«Türkün küləyi əsməyə başladı…»
Məlum “təyyarə böhranı”ndan sonra Rusiyanın Türkiyəyə qarşı davranışı lap xırdaçı adamın hərəkətinə bənzəyir. Ya da təsəvvürə uşaqlar arasında mübahisə zamanı birinin o birindən acıq çıxmaq üçün əl atdığı üsullar gəlir.
Indi Putin hakimiyyətinin simasında Rusiya həm xırdaçı, həm də cılız görünür. Əvvəlcədən xəbərdarlıq edilmədən bu ölkəyə Türkiyədən gələn yük maşınları buraxılmır, ərzaq və başqa malların idxalı dayandırılır; türk iş adamları, hətta türk tələbələr ölkə ərazisindən çıxarılır. Gələn ilin əvvəlindən isə ümumiyyətlə, Türkiyə ilə vizasız gediş-gəliş ləğv edilir.
Bunların da kafi olmadığını görən Putin hətta mədəniyyətə və incəsənətə əl atır: TÜRKSOY təşkilatı ilə əlaqələrdən və bu təşkilatın TMB telekanalı ilə birgə layihəsi olan “Türkviziya” mahnı yarışmasında iştirakdan imtina edir. Başqa sözlə, Rusiya Federasiyasının tərkibində olan Türk respublikalarına qohum xalqlarla əməkdaşlıq etmək qadağan olunur?! Rusiya hakimiyyəti bu qadağanın səbəbini rəsmən açıqlamasa da, amma şovinist təbliğatçılarının dili ilə öz mesajını verir: “Türk dünyasında Türkiyənin hegemonluğuna son qoymaq!”
Aha, rusların daim dostluq və qardaşlıq çağırışlarının, mədəniyyət və incəsənətin xalqları yaxınlaşdırması barədə söylədiklərinin saxta olduğu bir daha üzə çıxır… Bu qərarın vaxtında verildiyini və TÜRKSOY-u da Soros Fondu kimi Rusiyada “öz maraqlarına uyğun siyasət” yürütməkdə ittiham edən ruslar hər şeyi öz arşınları ilə ölçürlər. Adamdan soruşarlar, soğan yeməmisən için niyə göynəyir? Bir də, deyiblər, xain xoflu olar… Özləri SSRI dövründə başqa xalqlar üzərində hegemon olduqlarından, indi də dolayı yolla keçmiş sovet respublikalarında nüfuzlarını bərpa etməyə çalışdıqlarından belə təşviş içindədirlər.
Elə isə müstəqil Azərbaycanda və digər Türk dövlətlərində də Rusiyanın maraqlarına xidmət edən rusdilli təşkilatların, tədrisin rus dilində aparıldığı məktəblərin fəaliyyətinə, mədəni-kütləvi tədbirlərin keçirilməsinə son verilməlidir. Məsələn, Azərbaycanın dövlət televiziyasında rus dilində yayımlanan “Çto? Qde? Koqda?” intellektual oyunu postsovet məkanında rus dilini zor gücünə yaşatmağa – ruslaşdırma siyasətinə xidmət etmirmi? Yaxud ruslar “Türkviziya” mahnı yarışmasını özlərinə təhlükə görürlərsə, o zaman Türk respublikaları da “Slavyan bazarı” vokal yarışmasına niyə qatılmalıdırlar?
Əvvəllər də yazmışdıq, “Türkviziya” mahnı yarışması Türk dünyasının bir araya gətirilməsi yolunda TÜRKSOY-un çox böyük, həm də müasir zamanla ayaqlaşan addımlarından biridir. Bu, elə Rusiya kimi dövlətlərin ucbatından yüz illər bir-birindən ayrı düşmüş Türk xalqlarının təbii haqqıdır. Milli özünüdərkə aparan bu kimi layihələr, əlbəttə, imperiya ehtirası ilə yaşayanlarda xof yaratmalı idi… Deməli, çoxdan narahat imişlər və əllərinə bəhanə düşmüşkən bu “təhlükə”ni də adlamaq qərarına gəliblər. Əslində isə bu, Türk xalqlarına basqı və xalqların hüquqları ilə bağlı beynəlxalq məsələdir. Odur ki, problemi beynəlxalq səviyyədə qaldırmaq və ona hüquqi və siyasi qiymət vermək gərəkir.
Beləliklə, bu ilin dekabrında üçüncü dəfə keçiriləcək “Türkviziya” mahnı yarışmasına Rusiya Federasiyasındakı Türk respublikalarının təmsilçiləri qatıla bilməyəcəklər. Xatırladırıq, ilk dəfə 2013-cü ildə Türkiyədə baş tutan bu yarışma 2014-cü ildə isə məhz Rusiyanın subyekti olan Tatarıstanda keçirilmişdi. Bu yarışma ilə bağlı ilk insident də elə Rusiyada yaşanmışdı; o zaman Kazan şəhərində təşkil olunan “Türkviziya”ya Şimali Kipr Türk Respublikasının təmsilçisi buraxılmamışdı. Rusiya tərəfi Yunan Kipri ilə problem yaranmasın deyə siyasi bir qərar vermişdi.
Rusiya ilə yanaşı, onun müttəfiqi Iran Islam Respublikası da “Türkviziya”nın Türk dünyasında milli özünüdərkin inkişafına əlavə impuls verəcəyindən ehtiyatlanır. Ötən il bu yarışmaya Irandan qatılan təbrizli müğənninin ölkəsinə qayıtdıqdan sonra təzyiqlərlə üzləşməsi bunu təsdiqləyir. Iran 2014-cü ildə “Türkviziya”da ilk dəfə təmsil olunurdu. Onu da xatırladaq ki, yarandığı ilk illərdə TMB telekanalında Güney Azərbaycan (Iran) musiqiçilərinin də klipləri verildiyi halda, bir müddət sonra dayandırıldı…
Hələ iki il ərzində keçirilən “Türkviziya” mahnı yarışmasına artıq Rusiya və Iran qısqanclıqla yanaşır və dözümsüzlük nümayiş etdirirlər. Əsrlərdir həmin ölkələrdə Türk xalqlarının hüquqları pozulur, biz isə dözürük… Amma XXI əsr Türk əsridir deyiblər. Əbülfəz Elçibəyin sözlərilə ifadə etsək, Türkün küləyi əsməyə başladı və bunun önünə artıq kimsə keçə bilməz.
Şövkət Məmməd