkəmələrin qeyri-müstəqil olmasınadək hər bir neqativin birbaşa, ya da dolayı təsiri var!