Hökumətdən Nardaranla bağlı qətiyyət tələb edənlər…

eli-abbasov-eldar-mahmudov2Eldar Mahmudovun, Əli Abbasovun cəzalandırılmasını niyə tələb edə bilmir?

Ölkədə əsas müzakirə mövzusu hələ də Nardarandır. Rəsmi təbliğat Nardaran əməliyyatını elə təqdim edir ki, sanki uğurlu əməliyyat nəticəsində Qarabağ azad edilib. Təbii ki, biz Nardaranda baş verənlərə müxtəlif aspektlərdən münasibət bildirmişik. Amma hər ötən gün qeyri-səmimiliyin, riyakarlığın müxtəlif formaları ilə üz-üzə qalırıq.

Belə ki, Nardaranda baş verənlərdən sonra özünü vətənpərvər, dövlətçilk sevdalısı kimi təqdim edənlər yenidən peyda olub. Müxtəlif təşkilatlar kəskin bəyanatlarla çıxış edir və Nardaran əməliyyatında həbs olunanlara qarşı ağır cəza tələbində bulunurlar. Qafqaz Müsəlmanları Idarəsindən tutmuş, hansısa gənclər təşkilatına qədər hər kəs hakimiyyətdən bu məsələdə qətiyyət göstərməsini və zərrə qədər güzəşt etməməsini xahiş edir.

Guya, Nardarandakı qanunsuzluq, dövlətçiliyi təhdid edən fəaliyyət, dindarların çağırışları bu adamları narahat edirmiş.

Bəs, bu adamlar mandat alverinin görüntüləri yayılanda, Qarabağ qazisi məmur özbaşınalığına görə intihar edəndə, xalqı təhqir etmiş Jirinovski Bakıda hörmətli qonaq kimi qarşılananda niyə susurdular?

MTN-də baş verənlər hər kəsi şoka salıb. Dövlətin təhlükəsizliyinə təminat verməli olan struktur təhlükə yuvasına çevrilib. Yüzlərlə insan MTN-in yüksək çinli məmurlarının güdazına gedib, sahibkarlara zülm olunub, ölkənin milyardları talan edilib və s.

Bu gün Tale Bağırzadəyə ağır cəza tələb edənlər Eldar Mahmudovun həbsi üçün niyə prezidentə müraciət etmirlər? Rabitə Nazirliyində 100 milyonların mənimsənildiyi ortaya çıxıb. Əli Abbasovun məsuliyyətə cəlb edilməsini niyə israrla tələb etmirlər?

Axı, Tale Bağırzadənin hər hansı cinayəti təsdiqini tapmayıb. Bu adam nə insan öldürüb, nə korrupsiya ilə məşğul olub, nə dövlət çevrilişi etmək istədiyinə dair hər hansı fakt var. Tale Bağırzadə sadəcə olaraq bu hakimiyyəti tənqid edib. Bəzi “Allah adamları”ndan fərqli olaraq, “Allahu Əkbər” deyib, hökumətin böyüklüyünü qəbul etməyib.

Birdə ki, hökumətin belə təbliğatı təkcə Nardaranla bağlı olmayıb. Ismayıllıda günahsız həbs olunanları, Mingəçevirə qoşun yeridilməsini, Quba etirazlarını, Binə Ticarət Mərkəzindəki sahibkarların aksiyasını da unutmamışıq. Bütün bu hadisələr zamanı da etiraz edən vətəndaşları “sabitliyi pozanlar”, “xuliqanlar”, “ cinayətkarlar” kimi təqdim etmədilərmi?

Demək istəyirik ki, Qafqaz Müsəlmanları Idarəsi və Tale Bağırzadənin cəzalandırılmasını tələb edən digər qurumlar, həqiqəti çox gözəl bilirlər.

Sadəcə hökumətin sifarişi əsasında belə bir kampaniyaçılıq başlayıb və bu adamlar hökumətin qorxu, xof yaratmaq siyasətinə vasitəçilik edirlər.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu ölkədə Nardaran hadisələrindən miqyasca 10 dəfələrlə böyük hadisələr baş verib. Və həmişə də bu gün bəyanat səsləndirənlər dövlətin yox, hökumətin marağından çıxış ediblər.

Digər tərəfdən, hakimiyyətin Nardarandan xoxan düzəltmək siyasəti də alınmadı. Çünki, Nardaran camaatı müqavimət göstərmədi, təmkinlə davrandı. Yəni kəndə böyük ordu yeridilməsinə əsas olmadığı ortaya çıxdı. Hökumət isə əməliyyatın zəruriliyinə haqq qazandırmaq üçün evlərdən balta, bıçaq çıxarmağa başladı. Guya, balta, bıçaq saxlamaq cinayət imiş.

Bir sözlə, bu məsələdə özünü dövlətçilik aşiqi kimi göstərənlər cəmiyyətdə bir daha ifşa oldu. Dünənə qədər moizələrində zülmlə mübarizədən danışanlar, şər-böhtanın böyük günah olduğunu söyləyənlər, teleməkanın ulduzuna çevrildilər və Tale Bağırzadəyə “terrorçu” damğası yapışdırdılar. Hansıki, Tale həbs olunana qədər birlikdə tədbirlərdə iştirak edir, yetimlər evinə sovqat aparırdılar.

Bir daha aydın oldu ki, bu “bəyanat dəstəsi”nin dövlət və millət dərdi yoxdur. Əli qana batmış cinayətkar hökumətin himayəsindədirsə, bu adamlar susacaq. Amma haqqı deyən bir müxalifətçi şərlənəndə hamısı “cəsarət” sahibinə çevrilirlər.

Samir