Prokurorluq hansı qurumların əlində aciz qalıb?

bash-prokurorluqİri məmurlar öz «qanun»larını diktə edirlər

Azərbaycanda qanun şah deyil, şahın qanun olduğu çoxdan təsdiqini tapıb. Hər dəfə prinsipial məsələlər ortaya çıxanda, Azərbyacanın hüquq mühafizə orqanlarının asılı vəziyyətdə olduğu, bütün məsələləri hakim əlin idarə etdiyi aydın görünür. Əvvəlki yazılarımızda da qeyd etmişdik ki, MTN-də baş verənlərə görə digər qurumlar da məsuliyyət daşıyır.

Əgər MTN əməkdaşları hansısa sahibkarı əsassız saxlayıbsa, pulunu mənimsəyibsə, işgəncə veribsə və bu adamlar həbs olunublarsa, prokurorluğun da, məhkəmənin də məsuliyyəti var. Əgər MTN hansısa qanunsuz əməliyyat keçiribsə, prokurorluğun araşdırmasında, məhkəmənin gedişində bu qanunsuzluqlar üzə çıxmalıydı. Amma görünən budur ki, prokurorluq da, məhkəmə də asılı vəziyyətdədir və sifarişə uyğun hərəkət edir.

Hər bir nazirlik özünü həm məhkəmə, həm də prokurorluq kimi aparır. Gömrüyün, Sərhəd Qoşunlarının, Vergilər nazirliyinin və digər qurumların də istintaq təcridxanaları mövcuddur. Hər qurum saxladığı adamları istədiyi formada “əhilləşdirir”, məhkəməyə yola salır və istədiyi nəticəni təmin edə bilir. Əslində, bütün qurumlarda istintaq idarələrinin yaradılması, prokurorluğu kənarlaşdırmaq, bütün səlahiyyətləri öz əllərində cəmləşdirmək məqsədi daşıyır. Təsəvvür edin ki, Aydın Əliyev, Elçin Quliyev, Fazil Məmmədov və digərləri hər hasnı şəxsi həbsə göndərə bilir.

Hətta hökumətyönlü deputat Zahid Oruc da Baş Prokurorluq nəzdindəki təhlükəsizlik orqanlarına nəzarət edən qurumun fəaliyyətini tənqid edib. Z.Oruc deyib ki, parlamentin hansısa güc strukturları, hüquq-mühafizə orqanlarına nəzarət etmək funskiyası yoxdur: “Ancaq Baş Prokurorluqda təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurum var. Bu qurum görəsən indiyə qədər hansı fəaliyyətlə məşğul olub? Görəsən zamanında MTN ətrafında baş verən hadisələri bilib, ona nəzarət edibmi? Əslində bu qurumun bir fəaliyyəti də elə bundan ibarət olmalıdır. Ümumiyyətlə, bir çox nazirliklərin təhlükəsizlik, istintaq qurumları da var. Artıq həmin qurumların ləğv edilməsi zamanı gəlib”- deyə Zahid Oruc bildirib.

Bəli, Prokurorluğun təhlükəsizlik orqanları üzərində nəzarəti sıfıra bərabərdir. Prezident Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin fəaliyyəti də yoxdur. Əgər bu qurumlar öz fəaliyyətlərini düzgün qursalar, bu qədər böyük qanunsuzluqlar da ortaya çıxmaz.