Məhbəsdə yaşayan ölkə

saadet-cahangir-koseSəadət Cahangir

Yaxın günlərdə Türkiyənin ünlü fikir adamı Ilber Ortaylının belə bir deyiminə rast gəldim – “təsadüfən həyatda qalanların ölkəsi”. O anda “tam da bizim üçün deyib” fikri keçdi içimdən. Yəqin getdikcə hər kəs bu ifadənin həqiqətə daha çox yaxınlaşdığını hiss edir özlüyündə. Hər kəs gündəlik dəyişən yaşam şərtlərinin ağırlığından, azad düşüncə daşıyıcılarına qarşı yönələn basqılardan, ağılalmaz zorakılıq və qadağalardan təsadüfi həyatda qaldığını daha artıq anlamağa başlayır hər halda. Yəqin hər kəs anlamağa başlayır ki, bu ölkədə insan həyatını sığortalayacaq, güvənə alacaq, ona təminat verəcək heç bir əsas yoxdur. Hər şey bir tükdən, bir təsadüfdən asılıdır, həyatda qalma imkanları belə. Hər şey bir himə bənddir və kiçicik bir toxunuşdan insan həyatının altını-üstünə çevirməyə yetər. Biz ölkənin yolları demokratiyaya, hüquqi cəmiyyətə, insan azadlığına aparsın deyə çırpındıqca, yollar cığırından çıxarılıb Kürdəxanıya, Şüvəlana, Qobustana doğru sürüklənir. Hamımız bir məhbəs içində keçinib gedirik beləcə, deyəsən taleyimizdəki az-azacıq fərqlər ayırır ancaq bizi…

Bir də məsafələr ayırır. Ən ağrılı tərəfi budur, əslində. Bu gün ağlını, düşüncəsini, əməyini, işini cəmiyyətin inkişafına həsr edə biləcək dəyərli insanlarımız dörd divar arasına qapanıb qalıb. O insanlar ki, orada saxlandıqları zamanı azadlıqda qalsaydılar, nə qədər böyük işlər görmüş olacaqdılar. Nə çox günahsız adamın haqqını müdafiə edəcək, nə çox qanunsuz əməllərin üstünü açacaq, nə çox siyasi proseslərə töhfə verəcəkdilər. Söz vaxtına çəkər elə. Məşhur araşdırmaçı – jurnalist Xədicə Ismayılın həbsindən bir il ötür. Bu bir ildə onun təcridxanada saxlanmasından Azərbaycan cəmiyyəti azmı uduzdu? Onun sözünün, səsinin, fikrinin yeri görünmürmü bu gün tamamilə bozlaşan media aləmində? Nə dəyişib ki, bir qələm sahibi olaraq Xədicənin prinsiplərində, baxışlarında və qətiyyətində bu zaman arasında? Heç nə dəyişməyib. Biz şüşə qəfəsdən, dəmir barmaqlıqlar arasından belə yenə onun pozitiv, cəsur mesajlarını, inad və ötkəmliklə “yola davam” çağırışını eşidirik. Anası Elmira xanımın insanı heyran buraxan davranışı və qüruru stimul verir Xədicələrin haqlı mübarizəsinə inanan bütün insanlara. Adını çəksəm, böyük bir siyahı yaranar. Çəkməsəm də bilsinlər ki, bu ölkəni candan sevən hər kəs onlara sözün həqiqi mənasında minnətdardır. Tarixin bu ağır sınaqlarından çıxdığınıza, əyilmədiyinizə, ideya və prinsiplərinə sadiq qaldığınıza, böyük bir nümunə yaratdığınıza görə var olun, dəyərli insanlar! Bu gün aramızdakı fərq bizim hərəkət trayektoriyamızın nisbətən geniş olmasıdır, sadəcə. Başqa hansı həqiqi azadlıqdan söhbət gedə bilər ki? Hamımız məhbəsdə yaşayan bir ölkənin insanlarıyıq sonunda…

Məkan məfhumu bir məhbəs anlayışı ilə assosiasiya olunursa, o zaman fərq yalnız məhbusluğun cəza şərtləri ilə müəyyən edilə bilər, demək ki. Bu gün cəmiyyət üçün yüksək dərəcədə faydalı olan onlarla insanımızın qapalı təcridxana şəraitinə həbs edilməyindən itirən bizlərik, şübhəsiz. Düşüncələrimiz nə qədər yaxın və bənzər olsa da, arada fəaliyyətə əngəl olan zəncirlər var. Hansı ki, bir arada olmaq, bərabər çalışmaq və işləmək nə çox xeyir verə bilərdi bu ölkəyə. O insanlarımızın oğurlanmış illəri bu ölkənin oğurlanmış illəridir, əslində. O illəri biz nə qədər məsafə qət edib irəli gedə bilərdik. Amma indi açıq-aşkardır ki, məqsəd bu rejimi yaratmaqla elə irəli doğru hərəkətin qarşısını almağa hesablanıb. Hərəkətin açarı o məhbəs rejimini dəyişməkdir,  sonra qapılar öz-özünə açılacaq.