Yanan platformadan acı xəbər: 30 neftçi itkin düşdü FOTO VİDEO

neft-yangin4Dekabrın 4-ü saat 18 radələrində “Günəşli” neft yatağının 10-cu platformasında qaz sızması nəticəsində güclü yanğın baş verib. Yanğınla bağlı xəbərləri təqdim edirik. Ən yeni xəbər üstə olandır.

Mərkəzi Neftçilər Xəstəxanasına 30 yaralı gətirilib.

Bu barədə ans-ə xəstəxananın baş direktorunun müavini Nadir Mehdiyev məlumat verib. Onun sözlərinə görə, yaralı neftçilərdən 22-si ambulator, 7-si isə stasionar müalicəyə götürülüb.

N.Mehdiyev bildirdi ki, yaralılardan bəziləri kəllə-beyin travması alıb.

Həkimin sözlərinə görə, 7 nəfər əməliyyat olunacaq. Onlardan artıq biri əməliyyat masasındadır. Nadir mehdiyev qeyd edib ki, yaralılardan heç birinin həyati təhlükəsi yoxdur.

6 yaralı aşağıdakılardır:

1. Mərdan Rəcəbov
2. Allahverdi Məmmədov
3. Rəşid Hüseynov
4. Mais Abbasov
5. Məlahət Əliyeva
6. Ləman Orucova

Daha bir yaralı Bəxtiyar Ələkbərov isə Respublika Yanıq Mərkəzinə aparılıb.

“Günəşli” yatağındakı baş vermiş qəza ilə əlaqədar SOCAR, FHN və Respublika Baş Prokurorluğu birgə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, respublikamızda hava şəraitinin kəskin dəyişməsi dənizdə neft-qaz əməliyyatlarının həyata keçirilməsində ciddi çətinliklər yaradıb. Dekabrın 4-də şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olub. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənmiş, dalğaların hündürlüyü 9-10 metrə çatıb.

Saat 17.40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdır. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın hələ davam edir. Ehtimal olunur ki, hazırda davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib.

Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minmiş və qayıqları aşağı buraxmışlar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılmışdır. Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin “Günəşli” yatağında növbədə olan “Vixr-9” yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə “Vixr-5” yanğınsöndürən, “Avior” dalğıc, “Samir Quliyev” yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlamışdır. Eyni zamanda, “Azəri-Çıraq-Günəşli” yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş “Topaz-Diqnizi”, “Endeavour”, “Protektor”, “Lənkəran” gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub.


“Samir Quliyev” yedək gəmisi

Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməmişdir. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz etmişdir. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirmişdir. Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılmış və qayıq, içindəki adamlarla birlikdə dənizə düşmüşdür. Yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olmuşdur. Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlandıqdan sonra davam etdirilməsi qərara alınmışdır.

Dekabrın 5-də ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq, ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi əməliyyatı həyata keçirilmişdir. Belə ki, saat 08:02-də Fövqəladə Hallar Nazirliyinə məxsus, göyərtəsində 15 xilasedici olan 2 ədəd helikopter hadisə yerinə cəlb olunmuşdur. Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş edə bilməmiş, 3 və 5 saylı qonşu özüllərə enmişdir. Bir qədər sonra FHN-in həmin xilasedicilərinin bir qrupu “Azal” QSC-yə məxsus helikopterlə, digər qrupu isə “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Müslüm Maqomayev” gəmisi ilə özülə çıxmış, qayıqdan 26 nəfər, özüldən 3 nəfəri təxliyyə edərək həmin gəmiyə götürüblər. Beləliklə, cəmi 32 nəfər təxliyyə edilib, 1 nəfərin isə cəsədi sudan çıxarılıb.

