Neft platformasındakı yanğından 3 gün keçir. Aydındır ki, daha dənizdən heç kimi xilas etmək mümkün olmayacaq. Allah həlak olan neftçilərimizə rəhmət etsin. Heç həlak olanların cəsədlərini də tapıb ailələrinə verməyiblər. Amma əvəzində hökumətin mediadakı xilasediciləri əsl rəşadət göstərirlər. Vəzifəsinin öhdəsindən gələ bilməmiş, cinayətkarcasına səhlənkarlığa yol vermiş, əməyin təhlükəsizliyi qaydalarını bilə-bilə pozmuş oliqarxları, vəzifəli şəxsləri qorumaq, onları məsuliyyətdən yayındırmaq üçün gecə-gündüz çalışırlar. Bir tərəfdən faciə haqqında doğru məlumatları xalqdan gizlətməyə, dünyada 20-30 il bundan qabaq baş vermiş qəzaları xatırladaraq, belə qəzalar tək bizdə olmur təəssüratı yaratmağa çalışırlar, digər tərəfdən də baş verən faciəyə görə birbaşa məsuliyyət daşıyan bəzi cinayətkar vəzifəli şəxslərin hətta utanmadan qəhrəman obrazını yaratmağa cəhdlər edirlər.
Amma faydası yoxdur. Sosial şəbəkələrin hesabına həqiqətləri ört-basdır edə bilmirlər. Dünənki yazımda belə bir sual ünvanlamışdım: “Biz indi hansı zamanda yaşayırıq? Fırtına, əsəcək küləyin sürəti xeyli əvvəldən metereologiya xidməti tərəfindən deyilir axı. Niyə əvvəlcədən tədbir görülməmişdi?”. İndi məlum olur ki, həqiqətən də xaricilərin idarə etdiyi platformadan xeyli adam qasırğadan bir gün qabaq sahilə göndərilibmiş, əlavə təhlükəsizlik tədbirləri də görülübmüş. Amma ARDNŞ rəhbərliyi bilə-bilə ki, güclü qasırğa gözlənilir 30 il bundan qabaq tikilmiş, təhlükəsizlik tələblərinə xeyli dərəcədə cavab verməyən platformada işləri dayandırmayıb, işçilərin təhlükəsizliyi üçün tədbir görməyib. Faiciə baş verən gecə küləyin sürəti saniyədə 38-40 m. olub və sosial şəbəkələrdə gedən müzakirələr zamanı ekspertlər təsdiqləyib ki, əməyin təhlükəsizliyi qayadalarına görə, bu halda platformada işlər dayandırılmalı və işçilərin təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlər görülməlidir. Amma faciə baş verən platformada bunu etməyiblər, çünki bu ölkədə insan həyatı çox ucuz sayılır.
Sosial şəbəkələrdə Denis adlı (və ya adı ilə) bir xilasedici həmin dəhşətli gecədən öz təəssüratlarını paylaşıb. Həmin xilasedicinin yazdığı bu sözlər yanğına və xilasetməyə məsul olan bir çox vəzifəli şəxslərin faciə zamanı nə qədər əxlaqsız davrandıqlarını tam olaraq ifşa edir. Denis yazır: “Və ən İYRƏNCİ – xəbəri nə cür çatdırmağı dəqiqləşdirmək üçün “böyük dayıların” ardı-arası kəsilməyən zəngləri idi. Sən bütün gücünü toplayıb qaranlığa zillənir və fənərlə kimisə görməyə, kimisə xilas etməyə çalışırsan. Onlarsa səni hər dəqiqə başı zəng edərək dəng edirlər ki, yaşananlar barədə nəyi danışmaq olar, nəyi yox. Bilirsiniz nə var? Əbləhlər, görüm sizi gəbərəsiniz!”.
P.S. Həlak olan neftçilərin tam əksəriyyətinin meyitləri tapılıb ailələrinə verilməsə də, hökumət üçün artıq matəm başa çatıb. Lakin xalqımız üçün matəm davam edir. Bakı bulvarında improvizə edilmiş anım tədbiri də xalqımızın faciəyə həssas münasibətinin göstəricisidir. Allah həlak olmuş zəhmətkeş və qurban neftçilərimizə rəhmət etsin. Bu acını daşımaq üçün ailələrinə səbr versin!




