“Bizi qayıqla aşağı sallayıb, özü yuxarıda qaldı”

“Axşama yaxın idi. Düşünürdük ki, bir azdan yeməyə gedərik. Elə bu vaxt dəhşətli partlayış baş verdi və hər tərəfi güclü tüstü bürüdü”. Bunu ANS PRESS-ə “Günəşli” yatağında baş verən yanğından xilas edilən və hazırda Neftçilər xəstəxanasında müalicə edilən konstruksiya və qazma işləri trestinin energetiki Ənvər Əliyev deyib. 

Ölümün cəngindən xilas edilən neftçi fırtına günü başlayan yanğın zamanı olanlardan danışıb. Ə.Əliyev deyib ki, partlayış səsi eşidildikdən sonra platformanın şərq tərəfindəki qayıqlara tərəf qaçmağa başlayıblar. Lakin güclü yanğın onların yolunu kəsib. Daha sonra onlar şimal istiqamətində olan qayıqlara minməyə başlayıblar. 

“İki qayıq var idi. 62 nəfər həmin qayıqlara mindi. Bir nəfər isə yuxarıdan qayığı aşağı sallayırdı. O, düşə bilmədiyi üçün yuxarıda qaldı. Biz burada öyrəndik ki, bizi aşağı sallayıb, özü yuxarıda qalan iş yoldaşımız sağ qalıb. Ancaq o çoxsaylı yanıq xəsarətləri alıb. Biz aşağı endiyimizdə çox güclü dalğa var idi. Qayıqları sudan bir neçə metr yüksəklikdə saxladıq. Dalğalar bizi vursaydı sağ qalmaq şansımız yox idi”.

Hadisənin dəhşətini tam şəkildə yaşayan Ə.Əliyev deyir ki, havadan asılı qalan qayıqlar güclü küləyin təsirindən bir neçə dəfə platformaya çırpılıb. “Qayıq üçünçü dəfə platformaya çırpılanda parçalandı və 3 nəfərdən başqa hər kəs suya tökülüb. O üç nəfər də qayıq parçalanan zaman tullanaraq platformanın dəmir hissəsindən tutdular. Onlardan ikisi bu gün sağdır, xilas edilib. Bir nəfər isə dəmir parçasından tuta bilmədi və suya düşdü. Qayıq parçalananda 7 nəfər ən böyük hissənin üzərində dənizə düşdü. Onlardan biri də mən idim. Sevindik ki, sağ qalmaq ehtimalımız var. Mən özünü belimdəki kəmərlə həmin parçaya bağladım. Daha sonra güclü dalğa həmin parçanı da çevirdi və hər kəs suların arasına itdi.Yoldaşlarımızı sular harasa apardı. Mən isə özümü o hissəyə bağladığım üçün batmadım və köməyə gələnlər məni xilas etdilər”.