Bankların dollarda olan kredit portfeli 1 aya 1 milyard azaldı
Məhəmməd Talıblı: «Baş verənlərin fonunda Mərkəzi Bankın ötən ay aktivlərinin 1,3 milyard manat azalması devalvasiya ehtimalını bir az da gücləndirir»
Mərkəzləşdirilmiş Kredit Reyestrindəki ümumi statistik məlumatlara görə, bu ilin 10 ayında cəmi borcalanların sayı 202 min 954 sayda artaraq 2 milyon 519 min 494-ə çatıb.
Müqayisə üçün qeyd edək ki, 2014-cü ilin 10 ayında borcalanların sayı 308 min 977 nəfər artmışdı. Qısası, ötən ilin 10 ayı ilə müqayisədə bu ilin 10 ayı ərzində borcalanların sayı 106 min 23 nəfər artıb.
Bu ilin 10 ayında zamin şəxslərin sayı 116 min 197 artaraq 1 milyon 195 minə çatıb. Ötən ilin 10 ayında zamin şəxslərin sayı 228 min 351 nəfər artmışdı.
Bu ilin yanvar-oktyabr aylarıda kredit məlumatlarının sayı 1 milyon 551 min 731 artıb ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 33,4% azdır. Ötən ilin eyni dövründə kredit məlumatlarının sayı 2 milyon 70 min 203 sayda artmışdı.
Oktyabr ayının sonunda cəmi kredit məlumatlarının sayı 10 milyon 529 min 590 olub.
Cəmi borcalanlara, cari borcu olmayan, lakin haqqında tarixi məlumatlar saxlanılan borcalanlar da daxildir. Eyni zamanda cəmi kredit məlumatlarına tam ödənilmiş kreditlər də daxildir.
Daha bir maraqlı məlumat isə dollarla verilən kreditlərdə müşahidə olunan azalma ilə bağlıdır. Mərkəzi Bankın verdiyi xəbərə görə, bankların oktyabra olan kredit portfelinin həcmində kiçilmə müşahidə edilir.
Belə ki, bu göstərici ilin əvvəlindən müəyyən artımlarla müşahidə olunsa da, kredit portfelində azalmanın minimumu məhz oktyabr ayında qeydə alınıb.
Oktyabrın sonuna bankların xarici valyutada olan kredit portfeli 7.3 mlrd. manat təşkil edib. Məlumat üçün bildirək ki, sentyabr ayının sonuna bu göstərici 8.4 mlrd. manata bərabər olub.
Bütün bu göstəricilər hansı nəticəyə varmağa əsas verir? Bank sektorunda böhranın daha da dərinləşməsi hansı fəsadlar vəd edir?
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, ötən müddət ərzində 300 mindən çox yeni müştərilərin meydana gəlməsi yeni borc probleminin yaranması üçün əsasdır. M.Talıblının fikrincə, bu kreditlərin strukturunda müəyyən bir hissəsi köhnə borclarını bağlamaq üçün başqa bankdan kredit götürmək zərurəti ilə üz-üzə qalan insanlardır: “Eyni zamanda Mərkəzi Bankın ötən ay ərzində 1,3 milyard manat aktivlərinin azalması devalvasiya ehtimalının gündəmə gəlməsini bir az da gücləndirir. Bunun fonunda isə dollara inam artır. Bütün bunlara görə əhalini dollarla yığım etməyə və manatla kredit götürməyə daha çox təşviq edir. Vətəndaşlar dollarla əmanəti daha çox banklarda yerləşdirməyi, manatla kredit götürməyi daha üstün bilir. Əhalinin bank sektorundan müəyyən gözləntiləri var idi. Indi onlar özünü doğrultmur”.
Xəyal