Nəqliyyat naziri özünə qarşı baş verənlərdə Eldar Mahmudovu suçlu bilir
MTN-in keçmiş şefi Eldar Mahmudov və dəstəsi zərərsizləşdiriləndən sonra nəqliyyat naziri Ziya Məmmədov özünü təmizə çıxarmağa başlayıb. “Azadlıq” Ziya Məmmədov ətrafında baş verənlərdə Eldar Mahmudovun da rolunun olması barədə ötən saylarında məlumat vermişdi. Həmin məlumatda bildirilirdi ki, Ziya Məmmədov Eldar Mahmudovun hazırladığı dosye əsasında hədəfə gəlib. Nəqliyyat nazirinin yaxın ətrafı da onun “vurulmasının” baiskarı kimi Eldar Mahmudovu göstərirdi.
Haqqin.az saytının hazırladığı “Ziya Məmmədovu kim ”vurdu?” başlıqlı yazıda da “Azadlıq”ın məlumatını təsdiqləyən məqamlar var. Yazıda hətta Avropa Oyunları ərəfəsində Olimpiya kəndində baş verən qəzanın məsuliyyəti də Eldar Mahmudovun üzərinə qoyulur. “Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun nəzarətindəki KIV-lər bu məsələdə (məlum qəza nəzərdə tutulur) daha çox canfəşanlıq etdi. Halbuki Avropa Oyunları zamanı təhlükəsizliyin qorunmasına ilk növbədə Eldar Mahmudov cavabdeh idi. Yaxşı, bəs MTN bundan əvvəl yol qəzasına görə məhkumluq həyatı yaşamış bir sürücüyə avtobus sükanının etibar olunmasına necə yol vermişdi? Bunu necə gözdən qaçırmışdı.
Lakin Eldar Mahmudovun nəzarət və idarə etdiyi ictimai rəy institutları barmağını yenə o qədər də populyar olmayan Ziya Məmmədova doğru tuşladı. Yeri gəlmişkən, həmin bu KIV-lər Beynəlxalq Bankda “yuyulan” 16,8 milyard avro Iran pulunun Bakıya gətirilməsinin günah yükünü də Ziya Məmmədovun üstünə qoymağa çalışırdılar”.
Qeyd edək ki, 16.8 milyard avro məsələsini “Yeni Müsavat” qəzeti yazmışdı.
Haqqin.az-ın hazırladığı bu materialı Ziya Məmmədovun nəzarətində olan saytlar da yayımlayıb. Bu da nəqliyyat nazirinin yazıdakı məqamlarla razılaşdığını, onun “vurulmasında” Eldar Mahmudovu suçlu bilməsi barədə iddiaları təsdiq etdiyini ortaya qoyur.
Lakin bir məsələ də var ki, Ziya Məmmədov “aydan arı sudan duru” deyil. Nəqliyyat naziri adı ən çox korrupsiyada hallanan məmurlardan biridir. Digər tərəfdən Ziya Məmmədovun hədəfə gəlməsi həm də Beynəlxalq Bankdan götürülən yüksək məbləğli kreditlərə zamin duran məmurlardan biri olması ilə bağlıdır. Sadəcə nəqliyyat naziri vəziyyətdə istifadə edərək özünü təmizə çıxarmağa, qorumağa çalışır.
Əli Mirhəşimli