Bu gün səhərdən birinci xilasedici qayıqdan dənizə düşmüş insanların axtarışı akvatoriyada olan SOCAR və “BP” şirkətlərinin, FHN və Dövlət Sərhəd Xidmətinin gəmiləri və FHN helikopterləri vasitəsilə davam etdirilir. Müşahidə zamanı özüldən, təqribən, 50 km cənubda içərisi boş qayıq müəyyən edilmiş, bununla bağlı Dövlət Dəniz Administrasiyası vasitəsilə yaxınlıqdakı gəmilər məlumatlandırılmışdır. SOCAR-ın prezidenti və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hadisənin baş vermə səbəbləri, vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, eyni zamanda zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Komissiyası yaradılmışdır. Komissiyanın rəhbəri Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə təyin olunub. İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə prezidentə mütəmadi məlumat verilir.

Daha dəqiq məlumatlar araşdırmalardan sonra ictimaiyyətə təqdim olunacaq.

***

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə aparılmış xilasetmə tədbirlərinin ilkin nəticələri haqqında məlumat yayılıb.

Qəza baş verəndən indiyə kimi görülmüş genişmiqyaslı yanğınsöndürmə və xilasetmə işləri nəticəsində 32 nəfər təxliyyə olunmuş, bir nəfərin cəsədi tapılmış, onlar dənizdən çıxarılaraq sahilə göndərilmişlər. Xilas edilmiş və axtarışı davam etdirilən SOCAR əməkdaşlarının 5 dekabr saat 19 radələrinə olan siyahıları aşağıda verilir.

Hazırda xilas olunanlar:

1 Məmmədov Allahverdi İmran o. 29.07.1976

2 Mustafayev Elşən Elxan o. 04.11.1983

3 Əliyev Gündüz Əmir o. 11.12.1955

4 Abbasov Mais Məşədibaba o. 14.02.1970

5 Kərimov İlqar Ağali o. 10/091964

6 Əliyeva Məlahət Mirələm q. 01.11.1971

7 Mehdiyev İsmayıl Ələkbər o. 26.04.1976

8 Orucov Rəman Atakişi o. 13.04.1985

9 Şahbazov İltifat Dursun o. 27.02.1959

10 Abbasov Heydər

11 Cabbarov Sadiq

12 Mikayılov Seymur Mirsəməd o. 30.07.1980

13 Məlikov Ehtiram Əliş o. 30.03.1975

14 İbrahimov Rəşid Eynulla o. 15.12.1964

15 Əsgərov Telman Məmmədağa 28.08.1962

16 Hüseynov Rəşid Ağahüseyn o. 04.07.1971

17 Qarayev Coşqun Möhsün o. 20.10.1981

18 Paşayev Əzimzadə İsa o. 04.06.1956

19 Məmmədov Malik Gülhəsən o. 17.07.1958

20 Rəcəbov Mərdan Abid o. 16.12.1959

21 Quliyev Əlirəhman Hüseynağa o. 30.01.1982

22 Dadaşov Ədalət Yusif o. 16.04.1971

23 Babayev Bəhruz Əli Abbas o. 26.07.1977

24 Rüstəmov Tahir Səfər o. 28.01.1963

25 Sarıyev Vidadi Fikrət o. 25.02.1981

26 Alanurov Xayyam Bahlul 02.12.1984

27 Cəfərov Faiq Əbdülhüseyn o. 13.04.1973

28 Əliyev Ənvər Əmiraslan o. 27.01.1968

29 Yusibov Roman Yaşaroviç 20.03.1985

30 Yusifov Mahal Söhrab o. 16.04.1970

31 Əhmədov Asif Xavər o. 23.06.1985

32 Tarverdiyev Kamran Takıb o. 23.06.1971

33 Ələkbərov Bəxtiyar Söhrab o. 29.06.1962

Axtarışı davam etdirilənlər:

