“Günəşli”də kül olan həyatlar – QARA REPORTAJ FOTO VİDEO

neft-yangin4«Qardaşımın itkin düşdüyünü mənə deyə bilmədilər. Dəstəyi qırağa qoyub, susdular. Bir azdan qız dəstəyi götürdü, qərargaha zəng vurmağı məsləhət gördü… Hər şeyi anladım…».

Ünvanı təkrar-təkrar soraqlamaq, bir xeyli üzü yoxuşa çıxmaq lazım gəldi. Köhnə, bomboz sovet tikililəri arasından Xəzərə gözəl mənzərə açılır: mavi dəniz quzu balası kimi sakitdir bu gün, soyuq da olsa, günəşli havada bir başqa görünür. Elə bil, iki gün öncə tufan qoparan, 30 canı dibinə çəkən o deyildi.

-115-ci bina buradır?

– Düz gəlmisiniz. Kim lazımdır?

– Biz…

– Yas yerinə gəlmisiniz?

– Qəzada itkin düşən Habil İsgəndərova görə…

– Düz gəlmisiniz. Qardaşı burdadır.

Həyətdə çardaq altında yığışan bir neçə kişi yol göstərir:

– Biz də elə yasa gəlmişik…

Xeyir-şər evini əvəzləyən tikiliyə sinilərdə şoraba, çörək, ardınca çay daşınırdı. Fərman İsgəndərov – dənizdə itkin düşən Habil İsgəndərovun qardaşı gəlir.

«KAŞ İŞƏ DÜZƏLTMƏYƏYDİM»

Fərman İsgəndərov

Neft mədənlərində 12 ildir çalışan Habil İsgəndərovun 50 yaşı varmış. Onacan Rusiyada yaşayıb. Sonra neft sahəsində işləyən qardaşının məsləhəti ilə burda işə düzəlib. İndi isə qardaşı Fərman özünü qınayır: «Kaş düzəltməyəydim…» – deyir. Söhbətboyu birinci və bircə dəfə bu yerdə doluxsunur, səsi titrəyir: «Fəhlə işləyirdi, adicə fəhlə».

Habil İsgəndərov iki övlad atasıdır. Böyüyü oğlandır, 20 yaşındadır, İqtisad Universitetinin son kursunda oxuyur. Kiçiyinin – qızının 10 yaşı var: «Ürəyi partlayar sizi görsə. Bu gün evə gələn günüdür Habilin… Gözünü açıb atasını dənizdə görmüşdü».

«ZƏNG VURDUM, DEDİLƏR Kİ, HAMINI TƏHLÜKƏSİZ YERƏ ÇIXARMIŞIQ»

Xəbəri Fərman İsgəndərov saytlardan oxuyub:

– Zəng vurdum, dedilər ki, hamını təhlükəsiz yerə çıxarmışıq. Beşinci gün axşam idi, saat 10 olardı mən zəng vuranda. «Şlyupka»lara doldurublarmış camaatı. Amma sonra tros qırılıb, qayıq sallanıb bir az, camaat tökülüb suya».

Fərman İsgəndərov qardaşının da «təhlükəsiz yerdə» olduğuna inanıb və ümidlə səhəri gözləyib. Səhər günorta, gündüz axşam olub. Nəhayət, axşam saatlarında – Dövlət Neft Şirkəti siyahını açıqlarkən, o da qardaşının işlədiyi idarəyə zəng vurub:

– «Habil İsgəndərovun adı siyahıda varmı?» – deyə soruşdum. Baxdılar, sonra dəstəyi qırağa qoydular. Məni tanıyırlar. Qardaşımın itkin düşdüyünü mənə deyə bilmədilər. Dəstəyi qırağa qoyub susdular. Bir azdan qız dəstəyi götürdü, qərargaha zəng vurmağı məsləhət gördü… Hər şeyi anladım.

Fərman İsgəndərov möcüzəyə – qardaşının sağ qalmasına inanmır:

– Bu diletant yanaşma olardı. O soyuqda, o dərinlikdə sağ qalmaq mümkün deyil.

– Bəs deyirlər ki, xilasedici jiletləri olsaymış, sağ qala bilərmişlər.

– Jilet olub, amma buz kimi soyuq suda insan yarım saat, bir saat sağ qalar.

