Vəkillər Kollegiyasının üzvü prezidentə müraciət etdi

ademVəkillər Kollegiyasının üzvü Adəm Məmmədov  prezidentə müraciət edib. Vəkilin Facebook səhifəsindən paylaşdığı müraciəti təqdim edirik:

AR Prezidenti cənab İlham Əliyevə
AR Ədliyyə naziri cənab Fikrət Məmmədova
AR Milli Təhlükəsizlik Nazirinin birinci müavini cənab Mədət Quliyevə
AR Baş Prokuror cənab Zakir Qaralova
AR Daxili İşlər Naziri cənab Ramil Usubova

İlk əvvəldən bildirim ki, 9 il ədliyyə sistemində çalışmışam və son 3 ildə də, Vəkillər Kollegiyasının üzvü kimi müstəqil Vəkillik fəaliyyəti ilə məşğulam. Vəkillik etdiyim müddətdə 10-dan artıq şəxsə müxtəlif məhkəmə instansiyalarında bəraət hökmü çıxarılmasına nail olmuşam, ictimai qaydanın və münasibətlərin pozulması ilə bağlı bir dəfə də olsun mənə qarşı hər hansı hüquq-mühafizə orqanlarına və ya məhkəməyə şikayət olmayıb.
Mənim mərhum atam Məmmədov Məhərrəm Fehruz oğlu da bütün ömrünü dövlətçiliyimizə və qanunlarımızın qorunmasına həsr etmiş insanlardan olub. Belə ki, o uzun müddət Zərdab rayon Məhkəməsinin sədri işləyib, iş başında da Qarabağ müharibəsində şəhid olub və hal-hazırda da ailəmiz şəhidliyə görə Prezident təqaüdü alır.
29.06.2015-ci il tarixində Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin inzibati binasında Habil Vəliyevə və onun redaktoru olduğu “Gündəlik Bakı” qəzetinə qarşı mənim müştərim tərəfindən qaldırılan mülki iddia üzrə məhkəmə baxışı keçirilmişdir (hakim: Mətanət Qasımova). Peşə fəaliyyətimi yerinə yetirərkən, birbaşa Məhkəmə zalındaca heç bir əsas olmadan, Habil Vəliyev məni söyüb təhqir etməyə başladı. Mənim dəfələrlə onu intizamlı olmağına dəvət etməyimə məhəl qoymadan, səs tonunu qaldırmağa, əli ilə stola vuraraq məni daha da qıcıqlandıracaq təhqiramiz ifadələr işlətməyə davam etdi, o cümlədən, birbaşa olaraq mərhum atamı təhqir etməyə başladı – bilə-bilə ki, mərhum atam hələ mən uşaq olarkən şəhid olub və mənim üçün sonsuz əzizdir. Mən bütün bunlara görə məhkəmədən xahiş etdim ki, baş verənlər protokola işlənsin və icra məmurlarının prosesdə iştirakı təmin edilsin. Baş vermiş insident məhkəmə protokolunda əks olundu və İcra Məmurları dəvət edildi. Yasamal r. İcra Şöbəsinin İcra məmurları baş verənləri aktlaşdırdı və Ədliyyə Nazirliyinin istintaq idarəsinə göndərdi. Lakin üstündən 5 ay keçməsinə baxmayaraq indiyə qədər Habil Vəliyevə qarşı heç bir tədbir görülmədi.
Bu yaxınlarda mən, həbs olunmuş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun hüquqlarını müdafiə etmək üçün onun ailə üzvləri ilə rəsmi müqavilə imzaladım. Bu işin araşdırılması zamanı müəyyən etdim ki, MTN şəbəkəsinin hələ açılmamış xeyli cinayətləri və müxtəlif nazirliklərin rəhbər vəzifələrində şəbəkənin daha neçə-neçə üzvləri də mövcuddur ki, hüquqlarını müdafiə etdiyim Vidadi Zeynalovun bunu istintaqa açıqlaması ona həyatı bahasına başa gələ bilər.
Mən bu barədə üstüörtülü şəkildə mətbuata açıqlama verdim.
Bunun səhərisi günü “Gündəlik Bakı” qəzetinin redaktoru həmin Habil Vəliyev mənə yaxın olduğunu bildiyi müxtəlif adamlar vasitəsilə mənə xəbər göndərdi ki, Adəm artıq məhv oldu, həyatı ilə vidalaşsın (həmin şəxslər şahidlik edə bilər).
Bundan bir neçə gün sonra AR Ədliyyə Nazirliyinin istintaq idarəsinin müstəntiqi Malik Səfərov mənə zəng edərək bildirdi ki, Sizə qarşı cinayət işi başlanır, istintaqa gəlin. Mən bunun nə ilə bağlı olduğunu soruşduqda, bildirdi ki, 5 ay əvvəl “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevi döyüb, söyüb, təhqir etmisiniz.
Məlumat üçün bildirim ki, Habil Vəliyev eyni zamanda “Yeni Əkinçi” qəzetlərinin, “Kanal M5”, “M5 Pressa” və “Bakı TV” internet telekanalının rəhbəridir ki, bunların da hamısının adı “Mətbuat Şurası” tərəfindən “Reket qəzetlər” sırasına salınıb. İndiyə qədər onun müxtəlif vaxtlarda Müdafiə Nazirliyi, müxtəlif deputatlar, Xətai, Cəbrayıl, Gədəbəy və s. rayon İH, Mətbuat şurası və b. ilə bu cür məhkəmə çəkişmələri olub.
Bütün bunların hamısında da məhkəmələrə haralardansa “yuxarılardan” əlahiddə təzyiq olunması barədə “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov “APA” informasiya Agentliyinə verdiyi geniş müsahibəsində geniş məlumat vermişdi (http://az.apa.az/news/185600).
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov onun yalan və böhtan dolu bir məqaləsinə görə ondan təkzib tələb edəndə, ona cavab vermişdi ki: “Nə qanundan, nə də məhkəmədən qorxuram. Təkzibi dərc etməyəcəm. Başqa mənə nə edə bilərsiniz?” (http://www.qafqazinfo.az/…/sizin-kimi-jurnalist-in-beynini-…)
Reket fəaliyyətinə görə Habil Vəliyev 15 Mart 2013 tarixdə bıçaqlanmışdı.
Bu yaxınlarda məlum oldu ki, Habil Vəliyev həbs olunan MTN generalları şəbəkəsi ilə sıx əlaqəli imiş və bu barədə mətbuatda artıq açıq yazılır (http://millixeber.com/news/22179.html; http://www.tezadlar.az/…/10143-habil-vliyevin-sevimli-adam-… ; http://edaletsizlik.com/…/fahis%C9%99xana-qumarxana-himay%…/).
Əldə etdiyim məlumata görə, 5 ay bundan əvvəl baş vermiş və məhz mənim söyülüb, təhqir olunduğum hadisəyə görə, 5 aydan sonra mənə qarşı cinayət işinin başlanması Ədliyyə Nazirliyində yüksək vəzifə tutan bir şəxsin birbaşa göstərişi ilə baş verib.
Sizdən xahiş edirəm ki, bu məsələyə təcili diqqət verəsiniz və riskli bir işdə vəkil olduğumu, və bu işlə əlaqədar bir sıra yüksək rütbəli şəxslər barədə məxfi məlumatlara malik olduğumu nəzərə alaraq, mənim təhlükəsizliyimi təmin edəsiniz

AR Vəkillər Kollegiyasının üzvü: Adəm Məmmədov