1 Qasımov İman Şura o. 01.12.1967

2 Qasımov Mübariz Dilqəm o. 21.01.1958

3 Quliyev Fəxrəddin Xancan o. 05.01.1957

4 Rzaxanov Edik Rivazin o. 15.01.1983

5 Babazadə Tural Fətəli o. 01.09.1993

6 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953

7 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971

8 Qasımov Bayram Mirzəağa o. 20.03.1978

9 Abdullayev Adil Ələkbər o. 19,02,1953

10 Tağıyev Fuad Tahir oğlu 23.02.1981

11 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954

12 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973

13 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978

14 Niyazov Seyfəddin Abil o. 09.02.1968

15 Babayev Mikayıl İsmayıl o. 06.11.1963

16 İskəndərov İnqilab Osman o. 29.11.1957

17 Mahmudov Ağa İzzət o. 24.03.1968

18 Mayborda Oleq Akimoviç 21.11.1971

19 Mayılov Samir Cahangir o. 07.03.1984

20 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962

21 İbrahimov Xalid Bəşir o. 12.08.1971

22 Həsənov Zaur Vahid o. 24.12.1975

23 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967

24 Hüseynov Bəhlul Sirac o. 25.11.1969

25 İsgəndərov Habil Tağı o. 05.03.1965

26 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981

27 Həsənov Ramiz Nüsrəddin o. 02.08.1965

28 Xəlilov Zaur Arif o. 15.09.1975

29 Sahmarov Sahib Güloğlan o. 02.08.1973

30 Əliyev Əyyub Xəlil o. 22.07.1973

***

Xəzər dənizindəki yanğından xilas edilən 7 nəfər xəsarət alan neftçi Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Məlumatı xəstəxanadan təsdiqləyiblər.
“Günəşli” dəniz yatağında baş vermiş yanğında 29-30 nəfərin itkin düşdüyü bildirilir. 32 nəfər xilas edilib, 1 nəfərin isə meyiti çıxarılıb

***

Yanan platformadakı neftçilərin Zığ limanına götiriləcəyi deyilmişdi. Buna görə də neftçilərin yaxınları və ailə üzvləri Zığ limanına toplaşıblar. Lakin onlar qəfildən xəbər tutublar ki, platformadan gətirilənlər xəstəxanalara aparılır. Limana toplaşanlar maşınların qarşısını kəsməyə çalışıblar. Məlumatı hadisə yerində olan jurnalist İzolda Ağayeva feysbuk səhifəsində paylaşıb.

“Zig limanındayıq. Ailələr təbii olaraq, bizə hücum edir. Yalan yazırsız deyirlər. SOCAR rəsmilərindən heç kim yoxdur burda. İnsanlar ölülərini və yaralılarını gözləyirlər. Amma birdən-birə onlara “xəstəxanaya gedin” deyib, yaralıları təcili yardımlarla apardılar. Ailələr SOCAR-ın və təcili yardım maşınlarının qaısını kəsdilər. Maşınlar yoluna davam etdi. Ailələr kameraya danışmırlar. Səviyyəsiz jurnalistlər ucbatından jurnalistə inam qalmayıb. Hamınız satılmısız deyirlər. Ölən yoxdur yazırsız deyirlər. Amma bizimkilər ölüb deyə fəryad edirlər. İçi parçalanır insanın. Xəstəxanaya gedirik”, – deyə jurnalist qeyd edib. Lakin o, hansı xəstəxanadan söhbət getdiyini yazmayıb.

***

“Günəşli” yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə xilasetmə və axtarış tədbirləri davam etdirilir.

Hadisə baş verən zaman özüldə 63 nəfər olub. Onların böyük əksəriyyəti hadisə zamanı ehtiyat qayıqlara toplaşıblar. Hadisə ilə bağlı “Azneft” İstehsalat Birliyində yaradılmış operativ qərargahdan verilən məlumata görə, indiyə qədər qayıqlardan və platformadan 32 nəfər xilas olunub, bir nəfər isə həlak olub (apa).

https://www.youtube.com/watch?v=uvgvz8uDh2I

Günəşli yatağının 10-cu dərin dənz özülündə baş verən yanğından xilas olanlar hazırda Zığ limanına gətirilir. Bu barədə xilas olanlardan birinin – Bəxtiyar Zöhrab oğlu Ələkbərovun qohumu Meydan TV-yə bildirib. Bəxtiyar Ələkbərovun 54 yaşı var, əslən İsmayıllı rayonundandır, platformada operator vəzifəsində çalışır.