– Axtarışlardan xəbəriniz varmı? Nə deyirlər?

– Şənbə günü hava soyuq oldu. Bu gün dəniz sakitdir. Axtarırlar…

«YAXŞI BİLİRƏM Kİ…»

Fərman İsgəndərov qardaşının ailəsi ilə görüşməyə icazə vermir:

– Yoldaşının halı yaxşı deyil. Birtəhər sakitləşdirmişəm. Demişəm axtarırlar, bəlkə tapıldı. Qızınınsa… Evə getməyin…

Sağollaşırıq. Nə deyəcəyimizi bilmirik. İtkin düşən Fuad Tağıyevin əmisinin sözü yadımıza düşür: «Bura gələnlər də karıxır. Bilmirlər başsağlığı versinlər, bilmirlər təsəlli. Biz özümüz də ümidlə ümidsizlik arasında qalmışıq…».

Fərman İsgəndərovsa ümidini üzüb: «Mən özüm neft sahəsində işləyən adamam. Yaxşı bilirəm ki, heç bir ümid yoxdur…». Deyir və baxışlarını dənizə zilləyir… (azadlıq.org).

***

Yanan platformada itkin düşənlərdən biri də Fyad Tağıyevdir. Azadlıq Radiosu onların da ailəsindən reportaj hazırlayıb:

***

Baş vermiş yanğın nəticəsində itkin düşənlər içərisində 58 yaşlı Fəxrəddin Quliyev və 40 yaşlı Zaur Arifoğlu da var. “Space” telekanalı onların evindən reportaj hazırlayıb.

https://www.youtube.com/watch?v=8eyvxCHS-MA

***

4 dekabr dəniz faciəsində itkin düşənlərdən 3-ü isə Xaçmaz rayonundandır. Xaçmazın Əbilyataq kənd sakini Cavad Xudaverdiyev Neft Daşlarındakı bədbəxt hadisədə Xaçmaz Xudat şəhər sakini Edik Rzaxanov və Köhnə Xudat kənd sakini Ağa Mahmudov isə “Günəşli” yatağındaki yanğında itkin düşüblər.

Ağa Mahmudovun ata evində olarkən burada böyük bir izdiham gördük. Ağanın qohum–qardaşı, ailə üzvləri, kənd sakinləri onun itkin düşməsinə inanmaq istəmirdilər. Bir ay sonra əsgər gedəcək oğlu Vasif və həyat yoldaşı Ağa ilə sonuncu dəfə faciədən bir neçə saat əvvəl danışdıqlarını dedilər.


Ağa Mahmudovun ailəsi və kənd sakinləri


İradə Mahmudova (sağdan birinci) – Ağanın həyat yoldaşı

“Axırıncı dəfə mənimlə danışdı. Dedi özünüzdən muğayat olun. Ondan sonra bir xəbər yoxdu”, deyə Ağanın oğlu Vasif Mahmudov bildirdi.

“Saat 4-ə kimi bizə zəng etdi. Dedi uşaqlardan muğayat ol. Özü də xəstə idi. Mən də məsləhət verirdim ki, hansı dərmanı atsın. Deyirdi ki, başı agrayır”, Ağanın həyat yoldaşı İradə Mahmudova dedi.


Ağa Mahmudovun yoldaşı və uşaqları

Ailə ümidlə, səbirsizliklə Ağadan bir xəbər gözləyirdi. Artıq onun meyiti Fövqəladə Hallar Nazirliyi tərəfindən tapılıb (ans press).

***

Atalar üçdən deyib. Canbaxış Əhmədov yaxasını düz iki dəfə ölümün əlindən qurtara bilib. Üçüncü də isə…

Söhbət “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə yanğın zamanı itkin düşmüş neftçilərdən biri – 53 yaşlı Canbaxış Əhmədovdan gedir. Yaxınları, dost-tanış arasında Coni kimi tanınırmış.

