Nardaranda axtarışlar davam edir; Qəsəbə hələ də blokada vəziyyətindədir

nardaran polis yoxlama

Ölənlərdən ikisi Masallıdan olsa da, meyitləri ailə üzvlərinə verilməyib, Nardaranda basdırılıb

Nardaranda evlərdə axtarışlar davam edib. Saxlananlar var. Bu haqda Azadlıq Radiosuna Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məlumat verib: “Bu neçə gündə kənddə onlarla adam saxlanılıb. Elə bu səhər də bir nəfər saxlanıldı. Onlardan bəziləri müəyyən yoxlamalardan sonra buraxılır”. Natiq Kərimovun dediyinə görə, Daxili Qoşunların hərbçiləri əvvəlki kimi kənddədir, yollara, gəlib-gedənlərə nəzarət edilir. Qəsəbəyə hələ də nə iş işıq, nə də qaz verilib.

Metronun “Koroğlu” stansiyasından Nardarana işləyən 189 saylı avtobusun hərəkəti bərpa olunsa da, kəndin kənarındakı posta qədər işləyir. Kəndin içinə daxil olmur. Əvvəli günlərdə olduğu kimi, kəndə gələnlərin sənədləri, maşınlar yoxlanılır. Kənar adamlara kəndə girməyə icazə verilmir.

Hüquq-mühafizə orqanları dekabrın 1-dən Nardaranda xüsusi əməliyyata başlayıb. Kəndə Daxili Qoşunların qüvvələri, hərbi texnika yeridilib.

Daxili işlər naziri Ramil Usubov Nardaranda aparılan axtarışlar nəticəsində 32 nəfərin həbs edildiyini bildirmişdi.

Cümə günündən başlayaraq Nardaran qəsəbəsinin blokada zonası qonşu Bilgəh və Maştağa qəsəbələrinin hesabına genişlənib. Nardarana yaxın bu zonalar da güc qurumlarının nəzarətinə götürülüb.

Küçələrin girəcəyində beton bloklar qoyulub, DIN-in çevik polis alayının avtomatçılarından ibarət post yaradılıb. Qəsəbəyə gələn avtomobillər yoxlanılır, onların sahiblərinin üzərində axtarış aparılır.

Blokpostlar gecə-gündüz fəaliyyət göstərir. Faktiki olaraq bu zonada fövqəladə vəziyyət tətbiq edilib.

Bilgəhdə bu zona 8-ci döngədən başlayır ki, bu da həmin bağ qəsəbəsinin yarısını əhatə edir.

Nardaranın özündə vəziyyət dəyişməz qalır. Belə ki, yerli sakinlərdən məlum olub ki, qəsəbədə avtomatçıların olduğu bir neçə blokpost yaradılb. Təkcə əsas yollar yox, ikinci dərəcəli yollar da bağlanıb. Indiyədək qaz və elekrik enercisi verilməyib. Sakinlər hakimiyyətin smart-sayğaclar quraşdırmaq planlarından danışıblar. Bu, elektrik enercisinin və qazın icazəsiz istifadəsini istisna edir.

Qəsəbədə gərginlik səngimir, baxmayaraq ki, xüsusi insidentlər qeydə alınmayıb. Əsas səbəb hakimiyyətin sərt qayda-qanun yaratmaq və bu gün əsas mənbə kimi Nardaranın çıxış etdiyi dini müxalifətin güclənməsinin qarşısını almaq niyyətidir.

Natiq Kərimov cinayətləri ifşa edilən MTN-dəki dəstə ilə əlaqəsi olması haqda bəzi saytlardakı xəbərlərə də münasibət bildirib. O, Turan-a açıqlamasında bunu “alçaqlığın hüdudunun olmaması kimi” dəyərləndirib. “Mən özüm oxumadım, amma mənə dedilər, güldüm, mənim kimliyim bu xalqın, Nardaran sakinlərinin gözü qabağındadır, odur ki, yazılanlar böhtan və yalandan başqa bir şey deyil”, – deyə Natiq Kərimov vurğulayıb.

Azadlıq”a daxil olan məlumatda isə deyilir ki, Naradaranda keçirilən əməliyyat zamanı ölənlərdən iki nəfər Masallı rayonundandır. “Onlardan biri Sarvan Səfərov Masallıdı yaşayırdı. Əkbər adlı şəxs isə Yasamal rayonun qeydiyyatında idi. Hər iki şəxsin nəşi Nardaranda dəfn olunub”,-deyə Masallıdakı mənbə bildirib. Mənbənin sözlərinə görə, əvvəlcə ölənlərin yaxınlarına bildirilib ki, meyitlər onlara təvil veriləcək. Lakin sonradan naməlum səbəbdən qərar dəyişib: “Yaxınlarına deyiblər ki, qərar dəyişib. Meyitləri özümüz, Nardaranda dəfn edəcəyik. Sarvan Səfərovun yaxınlarından yalnız bir nəfərə dəfndə iştirak etməyə icazə verilib. Əkbər tərəfdən isə ümumiyyətlə heç kim olmayıb”. Mənbə Sarvan Səfərovun atasının oğlunun meyitini qəbul etmədiyi barədə iddialara da aydınlıq gətirib. “Bunlar hamısı yalan məlumatdır. Sarvan Səfərovun atası bir neçə il əvvəl dünyasını dəyişib”,- deyə mənbə bildirib.