Rusiyanın iqtisadiyyat naziri Aleksey Ulyukayev neft qiymətlərinin 40 dollar səviyyələrində qalmasının ölkə iqtisadiyyatındakı yaxşılaşmaya mane olacağını bildirib.
Ulyukayev qiymətlərin bu səviyyədə qalmasının bank sektoru və ya büdcədə bir risk yaratmasa da iqtisadi artımı iflasa uğrada biləcəyini dilə gətirib.
Bir televiziya kanalına müsahibə verən rusiyalı nazir, neft qiymətlərində dalğalanmanın gələn ilin ikinci yarısında azalacağını və müsbət dinamikaların geri gələcəyini proqnozlaşdıraraq, 2016-cı ildə neftin orta qiymətinin 50 dollar/barel olacağını gözlədiyini deyib.
Ulyukayev “əgər gələn il qiymət orta hesabla 40 dollar/barel səviyyəsində qalarsa əsas iqtisadi göstəricilər, sənaye istehsalı, iqtisadi artım, investisiya və istehlakçı tələbində müsbət trendə keçə bilmərik” – deyə qeyd edib.
Neft qiymətləri OPEC-in mövcud neft istehsalı siyasətini davam etdirməyə qərar verməsinin ardından rekord qlobal təklif çoxluğunun şiddətlənəcəyi gözləntisi ilə altı ildən artıq müddətin ən aşağı səviyyəsinə düşüb. Brent neftinin qiyməti 40,63 dolları, ABŞ xam nefti isə 37,55 dolları görüb.
Bu ilin 2-ci rübündə 4.6% geriləyən Rusiya iqtisadiyyatı ilin 3-ci rübündə 4.1% geriləmişdir. Nazir Ulyukayev bu il iqtisadiyyatın 3.7% azalacağını proqnozlaşdırır.
(marja)