Balaxanının narahat yollarından keçib Əhmədovların evinə çatdıq. Demək olar, bütün kənd onun bu balaca kasıb evinə toplaşmışdı. Otaqda insan əlindən tərpənməyə imkan yoxuydu. Ömür-gün yoldaşı Mətanət Əhmədova telefonları qarşısına düzüb, masanın başında əyləşmişdi. Hər zəng gələndə ərindən bir xəbər var deyə ümidlə dəstəyi qaldırır, hər dəfə qohum-əqrəbanın təsəlli dolu sözlərini dinləyir, kövrəlir, yanımızda əyləşmiş oğluyla göz-gözə gələndə qamətini düzəldir, “Allah böyükdür!” deyirdi.

Canbaxış Əhmədov 1996-cı ildən neftçi işləyir.

– Oğlumuz dünyaya gələcəkdi. İş axtarırdı. Fevralın 14-də işə başladı, 21-də Fikrət dünyaya gəldi. Görün nə qədər buruq var? Hamısında işləyib. Elektrik-qaz qaynaqçısı idi.

Mətanət xanım qəza baş verən günü belə xatırlayır:

– Ayın 5-i səhər evə gəlməliydi. 4-ü axşam bu faciə baş verdi. İndi baxıram ki, qəza baş verməzdən əvvəl mənə zəng edib, işdə olmuşam, görməmişəm. Gəldim evə. Uşaqlardan soruşdum, atanız zəng edib? Hər axşam mütləq zəng edir. Dedilər, yox. Zəng etdik, telefonuna zəng çatmadı. Dedim, yəqin telefonun “zaryadka”sı bitib. Bir azdan zəng edər. Sonra qardaşımın yoldaşı zəng elə ki, bəs Neft daşlarında hadisə baş verib, Canbaxış ordadı? Dedim, yox. “Yox” desəm də, ürəyimə qorxu düşdü. Uşaqlara dedim, açın kompüteri, görək nə baş verib. Gördüm, Neft daşlarında budka uçub, üç neftçi itib. Ağladım, dua elədim onlar üçün. Axtarırdım başqa şey oxuyum, gördüm yazıblar ki, “Günəşli”də yanğın olub. Dəqiq bilmirdim, Canbaxış o yataqdadı, ya yox. Nömrəni bilmirdim hansındadı. Gecə saat 2-də SOCAR-ın saytından əlaqə nömrələri tapdıq, zəng elədik. Adını-soyadını deyən kimi dedilər, yanğın olan buruqda olub. Amma narahat olmayın, təxliyə olunublar, gəmidədirlər.

Qərargahdan “narahat olmayın” desələr də, o gecəni heç biri göz qıpmır, dörd gözlə səhərin açılmasını gözləyirlər. Səhər Mətanət xanımın qardaşı onlardan xəlvət təkrar qərargaha zəng edir və 30 neftçinin itkin düşdüyünü, Canbaxışın da onlar arasında olduğunu öyrənir.

– Qardaşım desə də inanmadım, getdim Zığdakı idarəyə. Bir kişinin əlində siyahı vardı. Yarısının qabağına “plyus”, yarısına “minus” qoymuşdu. Canbaxışın adının qabağında minus qoyulmuşdu. Dünyam başıma uçdu…

Canbaxış Əhmədov həmin o qırılıb dənizə düşən qayıqda olub.

– Canbaxış elə-belə oğul deyildi. Canlara dəyərdi. İyirmi ildi ailəliyik, bir dəfə onun bir sözündən incimədim. İncitmədi. Varsa-yoxsa, ailəsiydi. Uşaqları ilə nəfəs alırdı. Çox yaxşı ata idi.

– Neçə gün idi dənizdəydi?

– Ayın 5-i səhər gəlməliydi. Sonuncu dəfə ayın 3-də danışmışdıq. Axşam 11-in yarısı olardı. Həmişə oturardıq evdə, nə zaman Canbaxışın adını çəksək, elə bil hiss edirdi, dərhal zəng edirdi. Neçə gündə adı dilimizdən düşmür. Hardasan, ay Canbaxış, niyə zəng eləmirsən?

Əgər o gün bu hadisə baş verməsəydi, indi o da evində, ailəsinin başında olacaqdı. Bayaqdan bəri sakitcə oturub anası dinləyən Fikrət:

– On beş gün dənizdə olurdu, on beş gün evdə. 19 ilin yarısını atamın üzünü görmədim mən.

Yenə zəng gəlir. Telefonunu əlinə alıb baxır.