Qohumunun sözlərinə görə, Bəxtiyar Ələkbərov yanıq xəsarətləri alıb: “Özü ağlayırdı, danışa bilmirdi, ancaq onu deyə bildi ki, yoldaşlarım batdılar. Başqa platformada da qohumlarımız işləyir. Bir də onlardan xəbərsiz olduğunu dedi. Yanındakı adamlardan öyrəndik ki, yanıb. Vəziyyətinin necə olduğunu gələndən sonra biləcəyik”.

Neftçilərin yaxınları Zığ limanı və  “Azneft” İB-də yaradılan qərargahla əlaqə yaradırlar. Onlara verilən məlumata görə, platformaya 2 xilasedici gəmi yaxınlaşıb, onların birinin içərisində 38, digərində 26 nəfər olub. Külək 38 nəfərin olduğu gəmini aşırıb. Bu zaman 2 nəfər platformadakı dəmir sütunlara dırmaşaraq xilas ola bilib. 4 nəfər yaralanıb, 1 nəfərin meyidi isə sudan çıxarılıb. Qalanlarının taleyi haqda məlumat yoxdur. 26 nəfərin olduğu gəmini isə külək dəmir dayaqlara çırpdığından xilas ola biliblər. Yalnız 2 nəfər ürək tutmasından dünyasını dəyişib.

Xilas olunanlar arasında qardaşının olduğunu deyən Elşən adlı şəxs də Meydan TV-yə onun yaralandığını söyləyib: “Hələ ətraflı məlumatımız yoxdur, ona görə də kimliyi haqqında bildirmək istəmirəm. Gəlsin, xəstəxanaya yerləşdirək, sonra danışarıq”.

Xəsarət alanların yaxınları xilasedicilərin rəhbəri kimi təqdim olunan Mahal adlı şəxsdən məlumat alırmışlar. Lakin 2 saata yaxındır ki, həmin şəxsin telefonu da sönüb: “Elşad adlı xilasedicinin telefonu vasitəsilə xəbər ala bilirdik. Artıq onlara zəng çatmır. Ola bilsin telefonun enerjisi bitib. Hələ gəmi çatmayıb, ona görə də yaralıların hansı vəziyyətdə olduğunu bilmirik” – deyə Elşən bildirib.

Azərbaycan Dövlət Neft Şirkətindən deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

“Azneft” İB-də yaradılan qərargahdan isə APA-ya bildirilib ki, yanğın baş verən platformada qalan işçilər sağ-salamatdırlar.

Həmçinin qərargahdan yaxınlarının taleyi ilə maraqlanan şəxslərdən birinə bildirilib ki, Neft Daşlarında batan 3 nəfərdən birinin meyidi tapılıb. Həmin şəxsin adı Bəhramdır.

Yanan platformadan xilas edilənlərin sayı 32 nəfərə çatıb. Məlumatı ARDNŞ mətbuat xidməti yayıb.

***

NHMT sədri Mirvari Qəhrəmanlı yanan platformada xilasetmə işləri ilə bağlı əldə etdiyi məlumatı paylaşıb.

“Yazdığım məlumatlar mənə göndərilən info əsasındadir. Başqa dəqiqləşdirmə imkanım olmur: Müslüm Moqamayev gəmisi ilə 18 nəfər xilas olunub. Qayıqdan insanları gəmiyə endirən zaman, rezin qayığın gəmi gövdəsinə dəyməsi nəticəsində qayıq partlayıb və 4 nəfər dənizə düşüb”, – deyə o, yazıb.

***

ANS-in yaydığı son məlumata görə, yanan platformada estakadada asılmış birinci xilasedici qayıqda olanların hamısı xilas edilib. Onların sayı 26 nəfərdir. 

