«Günəşli»dəki qəzadır, yoxsa təxribat?

 

neft-yangin3

İlham İsmayıl: «Dünyada və Azərbaycan ətrafında gedən proseslər faciənin hər tərəfli araşdırılmasını vacib edir»

Mirvari Qəhrəmanlı: «Güclü qasırğaya baxmayaraq, qurğuda da təhlükəsizlik qaydalarına tam əməl olunmayıb»

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğının səbəbləri ilə bağlı müxtəlif versiyalar səslənməkdədir. Hadisə nəticəsində xeyli sayda itkin düşənlər var. Bəs bu cür faciənin yaşanmasına nə səbəb oldu?

Ekspertlərin fikrincə, hazırda regionda cərəyan edən proseslər, Azərbaycanın geosiyasi oyunlarda enerji təhlükəsizliyi ilə bağlı oynadığı rol təxribat versiyasının da müzakrəsini zəruri edir. Elə bu üzdən biz hadisənin baş vermə səbəblərini araşdırmağa və bu istiqamətdə hansı fərziyyələrin düz ola biləcəyini araşdırmaq qərarına gəldik.

ilham-ismayil

Öncə təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl ilə faciənin baş vermə səbəbi kimi təxribat versiyasının nə dərəcədə ağlabatan olduğuna aydınlıq gətirməyə çalışdıq. İ.İsmayıl bildirdi ki, bəzi təbii fəlakətlər istisna olmaqla istehsal ilə bağlı yerlərdə, xüsusilə strateji istehlak sahələrində baş verən hadisələrdə hər bir fərziyyə nəzərdən keçirilməlidir: «Fövqəladə Hallar Nazirliyi və digər strukturlar öz işlərini görürlər. Amma xüsusi xidmət orqanları da baş verənin qaranlıq tərəfini araşdırmalıdır. Baş verən hadisədə təxribat elementi varmı? Varsa bu təxribat daxildən gəlir, yoxsa xaricdən? Bu konkret olaraq həmin an üçün nəzərdə tutulan hadisədir, yoxsa əvvəlcədən planlaşdırılıb. Bu platformanı kimin tikdiyi və digər işləri kimin apardığı belə araşdırılmalıdır. Adi bir faktı deyim. Nizami Gəncəvinin məqbərəsin1988-ci ildən yenidən quran zaman biz orada qazıntı zamanı ordan balaca daş çıxdı. Həmin daşda erməni əlifbası var idi. Araşdırma zamanı məlum oldu ki, 1941-ci ildə burada ilk məqbərəni quran zaman mühəndis erməni olub. Arxitektorlardan biri də erməni olub. Həmin şəxslər bu yazını o zaman məqbərəyə qoyublar. Yəni «Günəşli»dəki qəza da o hesaba qədər araşdırılmalıdır».

İ.İsmayıl hesab edir ki, dünyada və Azərbaycan ətrafında gedən proseslər faciənin hər tərəfli araşdırılmasını vacib edir.

mirvari-qehremanli-yeni2

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı ilə isə hadisənin bu cür faciəvi miqyas almasının səbəblərinə aydınlıq gətirməyə çalışdıq. M.Qəhrəmanlı bildirdi ki, hadisəyə səbəb həddindən artıq güclü qasırğanın baş verməsi olub. Amma güclü qasırğaya baxmayaraq, qurğuda da təhlükəsizlik qaydalarına tam əməl olunmayıb: «Təxliyə düzgün təşkil olunmayıb. Eyni zamanda mühafizə qaydalarına riayət olunmayıb. Buna bir səbəb də hadisə baş verən zaman insanların özlərini itirməsi olub. Platformada dörd gəmi olub. Həmin gəmilər platformaların yanlarından asılır. Gecə aldığım məlumata görə qayıqlardan biri svaya çırpılıb və nəticədə neftçilər qayıqdan dənizə düşüblər. Çox istərdim ki, «28 may neft-qaz çıxarma» idarəsi açıqlama versin. Sual olunur əgər platformada dörd qayıq var idisə, niyə insanlar iki qayığa yerləşdiriliblər ? Niyə bir qayıqda 40 nəfər olub».

M.Qəhrəmanlının sözlərinə görə, adamlar olan qayıq birdən-birə aşağı düşərək svaylara çırpılıb. Daha bir sual doğuran məqamın platformada olan insanların sayı ilə bağlı olduğunu deyən M.Qəhrəmanlı bildirdi ki, sual olunur həqiqətənmi platformada 63 nəfər olub. Çünki hadisə baş verən zaman platformada 84 nəfərin olduğu bildirilirdi. «Nəzərə almaq lazımdır ki, hadisə baş verən gün platformada qazmaçılar, iaşə xidmətinin işçiləri olub. Digər bir maraqlı məqam odur ki, bp platformalarının ətrafında həmişə gəmi olur. Bu şirkətin bir platformasında bir müddət əvvəl təhlükəli durum yaranan zaman bp bütün əməkdaşların təxliyə etmişdi. Digər tərəfdən «Neft Daşlarında» baş verən olaya görə tam məsuliyyət Neft-Qaz çıxarma İdarəsinin rəisinin və baş mühəndisinin üzərinə düşür. Çünki butkanın dənizə düşməsi biyabırçılıqdır», deyə M.Qəhrəmanlı vurğuladı.

Xəyal