– Görəsən, o gün zəng edəndə nə demək istəyirdi? Mənə nə deyəcəkdi ki, sözü ürəyində qaldı? Bəlkə də…

O gün cavab vermədiyi zəngin peşmanlığını yaşayır. Hönkürür və harasa zəng edir.

– Hələ də zəng çatmır. O gündən bəri elə hey yığıram… Mən möcüzəyə inanıram! Allah möcüzə yaradacaq. Canbaxış gələcək, bilirəm. Hiss edirəm, o yaşayır. Balalarını yetim qoymaz, gələcək. Allah iki dəfə möcüzə yaradıb. 1996-ci il olardı. Vertolyotla dənizə gedəsiydilər. Nəyisə çantasına qoymamışdım. Uşaqlar balacaydı, həyətdə paltar yuyurdum. Geri qayıdıb qışqırdı üstümə. Tez gətirib verdim. Avtobusun birinə çatmadı, ikinciylə getdi. Yarım saat keçərdi, ya keçməzdi, gördüm həyət qapısı döyülür. Çıxdım ki, yenə qayıdıb. Gördüm, ağlayır. Dedi, uşaqlar öldü, mən qaldım. Sən demə, Canbaxışın da getməli olduğu vertolyot qəza eləyib, içindəkilər də ölüb. İkinci dəfə Canbaxışın adını yaddan çıxıb siyahıya salınmadığından buruğa getməmişdi. Həmin buruqda da yanğın çıxmışdı. Ölənlər olmuşdu. Allah iki dəfə onu ölümdən qorumuşdu. Atalar üçdən deyib. Bu dəfə də qoruyacaq. Mən buna inanıram!

Bir il əvvəl ürək əməliyyatı keçiribmiş. Ürəyinə stend qoyublar. Xəstəxanada yatandan sonra vəziyyəti qısa müddət ərzində yaxşılaşıb və ara sıra şikayətləri olsa da, o yenidən işinə – dənizə qayıdıb.

Sən demə, Əhmədovlar ailəsi apreldə toya hazırlaşırmış.

– O gün zəng elədi ki, iki seçimim var. Ya yanvarda, ya da aprelə məzuniyyət götürə bilərəm. Dedim, yanvarı neynirsən? Aprelə götür, əlimizdəki işimizi görək. Böyük oğlumla qızım nişanlıdı. Əvvəl Fikrətin toyunu edəcəkdik. Fikrimiz beləydi.

“On beş yaşında çörək pulu qazanıb”, deyə Canbaxışın böyük bacısı Dilarə xala söhbətə qarışır.

– Kasıbçılıqdan otuz iki yaşında evləndi. On iki ildi bir evi tikdirib başa çıxara bilmədi ki, oğlunu evləndirə, qızını köçürə. Görəsən, nə hiss edib? Son anda nə deyib? Kimi çağırıb qardaşım?

Mətanət xanım sözünə davam edir:

– Neçə aydı elə hey mənə deyirdi ki, səni hazırlayıram. Soruşurdum, nəyə? Deyirdi, mənim yoxluğuma və başlayırdı gülməyə. Sonra deyirdi, biz qışda ölürük ha, hazır ol.

Canbaxışın bacısı da, qardaşı da qışda dünyasını dəyişib. O da öz ölümünü qışda gözləyirdi… (lent.az).

***

”Günəşli” yatağında itkin düşənlərdən biri də 44 yaşlı Xalid İbrahimovdur. Bu barədə onun qızı Gülər facebook profilində yazıb. ”Atam da yataqda itkin düşüb. Xahiş edirəm dəqiq məlumat bilən varsa desin. Biz onun yolunu gözləyirik”.

***

”Günəşli” yatağında baş verən faciədə itkin düşənlərdən biri də 34 yaşlı Fuad Tağıyevdir. Criminal.az xəbər verir ki, F.Tağıyev ”Günəşli” yatağında xilasedici kimi çalışırdı. Ailəsi hələ də F.Tağıyevin sağ qayıdacağına ümidlidir.

F.tağıyevin fotoda gördüyünüz oğlundan başqa bir 3 aylıq qız övladı var.

***

Yanğında itkin düşənlərdən biri də Xoşbəxt Səmədovdur. Lent.az xəbər verir ki, 34 yaşlı X.Səmədov SOCAR Neftqaztikinti Trestində mühəndis kimi çalışırmış.
X.Səmədov ailəli olub.