Qalan işçilərin xilası və axtarışı üzrə əməliyyatlar davam etdirilir.

***

ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədov ANS-ə deyib ki, yanan platformada FHN əməkdaşları xilasetmə əməliyyatlarına başlayıblar.

SOCAR və FHN-nin rəhbərliyi olan helikopter də platformaya enə bilib.

Son məlumata görə, 9 nəfər neftçi platformadan xilas edilib, onlardan biri qadındır.

Xilasetmə işləri davam edir.

***

Mirvari Qəhrəmanlı aldığı daha bir üzücü xəbəri feysbuk səhifəsində paylaşıb:

“Daha bir məlumat: 10cu blokdan aldığım məlumata görə, 84 nəfər olub… 3 nəfər yaşayış blokunda sağdı. 36 nəfərlik qayıq cırılıb, oradan 4 nəfər xilas edə biliblər, onun da 1-i gəmidə rəhmətə gedib. 32 nəfər itkin duşub. İkinci qayıqda 46 nəfər var. Hələ də qayıq sallaq vəziyyətdə svaylara çırpıla-çırpıla qalıb. Qayıqlar estakadaya bağlı vəziyyətdədirlər”.

***

Yanğın hazırda davam edir. (Video Turxan Qarışqanın fb səhifəsindən götürülüb).

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı feysbuk səhifəsində yazır ki, qayıqlardan birinin partlaması nəticəsində 35 və ya 55 nəfərin itkin düşdüyü haqda iki məlumat alıb, dəqiqləşdirmə aparmağa çalışır.

O, həmçinin FHN xilasedicilərinin platformaya düşə bilibdiyini, yanğını söndürülməyə başladıqlarını qeyd edib.

***

“Yanan özüldən xilas edilən şəxslər hazırda qayıqlardadır. Həmin qayıqlar isə zəncirlərlə yanan estakadaya bərkidilib”.

Bunu ANS PRESS-ə “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov deyib.

Onun sözlərinə görə, nefçilər dənizdən 4-5 metr yüksəklikdədirlər və estakadaya bərkidilmiş qayıqlarda kömək gözləyirlər. Ancaq yanğın şiddətli olduğu üçün gəmilər onlara yaxınlaşa bilmir.

Hazırda xilasetmə əməliyyatlarına müvafiq qurumların bütün şəxsi heyəti cəlb edilib.

***

SOCAR və “Azneft” İstehsalat Birliyinin rəhbərliyi, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər. Bunu “Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan deyiblər.

Qərargahdan qeyd ediblər ki, yataqda yanğın davam edir, çünki güclü külək və yüksək dalğalar səbəbindən onun söndürülməsi çətinləşir. İnsan itkisi yoxdur, bütün personal dənizdə xilasetmə qayıqlarındadır. Personalın təxliyyə edilməsi üzrə işlər aparılır.

***

SOCAR prezidenti Rövnəq Abdullayev bu gün səhər saatlarında hadisə yerində olub. Bu barədə SOCAR-ın facebook səhifəsində məlumat verilib.

Məlumata görə, özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb və 42 nəfər işçi yanğın baş verən ərazidən təxliyə olunublar.

Təsdiqlənməmiş digər məlumatlara görə isə yanğın nəticəsində ölənlər və yaralananlar var.

Foto ANS Press-dən götürülüb

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı dekabrın 5-də saat 11:20 radələrində özünün feysbuk səhifəsində yanğınla bağlı yeni məlumat paylaşıb. məlumatda deyilir:

“Mənə daxil olan məlumatda (dəqiqləşdirməyə çalışıram); xilasedici qayıqlardan (rezin qayıq) birinin içində 36 nəfər(bəziləri 26 nəfər deyir) olub.Qayıq ağırlığa dözməyib partlayıb. 36 nəfərdən 2-si xilas ola bilsə də, (birinin adı Asifdir-qazmaçı) qalanları haqqında məlumat yoxdur. Daha bir məlumatda deyilir ki, 5 nəfəri gəmi götürə bilib. Onlardan 4-ü ağır yaralıdır”.