***

Faciədə itkin düşənlərdən biri də Tural Babazadədir. Onun 22 yaşı var. İtkin düşənlər içərisində ən kiçiyidir.

***

Azərbaycan Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən biri Edik Rzaxanovdur. Üç azyaşlı övladı atalarının, valideynləri isə oğlunun yolu gözləyir.

Bu gün Radikin toyunun 7-ci ildönümüdür. Edik növbəni təhvil verib evə qayıtmalı, evliliyinin ildönümünü ailəsi ilə birlikdə qeyd etməli idi. Qardaşı deyir ki, hadisədən öncə Ediklə telefonla danışıblar: “Danışdıq, hal-əhval tutduq. Dedi, yaxşıdır hər şey, narahat olma. 4-cü gün səhər özü zəng vurub evlə danışıb. Deyib salamatçılıqdır”.

Dayısının sözlərinə görə, Edik 7 il idi ki, dənizdə işləyirdi. Bu günə qədər hər hansı problem olmamışdı: “Yuxarı təşkilatlardan xahişim budur ki, axtarışları sürətləndirsinlər. Camaat gözləyir. Bizim də ümidimiz xəbərlərədir. Hər halda, yaxşı xəbərlər eşitmək istəyirik”.

Qeyd edək ki, itkin düşən neftçilərdən 3-ü Xaçmaz rayonundandır. Dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə zamanı 33 nəfər xilas olunub, 29 nəfər isə itkin düşüb. (apa)

***

“Son dəfə zəng edəndə dedi ki, uşaqlardan muğayat ol, bəlkə qayıtmadım. Qayıtmasam məni bağışla”.

Bunu “Günəşli” neft yatağında baş verən yanğında itkin düşən 29 neftçidən biri – Şirvan şəhər sakini Bayram Mirzəağa oğlu Qasımovun həyat yoldaşı Ülkər Qasımova deyib.

Valideynlərini bir müddət əvvəl itirən Bayram ailənin yeganə övladı olub. 37 yaşlı Bayram ayın 15 gününü dənizdə işləyib. 3 övlad atası olub. Böyük oğlu Məmmədağanın 15, ortancıl oğlu Nurlanın 11 və sonbeşikləri olan qızı Məleykənin isə 6 yaşı var.

Qəza anında həyata yoldaşı Ülkər xanıma zəng edib: “Dedi ki, xilasedici qayığa minirik, burda yanğın baş verib, xilas olmağa çalışırıq, qayıtmasam, uşaqlardan muğayat ol, məni bağışla. Xilasedici qayığa minən anda nə baş verdisə, sözü yarımçıq qaldı. Qışqırıqdan sonra səs kəsildi”. (APA)

***

“Bu gün evə gəlməli idi. Amma dünən gecə meyitini gətirdilər”. Bu sözləri ANS PRESS-ə “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanəticəsində həyatını itirən Ramiz Həsənovun qohumları deyib.

Qohumlarının verdiyi məlumat görə, mərhum həm çoxlu qan itirib, həm də soyuqdan donub: “Qayıqla aşağı düşdükləri vaxt zəncir qırılıb və onlar suya düşüblər. Sonra o, estakadanın dəmirlərindən tutub yuxarı qalxıb və dəmirdən yapışıb qalıb. Ramiz başından və burnundan yaralar alıb. Burnu sınmışdı”.

Qohumlarının sözlərinə görə, Ramiz Həsənovun meyitini dünən səhər tapıblar. Günorta saatlarında isə gəmi ilə Lökbatandan xəstəxanaya gətiriblər: “Axıncı dəfə evə noyabr ayının 22-də gəlib. Onun meyiti dənizdən dünən tapılıb. Axşam saat 7-8 arası morqa getdik və 2 saatdan sonra onun meytini götürdük. Bu gün günorta dəfn edilib. O, Pirallahıda dəfn olunub. Dəfnin xərcləri dövlət tərəfindən qarşılanıb”.

Ramiz Həsənov “Günəşli” yatağında təmir briqadasında montajçı vəzifəsində çalışıb. Mərhumun 22 yaşında 1 oğlu, 24-27 yaşlarında isə 2 qızı var.