Fotonu fb-də Fuad Aghayev adlı istifadəçi paylaşıb

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı özünün feysbuk səhifəsində dekabrın 5-nə keçən gecə, saat 1.30 radələrində məlumat paylaşıb ki, yanan platformadakı işçilər təhlükəsiz yerə çıxa bilməyiblər. Onlar az tutumlu qayıqlarda platforma ərazisində gözləyirlər. Onları başqa yerə köçürmək mümkün olmur. Onları xilas etmək üçün əraziyə nə gəmi, nə də vertolyot yaxınlaşa bilir. Yaralı və ya tələfat barəsində isə heç bir məlumat yoxdur. M.Qəhrəmanlı qeydlərində platformadakı işçilərdən birinin ailəsinə istinad edib, lakin ad açıqlamayıb.

***

“Günəşli” yatağındakı yanğını söndürmək üçün əraziyə göndərülən gəmilər artıq alovu söndürməyə başlayıb. Yanğın baş verən ərazidən xilas edilən işçilər isə yaxınlıqda olan platformalara yerləşdirilir. Bunları ANS PRESS-ə “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov deyib. Onun sözlərinə görə, dənizdə güclü dalğalar olduğundan əraziyə göndərilən gəmilər yanğın baş verən platformaya yaxınlaşmaqda çətinlik çəkir.

Qurbanov qeyd edib ki, alovun söndürülməsi ilə “BP” və SOCAR-ın yanğın söndürən gəmiləri və FHN xususi texnikaları məşguldur. Lakin küləkli havaya görə yanğının söndürülməsində çətinlik yaşanır. Hətta havadan dəstək verən helikopterlər də çətinlik çəkir.

***

ARDNŞ prezidenti Rövnəq Abdullayev ANS-ə deyib ki, yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür. Yanğın nəticəsində heç bir insan itkisi yoxdur.

***

“Yanğın söndürülmək üzrədir. İşçilərin hamısı xilas edilib”. Bunu ANS PRESS-ə “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov açıqlama verib.

Onun sözlərinə görə, işçilərdən heç kim xəsarət almayıb: “Yanğın baş verən platformada 42 nəfərə yaxın işçi olub. Həmin işçilər kiçik qayıqlar vasitəsilə təhlükəli ərazidən uzaqlaşdırılıb. Külək və 8 metrə yaxın dalğa olduğundan gəmilər hadisə yerinə yaxınlaşmaqda çətinlik çəkir”.

İ.Qurbanov bildirib ki, FHN-nin helikopterləri hadisə yerindədir.

***

Yanğın barədə ilk məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı feysbuk səhifəsində paylaşıb. O qeyd edib ki, platformada 84 nəfər çalışır. Yanğınsındürən gəmi platformaya yan ala bilməsə də, işçilər kiçik qayıqlarla xilas olmağa çalışırlar.

Yanğınla əlaqədar SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.

Bir qədər sonra isə SOCAR rəsmi məlumat yayıb. Məlumatda deyilir:

“Dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olmuşdur. Ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılmışdır. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasisi ilə təxliyyə işləri həyata keçirilir. Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb“.

Sosial şəbəkələrdəki müzakirələrdə məlumatlar paylaşılır ki, platformanın xeyli hissəsi yanıb. İşçilərlə əlaqə kəsilib. İşçilərin kiçik qayıqlarla xilas olmasını dənizdəki güclü dalğalar çətinləşdirir.

İşçilərin platformadakı vertalyot meydançasına yığıldığını, amma gəmilərin onalrı götürmək üçün platformaya yan ala bilmədiyi də deyilir.

Yanğından bir görüntü (Foto M.Qəhrəmanlının fb səhifəsindən götürülüb)